Qəhrəman Əliyev: "Bunu qəbul etmədim və komandadan uzaqlaşdım" MÜSAHİBƏ

00:06 - 27 Fevral 2017

"Şəmkir"lə yollarını ayıran Qəhrəman Əliyev Sportal.az saytına müsahibə verib

 

- İstefanıza səbəb nə oldu?

- Son oyunda komanda yaxşı oynamadı. Bunu götürə bilmədim və istefa verdim. İstefamı da qəbul etdilər. Başqa heç bir səbəb yoxdu.

 

- İlk dövrədə "Turan Tovuz"la oyundan (0 - 1) sonra rəhbərliyin sizi istefaya göndərmək istədiyi deyilirdi. Belə söhbət olub?

- Xeyr. Kim deyirsə, yalan deyir. Elə söhbət olmayıb. Həmin oyunda yaxşı oynamışdıq. Sadəcə, qol vura bilmədik. Rəhbərlik də komandadan razı qalmışdı. Növbəti oyunlara hazırlaşdıq.

 

- "Rəvan"la matçda sanki futbolçular oynamaq istəmirdi. Nə baş vermişdi?

- Futbolçuların hazırlıqları qaydasında idi. Həmin gün 9 əsas futbolçumuz xəstə idi. Qızdırmalı halda oyuna çıxmışdılar. Buna baxmayaraq, onların meydanda mübarizə aparmaması ilə barışmadım. Meydana çıxmısansa, gərək vuruşasan. "Rəvan" super komanda deyil ki, ona uduzasan. Komanda dişsiz oynadı. Mən də bunu qəbul etmədim və komandadan uzaqlaşdım. 

 

- Vaxtilə sizin rəhbərliyinizlə "Şəmkir"də oynayan Badri Kvaratsxeliya komandanı bu vəziyyətdən çıxara biləcək?

- Mən getmişəmsə, kimsə komandanın baş məşqçisi postuna gəlməlidi. Badrinin "Şəmkir"ə gəlməsinə sevindim. Onu tanıyıram. Mənim futbolçum olub. Gözəl insandı, yaxşı məşqçidi. Komanda yad əllərdə deyil. Öz adamlarımızdadı, sevdiyim insandadı. Ona uğurlar arzu edirəm. İstəyirəm ki, "Şəmkir"i arzusuna çatdırsın, Premyer Liqaya yüksəltsin.

 

- Badri Kvaratsxeliya baş məşqçi təyin olunması barədə sizinlə söhbət etdi?

- Bəli, əlaqə saxlayıb, danışmışıq. Heç bir problem yoxdu. Mən sevindim ki, yerimə Badri gəlib. Şəmkirdə böyük hörmətə malikdi. Həm də 10 ilə yaxındı məşqçilik edir, bu sahədə təcrübəsi var. İnşallah "Şəmkir"də böyük uğurlar qazanar.

 

- Təxirə salınmış turun oyunundan sonra "Şəmkir"in səfərdə "Turan Tovuz"la matçı var. Çempionluq mübarizəsi artıq gərginləşir. Sizcə, çempionluq uğrunda neçə komanda mübarizə aparacaq?

- Çempionluq uğrunda hazırda 6 komandanın şansı var. İlk "altılıq"da olan komandaların hər birinin şansı var. Ən şanslı isə 3 komandanı görürəm. Bunlar "Şəmkir", "Zaqatala" və "Səbail"di. Əlbəttə ki, istəyərdim "Şəmkir" çempion olsun.

 

- "Turan Tovuz"u bu siyahıda görmürsüz?

- Yox. Düzdü, onlar hazırda liderdilər. "Turan Tovuz"un ikinci dövrədəki oyunlarını görməmişəm. Digər komandaların oyunlarını gördüyüm üçün bu fikirdəyəm. 6 xal fərqlə liderdilər. Onun da iddiası böyükdü. Amma məndən fikrimi soruşduz, mən də cavab verdim.

Xəbər xətti