Robert Prosineçkinin "dərin" fəlsəfəsi QEYD

15:06 - 26 Fevral 2017

Bilmirəm buranın suyundandımı belə, yoxsa havasındandı, amma Azərbaycana hansı əcnəbi gəlirsə, bizə oralardakı peşəkarlığı gətirmək əvəzinə, gəlib bizim futboldakılardan daha betər birinə çevrilir.

 

İllərdir əcnəbi “peşəkarların” bizim futbolu barmağına sarıdığını görürük və elə hey üsyan eləyirik belə adamlara qarşı, amma çi fayda? Onların arxasında dayananlar da deyir ki, siz heç nə bilmirsiz. Əcnəbi müəllim deyirsə ki, “qatıq qaradı”, deməli bildiyi bir şey var ki, belə deyir...

 

İndi də millimizin baş məşqçisi Robert Prosineçki olub ağıllı, bu boyda futbol ictimaiyyəti isə səfeh. Hamı deyir ki, Nizami Hacıyev milliyə layiqdi, Prosineçki isə deyir mümkün deyil onun millidə oynaması. Səbəbini də çox bəsit bir cümləylə izah eləyir – “Mənim oyun fəlsəfəmə uyğun deyil”. Bu açıqlamanı eşidəndə adam istəyir desin ki, sənin fəlsəfənə ..... Bu nə təhəri fəlsəfədi ki, səndən başqa heç kim bundan baş aça bilmir. Futbol adamları, məşqçilər, futbolçular, jurnalistlər, azarkeşlər sənin fəlsəfəni anlamırsa, yazıq Nizami Hacıyev necə anlasın? Nizami Hacıyev yox, lap Nizami Gəncəvi də qəbirdən durub gəlsə, bu fəlsəfəni anlaya bilməz!

 

Robert Prosineçkiyə deyən lazımdır ki, belə oyun fəlsəfən varsa, bəs millimizin oyununda onu niyə görmürük? DÇ-2018-in seçmə mərhələsində 7 xal toplamışıq, amma gəl ki, keçirdiyimiz 4 matçın hər biri fəlsəfədən çox qarmaqarışıq oyun tərzinə bənzəyirdi. Yoxsa orada da bir fəlsəfə var idi, biz görə bilmirik? Siz belə davam eləyin, görək bu fəlsəfəylə həm sizin, həm də millimizin sonu nə olacaq...

 

Həmid 

Xəbər xətti