AFFA-nın istədiyi futbolçuya Hakan Çalhanoğlu nümunəsi göstərildi

12:00 - 23 Fevral 2017

AFFA daha bir türk əsilli futbolçunu milliləşdirmək istəsə də, bu, baş tutmayıb. 

 

Sportal.az xəbər verir ki, söhbət Almaniyanın "Ştutqart" klubunun 19 yaşlılardan ibarət komandasında forma geyinən qapıçı Furkan Sakurdan gedir. Əldə etdiyimiz məlumata görə, AFFA rəsmiləri məsələ ilə bağlı futbolçunun atası ilə əlaqə saxlayıblar. 

 

Furkanın atası oğlunun Azərbaycan millisində oynamasına razı olsa da, futbolçunun agenti buna razılıq verməyib. O, futbolçunun atasından işlərinə qarşımamalarını tələb edib və misal olaraq Hakan Çalhanoğlu nümunəsini göstərib.

 

Xatırladaq ki, Hakan Çalhanoğlu 2011-ci ildə "Trabzonspor" klubu ilə müqavilə imzalamaqla bağlı razılıq verib və 100 min avroluq ilkin ödəniş almışdı. Amma 22 yaşlı yarımmüdafiəçi çıxış etdiyi "Karlsrue" klubu ilə müqaviləni uzatmışdı. Futbolçu daha sonra "Hamburq" və "Bayer"ə transfer olmuşdu. Bu səbəbdən "Trabzonspor" 2013-cü ildə FIFA-ya şikayət edib. Çalhanoğlu 4 ay futboldan uzaqlaşdırılıb və “Trabzonspor”a  100 min avro təzminat ödəyib. Futbolçu daha sonra "Trabzonspor"la imzalanan müqavilədə atasının səhvi olduğunu demişdi.

 

Qeyd edək ki, buna qədər heç bir millidə çıxış etməyən Furkan Sakur 2015-ci ilin iyul ayından "Ştutqart"da forma geyinir.

Xəbər xətti