Robert Prosineçki: "Belə oynasaq, istənilən komandanı məğlub edə bilərik" MÜSAHİBƏ

22:57 - 26 Mart 2017

DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda milli komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyaya 1 – 4 hesabı ilə məğlub olub.
 
Sportal.az
xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

 

- Stadionda möhtəşəm atmosfer var id. Azarkeşlərə təşəkkür edirəm. Komandam yaxşı oynadı. Əzmkar mübarizə apardıq. Ümumi baxanda komandanın oyunundan razı qaldım. Futbolda səhvlər olur. Almaniya belə səhvləri bağışlamır. Komandamızın ümumi oyununa baxanda  futbolçularımla fəxr edirəm.

 

- İki fərqli hissə izlədik. Fasilədən sonra nə dəyişdi? Almaniya arxayınlaşdı, yoxsa biz təzyiqi artırdıq?

- Bəlkə də siz elə görmüsüz. Gəlin, hissələri kənara qoyaq. İkinci qolu Əfranın səhvindən sonra buraxdıq. Üçüncü qolda da müdafiə səhvi var idi. Bəli, Qomes ucaboy futbolçudu. Amma müdafiəçi ona yaxın oynamaqla qol vurmasına mane ola bilər. Səhvlər etməsəydik, fasiləyə bərabərliklə yollansaydıq, bəlkə də hər şey başqa cür olardı.

 

- Renat Dadaşpvun heyətdən kənarlaşdırılmağının səbəbi nədi?

- Renatımn 18 yaşı var. İlk dəfə idi milli ilə birlikdə olurdu. Çox istedadlı futbolçudu. Gələcəkdə onun xidmətindən çox istifadə edəcəyik. Öz üzərində işləməlidi. Renat Dadaşovun belə rəqibə qarşı oynaması üçün hələ tezdi. Gələcəkdə ona şans verəcəm.

 

- Oyunöncəsi mətbuat konfransında dediz ki, rəqibi tam analiz etmişik. Məğlubiyyətin səbəbi nədi? Futbolçular tapşırıqlarınızı meydanda düzgün yerinə yetirə bilmədilər?

- Rəqibin futbolçuları bizdən çox üstündülər. Baxın, onlar hansı klublarda oynayırlar. Yalan danışmaq istəmirəm. Komanda bacardığını meydanda göstərdi. Maksimum səviyyədə mübarizə apardıq. Peşəkar futbol oynayanlar məni başa düşər. Bundan çox nəsə edə bilməzdik. Almaniyanın futbolçuları hər həftə top klubların heyətində futbol oynayırlar.

 

- Oyun təcrübəsi olmayan futbolçuları start heyətdə buraxmağınız səbəbi nədi?

- Bu gün ən yaxşıları meydana buraxmışdım. Qara Qarayev, Rahid Əmirquliyev mənim üçün meydanda ən yaxşı idilər. Əzmkar oyun göstərdilər. Əfrana gəldikdə isə, o elə futbolçudu ki, hər an nəsə edə bilər. O, qeyri-adi futbolçudu. İkili mübarizələrdə də yaxşıdı.

 

- Artıq demək olar ki, millinin optimal heyəti formalaşıb. Amma demək olar ki, bəzi futbolçular bu heyətə uyğunlaşa bilmir. Məsələn Əfran İsmayılov. Səhvlərlə yadda qalır. Əfranı oynatmağa məcbursuz?

- Sizinlə razı deyiləm. Əfranla bağlı fikirlərimiz çox fərqlidi. O, bizim üçün vacib oyunçudu. Əfran meydanda olanda komanda daha çox özünəinamlı oynayır, hücum edir.

 

- Qeyd etdiz ki, komanda bu gün maksimum səviyyədə mübarizə apardı. Bu səviyyə Çexiya və Şimali İrlandiya ilə oyunlarda bəs edəcək?

- Dəqiq deyə bilmərəm. Amma belə oynasaq, istənilən komandanı məğlub edə bilərik.

