Reynaldo: "Futbolda uğursuzluqlar olur"

17:42 - 8 Mart 2017

Qış transfer dönəmində “Qarabağ”dan Türkiyənin “Adanaspor” klubuna transfer olunan Reynaldo Silva yerli mətbuata açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ilk öncə yeni klubundan danışıb. O, Adana klubuna alışmaqda çətinlik çəkmədiyini deyib: “Adanaya və komandaya uyğunlaşmışam. Bu dəqiqə yeganə sıxıntım komandamızın autsayderlər sırasında yer almasıdır. Təbii ki, bu durumu aradan qaldıra bilsək, hamımız xoşbəxt olacağıq”.

 

Reynaldo ötən tur “Konyaspor”la matçda ehtiyat oyunçular skamiyasında yer almasından, oyuna sonradan daxil olmasından söz açıb: “Bu məsələlər haqda baş məşqçimiz qərar verir. Əgər baş məşqçimiz mənə hansı mövqedə şans versə, həmin mövqedə özümü ən yaxşı tərəfdən göstərməyə çalışmalıyam. “Konyaspor”la matçda da oyuna sonradan daxil oldum və əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Təəssüf ki, həmin oyunda qazana bilmədik”.

 

“Sambaçı” “Adanaspor”da ilk qolunu vurmaq üçün çox çalışdığını deyib: “Mən ilk qolumu gözləyirəm. İlk qolu vurmaq mənim üçün çox önəmlidir. Bu həftə “Karabükspor”la matçda qol vurmaq istəyirəm. Hücumda oynadığım üçün məndən hər kəs qol gözləyir. Mən də nələr etmək lazım olduğunu çox yaxşı bilirəm və bunun üçün çox çalışıram. Əsas hədəfimiz Super Liqada qalmaqdır. Çempionatda qalmaq üçün çox mübarizə aparırıq”.

 

Reynaldo komandanın azarkeşlərindən onlara dəstək olmalarını istəyib: “Biz əlimizdən gələni edirik. Klubdakı tam heyət uğur üçün çalışır. Ancaq təəssüf ki, əldə etdiyimiz nətiəcələr bizi üzür. Azarkeşlərin üzülməsini çox həssas qarşılayıram. Çünki onların sevgisini qarşılıqsız qoyuruq. Təəssüf ki, futbolda bəzi uğursuzluqlar olur. Azarkeşlərimiz də bilsin ki, bu komanda mübarizə aparır və həmişə mübarizə aparmağa davam edəcək. Bu durumu dəyişə biləcək gücümüz var. Çox oyun və alınacaq çox xallar var. Azarkeşlərimiz bizi dəstəkləsinlər, biz də sona qədər savaşacağıq”.

Xəbər xətti