Robert Prosineçki: "Almaniya ilə görüş bizim üçün ən asan oyun olacaq" MÜSAHİBƏ

11:51 - 15 Mart 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki brifinq keçirib.

 

Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb: 

 

-    Qətərlə keçirilən yoldaşlıq matçı ilə bağlı fikirlərinizi bildirərdiniz...
-    Hamınızı salamlayıram. Bu oyun bizim üçün vacibdir. Almaniya ilə görüşə çox az qalıb. Bu qələbə komandaya lazım idi. Futbolçularda özünəinam hissi yarandı. Bu qarşılaşmada ancaq yerli çempionatda iştirak edən futbolçuları sınadım. Debütantlar da var idi. Qələbə üçün sevinirik.

 

-    Nizami Hacıyev, Təmkin Xəlilzadə və digər oyun praktikası olan oyunçuların əvəzinə milliyə  klubunda ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Şahruddin Məhəmmədliyev və Arif Daşdəmirov kimi futbolçular dəvət edilir. Buna aydınlıq gətirərdiz...

-    Milli komandanın baş məşqçisi mənəm. Qərarları mən verirəm. Kimi istəyirəmsə, onu da dəvət edirəm. Əlbəttə, hamı deyə bilər ki, niyə filan oyunçuları dəvət etməyib. Amma mən onları nəyə görə dəvət etdiyimi bilirəm.

 

-    Almaniya ilə oyunda qapıçı problemi olacaq. Çünki Kamran Ağayev də “Boavişta”da ehtiyatda qalır. Çərçivə kimə həvalə ediləcək?
-    Siz düzgün deyirsiz, razıyam. Qapıçı problemləri var. Artıq Kamran “Boavişta”da əsas heyətdəki yerini itirib. Amma Səlahət Ağayev Qətərlə oyunda özünü yaxşı göstərdi, ondan çox razı qaldım. Amma təəssüflər olsun ki, matçın sonlarında zədələndi. Oyuna 10 gün qalıb. Dəqiq bilmirəm nə edəcəyik. Səlahət də zədəlidi. Kamran da oynamır. Amma buna baxmayaraq, Kamran bizim 1 nömrəli qapıçımızdı.

 

-    Riçard Almeydanın 1 günlük milliyə dəvət alması nə ilə bağlı idi?
-    Bilirdik ki, Almeyda Almaniyaya qarşı oynamayacaq. Amma gələcək oyunlarda bizimlə olacaq. Sadəcə, riskə getmək istəmədik. Hansı oyunçuların oynayacağını dəqiq bilirdimsə, onları dəvət etdim. Millinin atmosferini hiss etsin deyə dəvət etdik. Sənəd işləri qaydasında gedir.

 

-    Millimizi dünya çempionlarına qarşı oyuna kökləmək çətin olmayacaq?
-    Bizim üçün ən asan oyun olacaq. Almaniya dünyanın ən güclü komandalarından biridir. Tək qrupun deyil, turnirin favoritidirlər. Üzərimizdə təzyiq yoxdu. Amma növbəti oyunlarda təzyiq daha çox olacaq.

 

-    “Kicker” nəşrinin əməkdaşı bildirib ki, Almaniya yığması Azərbaycana azı 5 top vuracaq...
-    Mənim o jurnalistlə də görüşüm olub. O, mənə deməmişdi ki, sizi belə məğlub edəcəyik. Aramızda belə söhbət baş verməyib. Almaniya millisinin güclü olduğunu dedim. Amma ona söylədim ki, bizimlə matçda Almaniyaya çətin olacaq.

 

-    Qətər Futbol Federasiyası yoldaşlıq matçının icmalını yaymır. Bu nə dərəcədə düzgündür?

-    Bunu mən də başa düşmürəm. Bunu onların federasiyasından soruşun. Mən baş məşqçiyəm.

Xəbər xətti