Elvin Məmmədov: "Qarşımıza məqsəd qoymuşuq ki, Avropa Liqasına vəsiqə qazanaq" MÜSAHİBƏ

00:00 - 28 Fevral 2017

“Zirə”nin kapitanı Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra Sportal.az-ın suallarını cavablandırıb. 

 

- Bizim üçün önəmli oyun idi. “Sumqayıt” turnir cədvəlində 4-cü pillədə idi. Avropa Liqasına vəsiqə qazanmaq üçün bu matçı qazanmaq vacib idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. “Qəbələ” və “İnter”lə heç-heçə etdik. Bu da bizim 4-cü pilləyə qalxmağımıza mane oldu. “Sumqayıt”la oyunda da qələbə qazanmalı idik və bunu bacardıq. Növbəti oyunlara hazırlaşmalıyıq. Mübarizə sona qədər davam edəcək, arxayınlaşmaq olmaz.


- İlk qolu vurulduqdan sonra komanda fərqi artıra bilərdi, ancaq son nöqtəni qoyan olmadı...
- Artıq neçə matçdır ki, qol vurmaq üçün hər şeyi edirik, amma son anda nəsə çatışmır. Məşqlərdə bunun üzərinə çox çalışırıq. Əvvəlki oyunlara nisbətən, hücumda problemlərimiz yavaş-yavaş düzəlir. Daha çox çalışıb, bu problemləri aradan qaldırmağa çalışacağıq.

 

- Mövsümün sonuna qədər turnir cədvəlində öz mövqeyinizi qoruya biləcəksiniz?
- Qarşıda hələ çətin matçlarımız var, güclü rəqiblərlə qarşılaşacağıq. Qış fasiləsindən sonra oyunlara daha ciddi hazırlaşmağa çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, ən azından 4-cü pillədə möhkəmlənib, Avropa Liqasına vəsiqə qazanaq.

 

- Vacib qələbədən sonra baş məşqçi sizə nələr dedi?
- Oyunu hələ analiz etməmişik, o haqda danışmamışıq. Sadəcə, qələbəyə görə bizi təbrik etdi. Düzdür, oyunda səhvlərimiz də oldu, bəzi qol epizodlarından yararlana bilmədik. Amma bunu daha sonra danışacağıq.

Xəbər xətti