AZAL - "Qəbələ" matçında 5 yubiley

16:15 - 22 Mart 2017

Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL – “Qəbələ” oyunu yubileylərlə zəngin olub. 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə 5 müxtəlif yubiley gerçəkləşib. 

 

Hər komandanın bir üzvü ölkə çempionatında 150-cı matçına çıxıb. AZAL-da debüt edən Bəxtiyar Soltanov və “Qəbələ”nin qışda sıralarına qatdığı Rasim Ramaldanov bu görüşədək 149 çempionat matçı keçirmişdi.

 

Rasim 150 matçda 3 qol vurub. Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran” və “Sumqayıt”da oynamış müdafiəçi 4-cü klubunun heyətində 150-yə çatıb.

 

150 oyunda 19 dəfə fərqlənən Soltanov isə daha çox klubda çıxış edib. AZAL onun Premyer Liqada 7-ci komandasıdır. Bunadək isə Bəxtiyar “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Qəbələ” və “Simurq”da da oynayıb.

 

Bu iki yubileylə yanaşı, qarşılaşmada daha üç əlamətdar hadisə yaşanıb. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasını Premyer Liqada 75-ci matça çıxarıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”a rəhbərlik edən ukraynalının komandası bu oyunlarda 40 qələbə qazanıb, 21 heç-heçə edib və 14 dəfə uduzub.

 

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı bütün turnirlərdə ümumilikdə 100-cü dəfə “qırmızı-qaralar”ın formasını geyinib. O, bu matçlarda 76 top buraxıb.

 

AZAL-la matçda hesabı açan Tellur Mütəllimov isə “Qəbələ”nin Premyer Liqada 400-cü qoluna imza atıb. Bu, 331-ci görüşə təsadüf edib.

Xəbər xətti