"Neftçi"nin legioneri: "Azərbaycanlıların fərqli mədəniyyəti var" MÜSAHİBƏ

16:30 - 9 Mart 2017

“Neftçi”nin çexiyalı futbolçusu Zdenek Folprext ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

Sportal.az xəbər verir ki, icarə əsasında “ağ-qaralar”ın formasını geyinən 26 yaşlı yarımmüdafiəçisi Azərbaycandakı karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.

 
- Dostlarım hansı ölkəyə yollandığımı biləndə orda terror hadisələrinin olub-olmadığını, mal-qaranın küçələrdə gəzib-gəzmədiyini soruşdular. Şəhərin şəkillərini onlara göndərəndə isə hamısı heyranlıqdan məəttəl qaldı. Amerikada, San-Fransiskoda yaşayan dostum da Bakının çox gözəl şəhər olduğunu dedi.
 

- Yaxınlarınız Çexiyada qalmağınızı istəyirdilər?
- Ailəmdən ötrü darıxıram. Liberetsdə ailəmə yaxın idim, tez-tez bacımın oğlunu görməyə gedirdim. İndi ondan uzağam. Bundan əlavə, valideynlərim də yanımda deyillər. Onlarla hər gün “Skype” vasitəsilə əlaqə saxlayıram.
 

- Bakıdan razılıqla danışdınız. Bəs Azərbaycan futbolu barədə nə deyə bilərsiniz?
- Çexiya ilə müqayisədə burda futbolçular texniki cəhətdən daha yüksək səviyyəlidi. Amma fərdi keyfiyyətlərlə iş bitmir. Bir misal gətirəcəm. Biz “Slovan”la “Qarabağ”a qalib gəlmişdik. Turnirdən asılı olmayaraq, çexlər yaxşı nəticə qazanmaq şansları varsa, bundan istifadə edirlər. Yəni biz komanda şəklində mübarizə aparırıq.
 

- “Neftçi”dəki karyeranızı necə qiymətləndirirsiniz?
- Keçirdiyimiz 7 oyunun hamısında şans qazanmışam. Yaxşı çıxış edirik. “Neftçi”yə keçəndə komandanın 9 xalı var idi. Qış fasiləsindən sonra isə 11 xal toplaya bildik. Lakin bizim üçün çox vacib olan son oyunda məğlubiyyətlə üzləşdik. Azərbaycan çempionatında legioner limiti var. Əsas heyətdə 5 yerli futbolçu meydana çıxmalıdı. Deməli, əcnəbilər üçün 6 yer qalır ki, bizim komandada bunlardan 3-nü müdafiəçilər tutur. Bu da mənim işimi bir qədər çətinləşdirir. “Neftçi”də 6 yer uğrunda 11 legioner mübarizə aparır. Bu mənada, komandada Çexiyada üzləşdiyimdən güclü rəqabət gedir. Yaxşı azərbaycanlı futbolçu üçün rahat olur. O bilir ki, əsas heyətdə yer alacaq. Bizdə yarımmüdafiənin mərkəzində oynaya biləcək 3 legioner var. Onlardan yalnız biri, arada ikisi ilk “11-liy”ə düşür.
 

- “Neftçi”yə yeni gedəndə Antalyada 3 həftəyə yaxın toplanış keçdiniz. Bir yerdə bu qədər uzun müddət qalmaq necə mümkündü?
- Mən komandaya yanvarın 4-də qoşuldum. İlk dəfə idi ki, legioner həyatı yaşayacaqdım. Bu mənada, hansı vəziyyətlə üzləşəcəyimi, “Neftçi”də digərləri ilə necə ünsiyyət quracağımı bilmirdim. Antalyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə yollandım və digər 2 nəfərlə birləşdim. Onlardan biri ukraynalı idi, o da mənim kimi komandaya yeni qoşulurdu. Digəri isə serbiyalı qapıçımız idi. Onunla danışmağa cəhd etdim, amma ingilis dilini yaxşı bilmirdi. Yalnız onu izah edə bildi ki, ingiliscə pis danışsa da, komandada bu dili ən yaxşı bilən odu. Bunu eşidəndən sonra bir qədər qorxdum və nə edəcəyimi düşündüm. “Neftçi”də 1 həftə olduqdan sonra düzgün qərar qəbul etdiyimi anladım. Komandada mən və digər futbolçulara nəsə lazım olursa, onu elə həmin gün təşkil edirlər. Klubda bu işlə təxminən 14 nəfər məşğul olur. Bu məni məmnun etdi. Təbii ki, klubda ingilis dilini bilən tərcüməçi var. Hər halda, onsuz mənə çətin olardı. Məndən bir neçə gün sonra kollektivə Pavel Dreksa qoşuldu. Vaxtımızı, demək olar ki, bir yerdə keçiririk. Bu isə işimizi asanlaşdırır.
 

