Rəşad Sadiqov: "Qarabağ" – "Qəbələ" matçı "böyük oyun"dan geri qalmır" MÜSAHİBƏ

00:15 - 20 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" öz meydanında "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər ki, oyundan sonra "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov fikirlərini bildirib: 

 

- Bu gün yeni mövqedə mübarizə apardın. Fikirlərin necədir?

- Mərkəz müdafiəçisi mövqeyində oynamışdım. Antalya toplanışı zamanı da son müdafiəçi kimi mübarizə aparmışdım. Yeni mövqe olmadığı üçün mənə bir qədər rahat gəldi.

 

- Amma oyunun əvvəlində hiss olunurdu ki, topu qəbul etməkdə çətinlik çəkirsən.

- Başlayanda istər-istəməz həyəcan olur. Özü də belə bir vacib oyunda. Belə oyunda 1 səhv komandaya baha başa gələ bilər. Ona görə istəmirdim ki, səhvim olsun. Startdan dəqiqələr keçdikdən sonra daha rahat oynamağa başladım.

 

- Əvvəllər “Neftçi” – “Xəzər Lənkəran” oyununa maraq böyük idi, indi də “Qarabağ” - “Qəbələ”...

- Bu da böyük oyundu. Hər iki komanda çempionluq üçün mübarizə aparır, hər iki komanda Avropa Liqasının qrupunda oynayıb və  hər iki komandanın çempionluq üçün böyük şansı var. Həqiqətən də oyuna ciddi maraq var idi. Məncə, “Qarabağ” – “Qəbələ” oyunu “böyük oyun”dan heç də geri qalmır.

 

- Meydanda futbolçular arasında ciddi söz-söhbət olmadı. Oyundan öncə bu haqda nəsə danışmışdınız?

- Futbolçularımız arasında danışmışdıq ki, heç bir problem yaratmayaq.  Ancaq futbol oynamaq istəyirdik. Mənə elə gəlir ki, “Qarabağ”da da belə bir şey var, onlar da nəsə problemin olmasını istəmirlər. “Qarabağ”ı hər kəs tanıyır, hamı rəqibin futbolçularına bələddi. Ona görə də sakit bir oyun keçdi.

 

- İlk qolunuz qeydə alınmasaydı, hesab fərqli ola bilərdi?

- Əlbəttə, hər şey ola bilərdi. Qol qeydə alınsaydı da, alınmasaydı da oyun davam edəcəkdi, yenə qollar vurmağa çalışacaqdıq. Çünki bizə yalnız və yalnız qələbə lazım idi.

 

- Qalib gələ bilməsəydiniz nə olacaqdı?

- Qələbə qazandıq və liderlə xallarımızı eyniləşdirdik.Qələbə qazanmasaydıq, çempionluq şansımız bir az azalacaqdı.

 

- Bu il kimi çempion görürsən?

- Kim daha yaxşı oynasa, kim səhv etməsə, çempion olacaq. Çalışacağıq ki, özümüz çempion olaq.

 

- Bu gün Cavid Hüseynov komandanı kapitan kimi meydana çıxarmışdı...

- Əslində, kapitanımız Cavid idi. Mən gözləyirdim ki, formasını tam bərpa etsin və bazubəndi yenidən ona qaytarım. 

Xəbər xətti