Rəşad Sadiqov: "Kubokla çempionluq arasında seçim edə bilmirik" MÜSAHİBƏ

20:54 - 30 Mart 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində “Qəbələ” səfərdə “İnter”i  3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın futbolçusu Rəşad Sadiqov əməkdaşımızın da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

 

-    Zədə səbəbi ilə bir neçə oyunu buraxdıqdan sonra bu gün yenidən yaşıl meydana çıxdın. Özünü necə hiss edirsən?
-    Açığı, ağır oldu mənim üçün. Çünki həm zədəyə, həm də süni meydançaya görə çəkinirdim. 15-20-ci dəqiqədə yenə də eyni nahiyyədən – topuğumdan zədələndim. Amma özümü sıxıb, mübarizə apardım. Oyuna da iynə vurularaq çıxmışdım. Zədəm oyundan öncə də ağrayırdı. Çalışacağam ki, növbəti oyunlarda da birtəhər oynayım, komandama kömək edim. Mövsüm sonuna az oyun qalıb. Çalışacam ki, iynə ilə olsa belə meydana çıxım. Oyuna gəlincə, yaxşı oynadıq və layiqli qələbə qazandıq. 

 

-    Finala daha yaxınsız. Sizcə, finalda sizə rəqib kim olacaq: “Qarabağ”, yoxsa “Neftçi”?
-    Fərqi yoxdur. Hər iki komanda hamımıza yaxşı tanışdır. “Qarabağ” son 3 ilin çempionudu, “Neftçi” isə fasilədən sonra yüksəliş dövrünü yaşayır. Bizi də məğlub edə bildi “Neftçi”. Fərqi yoxdur, finalda rəqibimiz hansı komanda olsa, maraqlı oyun olacaq. 

 

-    Mövsümün sonlarına yaxın kifayət qədər zədəliləriniz var. Sizcə, bu, həlledici məqamda komandaya necə təsir edəcək?
-    Zədəlilər hər bir komandada olur. Məsələn, “Qarabağ”da da Dani Kintana zədələnib, neçə aydır ki, oynamır. Bizdə də olur. Bu, futboldur. Futbolu zədəsiz oynamaq mümkün deyil. Düzdü, əsas heyət futbolçularının zədələnməsi taktiki planda dəyişikliklərə səbəb olur, amma buna baxmayaraq, həmin futbolçuların yerlərini dolduracaq futbolçular hər zaman olur. 

 

-    Kubok, yoxsa çempionluq?
-    Açığı, seçə bilmirik (gülür). Çalışacağıq ki, ikisinə də yiyələnək. Niyə də olmasın? Deyə bilmərik ki, ya kuboka oynayırıq, ya da çempionluğa. Var gücümüzlə hər ikisini qazanmağa çalışacağıq.

Xəbər xətti