 

- Adətən mətbuat konfranslarında jurnalistlərlə Prosineçki bir-birini başa düşmür. Sizin üçün Almaniya ilə oyun çətin keçdi, yoxsa mətbuat konfransı?

- Fikirlərimizin fərqli olmağı normaldı. Mən şadam ki, sizin suallarınıza cavab verirəm. İndi mən sizə sual verirəm. Bilirsiz bu gün kimə qarşı oynadıq? Mənim üçün Almaniya dünyada ən güclü komandadı. Onları növbəti dünya çempionatının da favoriti hesab edirəm. Sualınıza gəlincə, mənim üçün ən çətin olan komandanı oyuna hazırlamaq idi. Futbolçular sübut edirlər ki, fiziki durumları yaxşıdı. 90 dəqiqə ərzində mübarizə apara, sürətli futbol oynaya bilirlər.

 

- Gəldiyiniz gündən jurnalistlərlə aranızda fikir ayrılıqları olur. Hər zaman aqressiv danışırsız. Biz jurnalistlər futbolu bilmirik, yoxsa sizin fəlsəfəniz tamam fərqlidi?

- Mən aqressiv danışmıram. Danışığım belədi. Heç vaxt sizin futbolu anlamadığınızı deməmişəm. Fikirlərimizin fərqli olmağı normaldı. Mən tənqidə açığam. Amma siz də komandaya inanmalısız. Müsbət halları da yazmalısız. Təəssüflər olsun ki, yalnız mənfi halları yazırsız. Həmişə demirəm, heç olmasa yaxşı oynadığımız vaxt komandanı tərifləyin.

 

- Qara Qareyev öz oyununa görə artıq Premyer Liqamızın səviyyəsini aşıb. Berti Foqs demişdi ki, Azərbaycanlı futbolçular rahat şəraiti qoyub xaricə getmək istəmirlər. Qaranın xaricdə oynamağı ilə bağlı nə düşünürsüz?

- Sözsüz ki, mən futbolçularımın yaxşı komandalarda oynamasını istəyirəm. Özlərinə də bunu deyirəm. Amma mən futbolçunun əlindən tutub onu Avropaya apara bilmərəm. Özləri bunu istəməlidi.

 

- Millidə inkişaf hiss olunur. Komanda bu oyununu davam etdirə bilsə, növbəti oyunlarda neçə xal toplamağı  söz verə bilərsiz?

- Neçə xal yığacağımızı söz verə bilmərəm. Çalışacağıq ki, evdəki bütün oyunlarda maksimum nəticə göstərək. Bizim üçün ən vacib yayda Bakıda Şimali İrlandiya qarşı oynayacağımız matçdı. Bu oyunda mütləq qələbə qazanmaq lazımdı.

 

- Berti Foqs açıqlamasında bildirmişdi ki, Azərbaycan millisində məğlubiyyətə görə də futbolçulara mükafat verilir. Almaniyaya vurulan qola görə komandanı mükafat gözləmir?

- Suala görə çox təəcübləndim. Biz uduzmuşuq. Yaxşı oynasaq da məğlub olduq. Mükafatdan xəbərim yoxdu. Bu məni maraqlandırmır. Mənim üçün ən vacib olan Şimali İrlandiyayla oyuna kimi futbolçuların yaxşı formada olmasıdı. 20 günlük təlim-məşq toplanışında olacağıq. Bu 20 gün ərzində 2 yoldaşlıq oyunu keçirəcəyik.

 

- Kamran Ağayevin oyunundan razı qaldız?

- Kamranın 2 aydı meydana çıxmaması çox böyük problemdi. Ümid edirəm, tezliklə özünə başqa klub tapar. İstedadlı futbolçudu. Künc zərbələrində səhvlərinin olub-olmadığını oyuna baxıb analiz etdikdən sonra biləcəyik. Mənə elə gəlir ki, onun buraxılan qollarda səhvi olmadı.

Xəbər xətti