Samir Abasov: "Bu da qələbə qazanmağın bir növüdürsə, onları təbrik edirəm" MÜSAHİBƏ

18:19 - 18 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz" doğma meydanda "Sumqayıt"ı 1 - 0 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

 

- Ardıcıl məğlubiyyətlərdən sonra Gəncə səfəri çətindi. Oyunun taleyini bir qolun həll edəcəyini əvvəlcədən də təxmin edirdik. Belə meydanda oynamaq çətindi. Gəncəyə gələn rəqiblərin 2-dən çox qol vurduğunu görməmişəm. Kombinasiyalı oyun oynamaq çətindi. "Kəpəz"lə Sumqayıtda oynayanda 3 - 1 hesabıyla qalib gəlmişdik. Əvvəlcədən də bilirdik ki, burda futbol oynaya bilməyəcəyik. Əsas hədəfimiz o idi ki, səhv etməyək. Bayramla əlaqədar 3-4 günlük fasilə verəcəyik, ondan sonra "Neftçi" ilə oyuna hazırlaşacağıq. Getdikcə vəziyyətimiz çətinləşir. Turnir cədvəlində rəqiblər bir-birinə yaxınlaşıb. Bu bizə sərf etməsə də, amma hələ heç nə bitməyib. Vəziyyətimizi düzəltməyə çalışacağıq.

 

- Oyun bitəndən sonra hakimlərə yaxınlaşıb nə deyirdiz?

-Stadionu tərk edirdim, gördüm ki, futbolçularım hakimə nəsə deyir. Xoşagəlməz hadisələrin baş verməməsi üçün hakimlərə yaxınlaşdım və futbolçularımı oradan uzaqlaşdırdım.

 

- Oyun zamanı aqressiv görünürdüz və rəqib futbolçulara qarşı xoşagəlməz ifadələr işlədirdiz. Bu nə ilə bağlı idi?

- Sözün düz xoşagəlməz sözlər işlətməmişəm. Əgər siz kənardan göstərişlər verən məşqçiyə aqressiv deyirsizsə, bu sizin şəxsi işinizdi. Rəqib futbolçulara iradım var idi. Həddindən artıq vaxt aparırdılar. Lazımsız yerdə yıxılmaqları, meydanda sürünməkləri heç də yaxşı hal deyil. Sumqayıtdakı oyunda top çölə çıxanda mən tez rəqib futbolçulara verirdim ki, vaxt getməsin. Topdaşıyan uşaqlar topu gec verirdilər, futbolçu topu görür amma gec götürürdü. Bu cür bizi udmaq istəyirlərsə, bu da qələbə qazanmağın bir növüdürsə, onları təbrik edirəm. Amma biz belə hallara heç vaxt yol vermərik.

Xəbər xətti