"Sumqayıt" Premyer Liqada Dağıstan Respublikasını təmsil eləyir"

14:02 - 22 Mart 2017

Premyer Liqada legionerlərin xidmətindən yararlanmayan yeganə klub “Sumqayıt”dı. Lakin bu, məsələnin görünən tərəfidi. Çünki bu illər ərzində bu klubda qeyri-azərbaycanlıların sayı kifayət qədər çox olub, xüsusilə dağıstanlılar. Bu strategiyanın klub prezidenti Kamran Quliyevin biznes monopoliyası olduğuna dair yazılar da yazılıb. Yəni dağıstanlılar “Sumqayıt”a gətirilib milliləşdirilir, sonra da yaxşı pula digər klublara satılır.

 

Növbəti dəfə bu məsələyə futbol eksperti Tahir Süleymanov toxunub. Sportal.az xəbər verir ki, Tahir bəy bu barədə “Xəzər TV”-nin efirində danışıb:

 

“Sumqayıt ölkəmizin futbol mərkəzlərindən biridir. Müxtəlif dönəmlərdə orada ölkəmizin ən tanınmış futbolçuları çıxış eləyib. Yalnız Nazim Süleymanovun adını çəkmək kifayətdir. “Sumqayıt” sumqayıtlıların komandası olmalıdır. Amma bu gün elə alınır ki, “Sumqayıt” Premyer Liqada Dağıstan Respublikasını təmsil eləyir. Niyə “Sumqayıt”da Fərhad Qıstarov, Nasir Abilaev kimi dağıstanlılar oynamalıdır? Onlar Azərbaycan futboluna nə verirlər? Onların yerinə meydana “Sumqayıt”ın öz yetirmələri çıxsaydı, yaxşı olmazdımı?”  

Xəbər xətti