Eddi İsrafilov: "Adi səhvlərdən 2 qol buraxdıq"

11:33 - 6 Mart 2017

İspaniya Sequndasında 28-ci turun oyunları çərçivəsində millimizin üzvü Eddi Silvestr Paskual İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “Real Ovyedo”ya 1:2 hesabı ilə uduzub.


Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Ancaq çox çəkməyib ki, baş məşqçi Alvaro Servera Eddinin xidmətinə ehtiyac duyub. Belə ki, mütəxəssis Eddini matçın 31-ci dəqiqəsində, qarşılaşmada “Kadis”in yeganə qoluna imza atmış Servando Sançesin əvəzinə meydana buraxıb. İsrafilovun meydana çıxmasından sonra 2 qol buraxan “Kadis” səfərdən xalsız qayıdıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oyundan sonra fikirlərini bölüşüb: "Ağır oyun oldu. Qələbə üçün gəlsək də, səhvlərimizdən bunu bacarmadıq. Qələbə qazanacağımızdan əmin idik. Baxmayaraq ki, rəqib güclü idi və doğma divarlar arasında bizi qəbul edirdi. Oyuna yaxşı start versək də, məğlubiyyətdən qaça bilmədik. Adi səhvlərdən 2 qol buraxdıq. Məncə, ən azı 1 xala layiq idik. Artıq növbəti oyunlara baxmalıyıq. Mübarizəni sona qədər davam etdirəcəyik".

 

Bu oyundan sonra hesabında 44 xal olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti