Qurban Qurbanov: "Onu əvəzedici komandada 90 dəqiqə oynatmağa çətinlik çəkirik"

19:25 - 14 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” öz meydanında AZAL-ı məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

 

- Futbolçularımı təbrik edirəm. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. AZAL təkcə müdafiə olunmağı yox,topla yaxşı davranmağı bacaran komandadı ki, bunu da gördük. Düşünürəm ki, AZAL hər bir komandaya çətin anlar yaşada bilər, hətta qələbə də qazana bilər. Qarşıdakı oyunlar daha çətin olacaq. Həmin oyunlarımıza hazırlaşmalıyıq.

 

- Qışda “Neftçi”dən transfer edilən Elşən Abdullayev oynamaq şansı qazanmır. Onun durumu necədir?

- Elşən 8 ay futbol oynamadı. Bu, futbolçu üçün az müddət deyil. Bu yaşda ciddi zədə almaq hər futbolçu üçün asan olmur. Belə deyim, hazırda Elşənin oyun praktikası çatışmır. Onu əvəzedici komandada 90 dəqiqə oynatmağa çətinlik çəkirik. Əsas odur ki, zədələrdən uzaqlaşıb və qarşıdakı oyunlarda bizimlə olacaq.

 

- Bu gün “Qarabağ” hücumda “dişsiz” görünürdü. Siz belə düşünmürsünüz?

- Düşünmürəm ki, sürət aşağı idi. Rəqib komanda müdafiə olunanda, hücumların sürəti görünmür. Yaxşı, 100 fazilik qol epizodlarımız olsa da,istifadə edə bilmədik. Məncə, uşaqlar bu gün çox yaxşı oynadılar.

 

- Klubun tərcüməçisinin sosial şəbəkədə jurnalistlərlə bağlı paylaşımı mətbuatda birmənalı qarşılanmadı. Bu məsələyə münasibətiniz necədi?

- Mən həmişə demişəm ki, hərə öz işi ilə məşğul olmalıdı. Xüsusən də, olduğum klubda bunu daha çox tələb etmişəm. Mən də bunu oxudum, xoşagəlməz hal yaşandı. Birbaşa klubumuzun adından gəldi. Çox danışmaq istəmirəm. Onu komandadan uzaqlaşdırdım. Məşqçinin, jurnalistin, rəqibin işinə müdaxilə etmək düzgün deyil. Nə qədər ki, burdayam, heç kim kiminsə ünvanına söz atmamalı, kimdəsə səhv axtarmamalıdı. Əfqanın işindən çox razı idim, son vaxtlar bir-birimizi başa düşürdük. Bir neçə dildə çox yaxşı danışıq qabiliyyəti var. Dediyim sözü olduğu kimi futbolçuya çatdırırdı. Yaxşı işçi itirdik. Amma heç kim belə səhv etməməlidi. Əgər hər hansı bir rəqibə, jurnalistə azarkeşə mənim tərəfimdən irad yoxdusa, heç kim irad bildirə bilməz. Dəfələrlə hamıya xəbərdarlıq etmişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Bu məsələyə bir daha qayıtmasaq yaxşıdı.

Xəbər xətti