- Çexiyadan gəlmiş futbolçular komandada necə qarşılandılar? Siz “Neftçi”ni gücləndirə bilmisiniz?
- Yeni gələndə komanda yoldaşlarım üstümə düşüb, “Slovan” “Qarabağ”ı, necə olar ki, 3:0 hesabı ilə məğlub etdi” sualını verirdilər. Çünki Azərbaycanda məhz “Qarabağ” “Qəbələ” ilə çempionluq mübarizəsi aparır və ölkənin ən varlı klubu sayılır. “Neftçi”də ən təcrübəli futbolçu təxminən 30 yaşı olan gürcü müdafiəçi Georgi Navalovskidi. O, 5 il Rusiya çempionatında oynayıb. Mən “Neftçi”nin oyunçusu kimi təqdim ediləndə bildirdilər ki, komanda üçün vacib transferəm. İnstaqramda şəkil paylaşanda azarkeşlər həmişə öz fikirlərini yazırlar və güvəndiklərini bildirirlər.
 
- Azərbaycanda radio verilişində qonaq olanda gitara çalıb, mahnı oxumusuz...
- Gitara ifa etmək məsələsinin tarixçəsini danışım. Mən massajçımla birlikdə Türkiyədə istirahət edəndə, o mənə instarqamda gitara çalmağımla bağlı paylaşdığım videonu gördüyünü dedi və nə vaxtsa bunu təkrarlamağımı istədi. “Slovan”da azarkeşlərlə görüş keçirmişdik, təxminən 100 fanat gəlmişdi. Klubumuzda gitara var idi. Azarkeşlərdən biri gitara ifa etməyimi istədi. Mən də çex mahnıları səsləndirdim. Sonra azarkeş həmin videonu internetdə paylaşdı. Bakıda isə bu yaxınlarda məni radioverilişə qonaq çağırmışdılar. Onlar mənim üçün gitara da təşkil etmişdilər. Əvvəlcə tərəddüd etsəm də, sonra ifa etməyə razılaşdım.
 
- Bakıda “Slovan”ın oyunlarına baxmaq imkanınız varmı?
- Əlbəttə, var. Amma son oyunlarına baxa bilmədim. Buna baxmayaraq, “Slovan”ın futbolçuları ilə əlaqəm davam etməkdədi.
 
- Ekzotik ölkə olan Azərbaycana gedişiniz necə alınmışdı?
- Vəziyyət elə gətirdi ki, Azərbaycana yollanmaq şansı əldə etdim. Bunu ailəmlə müzakirə etdim və yekunda qərarımı verdim. Hələ ay yarımdı ki, Bakıdayam və bu müddətdə rus dilini öyrənə bilmişəm. Azərbaycanlıların fərqli mədəniyyəti var. “Neftçi”dəki karyeram cəmi 4 ay çəkəcəksə belə, həyatımda verdiyim qərarlardan yenə narazı qalmayacağam.
 
- Bir çexiyalının Bakı həyatını necə təsvir etmək olar?
- Azərbaycanda çox yaxşı və dostcanlı insanlar var. Onlar sizin əcnəbi olduğunuzu və hansısa məsələ ilə bağlı kömək istədiyinizi görəndə dərhal yardım edirlər. Misal da gətirə bilərəm. Bir dəfə maşınımı düzgün park etməmişdim və qayıdanda avtomobilin yerində olmadığını gördüm. İlk taksiyəcə əyləşərək, vəziyyəti ona izah etdim. Taksi sürücüsü nə baş verdiyini anladı və maşınımın aparıldığı cərimə meydançasının harda yerləşdiyini bildiyini dedi. Bizi dərhal ora apardı. Yeri gəlmişkən, həmin vaxt güclü yağış yağırdı. Könüllü şəkildə bizim problemlə maraqlandı və cərimə meydançasına yollandıq. Mənə dostumla birlikdə maşında gözləməyi tapşırdı. 20 dəqiqə ərzində problemimi həll etdi və maşınımı geri qaytardılar. Taksi sürücüsündən ona borcumun nə qədər olduğunu soruşdum. O isə çiyinlərini çəkərək, bilmədiyini dedi. Sürücüyə pul verəndə mənə minnətdarlığını bildirdi. Halbuki daha çox təşəkkür etməli olan mən idim. Bəzən küçədə gəzərkən haralı olduğumu soruşurlar. Çexiyadan gəldiyimi biləndə Praqanı gözəl, tarixi şəhər adlandırırlar. Bəziləri isə Çexiyanın pivəsini və qızlarını tərifləyirlər (gülür). (Apasport.az)

Xəbər xətti