Elxan Abdullayev: "5 xal əlimizdən alındı" MÜSAHİBƏ

11:11 - 23 Fevral 2017

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Sportal.az saytına müsahibə verib.

 

-    5 oyuna 8 xal sizi qane etdi?
-    Əlbəttə, 5 oyuna 15 xal da toplaya da bilərdik. Çox təəssüf ki, “Kəpəz”lə oyunda qalib gələ bilmədik. Bir tərəfdən də başa düşürəm ki, bu, yeni komandadır. İstəyirəm ki, xal sayına baxmayım. Əsas olan odur ki, komanda yaxşı oyun nümayiş etdirsin. Belə olan halda xallar özü gələcək. Məncə, yeni komanda üçün yaxşı nəticədir. Bildiyiniz kimi, çox xallar itirmişik. İndi həmin xalları qazanmalıyıq.

 

-    Oyun baxımından komanda sizi razı salır?
-    Müdafiədə düzəliş var. Özünüz də görürsüz. Son iki oyunda qol buraxmamışıq. Əvvəl isə hər oyuna azı 2 qol buraxırdıq. İndi isə sabitlik var. Daha yaxşı olardı ki, hər oyunda qol vuraq.

 

-    Komandaya cəlb olunan legionerlərin oyunu sizi qane edirmi? Hansındansa narazı deyilsiz?

-    Mən onların hamısından razıyam. Çox peşəkardırlar. Onlar peşəkar olmasaydılar, onları komandaya dəvət etməzdim. Daha da yaxşı çıxış edə bilərlər. Çünki bu gün maksimum şəkildə deyillər.

 

-    Qış fasiləsindən sonra 8 xal topladız. Bəs neçə xalınız əlinizdən alındı?

-    Hakimlər tərəfindən əlimizdən 5 xal alındı. Bu mövzu haqda da çox danışmaq istəmirəm. Amma siz soruşursuz, mən də deyirəm. “Qarabağ”la oyunda 2 xalımızı əlimizdən aldılar. Həmin oyunu udmalı idik. “Qəbələ” ilə ən azı heç-heçə olmalı idi. “Kəpəz”lə oyunda penaltimizi versəydilər, rəqibimizi rahat şəkildə məğlub edəcəkdik.

 

-    Növbəti turda rəqibiniz AZAL-dır. AZAL da qış fasiləsindən sonra heyətinə xeyli futbolçu cəlb edib. “Neftçi” AZAL üzərində istənilən qələbəni qazana biləcəkmi?

-    Autsayder və liderə baxmırıq. Biz hər oyuna qələbə üçün çıxmalıyıq.


-    “Neftçi”ni avrokuboklarda görə biləcəyik?

-    Çalışacağıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək. Amma çox çətindi. Rəqiblərimizdən geridəyik. Amma hər şey öz əlimizdədir. Yerdə qalan oyunlarda çox xal toplasaq, avrokuboklara yollana bilərik. Bundan əlavə, Azərbaycan kubokunda da mübarizə aparırıq.


-    Son iki oyunda Maksim Vaylo qapını qorudu. Komandanın aparıcı futbolçularından olan Rəhman Hacıyev isə ehtiyatda qalır.
-    Mən hər zaman demişəm ki, Boban Baykoviç çox təcrübəli qolkiperdir. Nömrə 1 Baykoviçdir. Bu məsələ llimitlə bağlıdır. Legioner limitinə görə qapıda Vayloya şans veririk. Amma bu o demək deyil ki, Vaylo bütün oyunlarda çərçivəni qoruyacaq. O ki qaldı Rəhman Hacıyevə, özünüz bilirsiz ki, qalib heyəti dəyişməzlər. Bunu hamımız bilirik. Elə alındı ki, Rəhman ehtiyata düşdü. Hər şey Rəhman Hacıyevin özündən asılıdır. Nə vaxt görsəm ki, hazırdır, əsas heyətə qaytaracam.

Xəbər xətti