Qara Qarayev: "Boyum balacadısa, məni vurmalısan?" MÜSAHİBƏ

20:51 - 19 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” öz meydanında “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın futbolçusu Qara Qarayev əməkdaşımızın suallarını cavablanıdırb:  

 

- Məğlubiyyətin səbəbi nədir?

- Səbəb yoxdur. Məğlubiyyətin səbəbini baş məşqçimiz oyunu analiz etdikdən sonra deyəcək. Düşünmürəm ki, böyük bir səhvimiz oldu. Sadəcə, bu oyundu, məğlub da ola bilərik. Bu gün həqiqətən də “Qəbələ” yaxşı idi. Deməzdim ki, bizi bütün oyun boyu izlədilər. Sadəcə, iki qol epizodunun hər ikisindən istifadə edə  bildilər.

 

- Kintananın yoxluğu dəhşətli dərəcədə hiss olunurdu. Xüsusən də son ötürmələrdə...

- Kintana bizim əsas heyət üzvümüzdü. Onu itirmək həqiqətən bəzi problemlər yaradıb. Ancaq məğlubiyyətimizi onun üzərinə atmaq istəməzdim. Çünki komandamızda o işi görə biləcək futbolçular yetərincədir.

 

- Subotiçlə aranızda nəsə dialoq oldu. Deyəsən, sənə dedi ki, boyun balacadır...

- Bəli, mənə elə dedi. Mən də dedim ki, boyum balacadısa, məni vurmalısan? Ancaq belə məsələlərin olması xoş hal deyil.

 

- Hakim idarəçiliyi haqda nə deyə bilərsən?

- Danışılacaq heç yoxdur. Artıq oyun geridə qalıb. Sonra danışdığımız məsələlərdən də bir sual çıxır ki, bu da bizim ziyanımıza olur. Bu oyun artıq bizim üçün bitdi, qarşıdakı oyunlara köklənəcəyik.

 

- Azərbaycan çempionatında çox nadir hallarda belə atmosfer olur. Özünü necə hiss edirdin?

- Son dövrlərdə belə atmosfer görməmişdim. Mənim üçün təəccüblü oldu. Belə oyunların sayı nə qədər çox olsa, o qədər də yaxşıdır.

 

- Çempionatın sonuna 8 tur qalıb və “Qəbələ” sona qədər sizinlə mübarizə aparacaq. Bu rəqabət sizə Avrokuboklarda necə təsir edəcək?

- Sözsüz ki, bunun təsiri olacaq. Dediyim kimi, belə oyunların sayı çox olsa, bizim gücümüz daha da artacaq. Əvvəllər 4-5 komanda arasında rəqabət gedirdi. Belə rəqabətin futbolumuza böyük xeyri dəyə bilər.

 

- “Qarabağ”ın bu mövsüm çempion olmaması sizin üçün faciə sayıla bilərmi?

- Düşünmürəm. Çünki biz hər çempion olacağıq deyə bir şey yoxdur. Dünyanın ən nəhəng komandaları belə buna köklənmirlər. Amma çempion olmasaq, şəxsi uğur baxımından sıxıntı yaşaya bilərik.

Xəbər xətti