Robert Prosineçkinin fəlsəfəsinə uyğun gəlməyənlər SİYAHI

13:01 - 22 Mart 2017

Ölkəmizdə işə başladığı ilk vaxtlarda Robert Prosineçkinin səsləndirdiyi fikirlər çox məntiqli gəlirdi ictimaiyyətə. Sağlam düşüncəyə malik olmayan Berti Foqtsdan sonra məntiqli danışan, həvəslə işə girişən Robert Prosineçki parıltı yarada bilmişdi. Amma zaman keçdikcə Prosineçkinin təfəkkür olaraq Foqtsdan heç də uzaq adam olmadığı aydınlaşdı. Təəccüblü deyil ki, artıq futbol ictimaiyyətimizdə Prosineçkini “yeni Fotqs” adlandırmağa başlayıblar. Onun “fəlsəfəmə uyğun deyil” deyimi isə artıq lətifəyə çevrilib hamının dilində. Bu fəlsəfənin nədən ibarət olduğunu Prosineçkidən başqa heç kim bilmir, özü də danışmır bu barədə. Amma “dərin” fəlsəfədi deyəsən. Axı bu qədər futbol adamı baş aça bilmir xorvatın fəlsəfəsindən...

 

İndi isə keçək Robert Prosineçkinin fəlsəfəsinə uyğun gəlməyən futbolçulara. Hərçənd, Robbi bura gələndə deyirdi ki, yalnız klublarında mütəmadi oyun praktikası olanları milliyə çağıracaq. Amma nəticədə klublarında oynayanlar kənarda qaldılar Almaniya millisi ilə qarşıdakı oyunda da.  

 

Fərhad Vəliyev – “Sumqayıt”ın qapıçısı son zamanlar yaxşı formadadır. Onun kifayət qədər beynəlxalq oyun təcrübəsinə malik olduğunu da nəzərə alsaq, Robert Prosineçki Fərhada dəvət göndərməliydi. Kamran Ağayev oyun praktikasından əziyyət çəkir, Səlahət Ağayev zədəli olduğu üçün millidən kənarda qalıb. Amma “fəlsəfə” yenə öz sözünü deyir. Əslində, ehtiyat qapıçı kimi “Kəpəz”dən Davud Kərimiyə də dəvət göndərmək olardı. Son zamanların ən yaxşılarından biri də Kərimidi. Amma Davudun milli komandada oyun təcrübəsi olmadığı üçün onun üzərində dayanmırıq.  

 

 

Tellur Mütəllimov – Robert Prosineçki onu Qətərlə yoldaşlıq matçına çağırmışdı. Amma Almaniya ilə rəsmi oyuna dəvət alanlar arasında Tellurun adı yoxdu. Ola bilər ki, Prosineçki onun milli komandada yeni olmasını əsas gətirib və belə çətin matça çağırmayıb. Amma fakt faktlığında qalır ki, Tellur hal-hazırda öz mövqeyində ən yaxşılardandı.

 

 

İlqar Qurbanov – Robert Prosineçkinin “qara siyahısına” düşənlərdən biri də İlqardı. Xorvat çalışdırıcı onu hər dəfə bir bəhanəylə milliyə çağırmaqdan boyun qaçırır. İlqar Qurbanov son aylar “Qarabağ”ın əsas oyunçusudu. Düşünmək olardı ki, Prosineçki Premyer Liqanın yaxşılarından olan İlqarı bu dəfə çağırmamaq üçün səbəb tapmayacaq. Amma yenə həmin möcüzəli “fəlsəfə”...

 

 

Nizami Hacıyev – Bu ikili arasında artıq xeyli müddətdir ki, soyuq müharibə gedir. Nizami mətbuat üzərindən Prosineçkiyə mesajlar göndərir. Bu haqlı suallar qabağında çətin duruma düşən Robert isə kəkələyə-kəkələyə fəlsəfədən başqa bir şey deyə bilmir. Xorvat çalışdırıcı həqiqətin gözünə dik baxa bilsəydi, Nizami Hacıyevin bu gün milli üzvləri arasında ən yaxşı formada olduğunu görərdi.

 

 

Coşqun Diniyev  - Çox maraqlı mənzərədi. “Qarabağ”da Coşqunun ehtiyatında qalanlar milliyə çağırılır, Coşqun isə yox. Amma Robert Prosineçkinin millisi üçün adi haldı. Yəni Prosineçki görmür ki, Coşqun çox yaxşı formadadı və milliyə (onun çağırdıqlarından) daha xeyirli ola bilər? Bəlkə də görür, amma görməzdən gəlir bilərəkdən.  

 

Xəbər xətti