Ceymi Vardi: “Ölümlə hədələnirəm”

17:48 - 21 Mart 2017

Ötən mövsüm “Lester”in çempion olmasında böyük pay sahibi olan Ceymi Vardi ölümlə hədələnir.

 

Sportal.az xəbər verir ki, bu, komandanın baş məşqçisi Klaudio Ranyerinin istefaya göndərilməsi ilə bağlıdır. Belə ki, yerli mənbələr Ranyerinin qovulmasında hücumçunun böyük rolunun olduğunu iddia edir. Deyilənə görə, Vardi başda olmaqla bir neçə futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Sevilya”ya qarşı səfərdə baş tutan matçdan sonra klub rəhbərliyi ilə görüşüblər və italiyalı çalışdırıcının komandadan uzaqlaşdırılmasını tələb ediblər.

 

Vardi İngiltərə millisinin düşərgəsində jurnalistlərə verdiyi açıqlamada Ranyerinin klubdan göndərilməsindən və belə xəbərlərin mediada çıxmasından sonra təzyiq altında olduğunu və azarkeşlər tərəfindən ölümlə hədələndiyini deyib: “Yayılan xəbərlər həqiqətə uzaqdır. “Sevilya” ilə oyundan sonra 3 saat dopinq testindən keçmək üçün gözləmişəm. Həmin vaxtda klub rəhbərliyi ilə necə görüşə bilərəm ki? Artıq belə xəbərlərə alışmışam. Həmin xəbərlərdən sonra bəzi insanların məni və ailəmi ölümlə təhdid etməsi çox qorxuncdur”.

 

Qeyd edək ki, “Lester” Ranyerinin qovulmasından sonra keçirdiyi matçlarda məğlubiyyət üzü görməyib.

Xəbər xətti