Məhəmməd Mirzəbəyov “İnter”ə qol vursa...

00:39 - 3 Mart 2017

Bu həftə Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, çempionatın lideri “Qəbələ” XXI turda “İnter”lə qarşılaşacaq. Paytaxtda baş tutacaq görüş rəqiblərin 37-ci dueli olacaq. İndiyədək komandalar 34 çempionat və 2 kubok, ümumilikdə isə 36 oyunda üz-üzə gəlib.

 

Əvvəlki qarşılaşmalarda “Qəbələ” 8, “İnter” isə 15 matçda qələbə qazanıb. 13 görüş isə heç-heçə başa çatıb.

 

36 matçda 79 qol qeydə alınıb. “Qəbələ” 29, “İnter 50 dəfə fərqlənib. Bu qarşılaşmaların ən yaxşı bombardirləri Robertas Poşkus, Valter Quqlemon, Petar Zlatinov, Mikel Alvarodur. Onlar hərəyə 4 qol vurublar. Nizami Hacıyevlə Dieqo Martins 3 dəfə sevinib. Onların hamısı “İnter”in formasında fərqləniblər.

 

“Qəbələ”də isə Kənan Kərimov, Vitali Balamestnı, Yannik Kamanan, Deon Barton, Viktor Mendi, Dodo, Aleksey Qay və Aleksey Antonov hərəyə 2 dəfə “İnter”i məyus edib.

 

Vladimir Levin və İbrahima Niasse isə hər komandada 1 qol vurub. Məhəmməd Mirzəbəyov isə “İnter”in heyətində indi çıxış etdiyi “Qəbələ”yə 2 qol vurub. Bu qollar 2014/15 mövsümünün ilk yarısına təsadüf edib.

 

Rəqiblərin çempionatda keçirilən 35-ci matçınadək “İnter” 14, “Qəbələ” 7 qələbə qazanıb. Bakılıların 45, “qırmızı-qaralar”ın 27 qol vurduğu matçlarda 13 heç-heçə də qeydə alınıb.

 

Ümumilikdə isə paytaxt təmsilçisinin əvvəlki ev oyunlardında meydan sahibi 10, qonaqlar 3 qələbə əldə edib. 5 heç-heçənin gerçəkləşdiyi qarşılaşmalarda “Qəbələ” 13 top vurub, 33-nü buraxıb. Amma “qırmızı-qaralar” son 4 səfər matçında cəmi 1 dəfə uduzub. Ümumilikdə isə son 5 matçda “İnter” qələbə qazanmayıb. (gabalafc.az)

Xəbər xətti