Zaur Svanadze: "FİFA-ya müraciət etsək, cəzanı götürə bilərlər"

19:43 - 5 Aprel 2017

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşması çərçivəsində "Qəbələ"yə səfərdə 0:2 məğlub olan "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, gürcü mütəxəssis ilk olaraq oyun haqda fikirlərini bildirib.

 

- Rəqibi finala çıxması münasibəti ilə təbrik edirəm. Bizim oyuna gəlincə, meydan sahibləri daha üstün idi. Abcaq oyunun ilk 15 dəqiqəsində bizim fərqlənmək imanımız oldu. Vurmayana vurarlar. Qol buraxdıqdan sonra biz dayandıq və meydanda yalnız bir komanda var idi. Cinah müdafiəçilərimizin üzərinə çox yük düşdü və sonda onlar tükəndi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

 

- Razılaşırsınız ki, ilk oyundan sonra komandanız taleyi ilə barışmışdı?

- Haqlısınız. Bakıdakı oyunda nəticə fərqli olsaydı, əhvalımız da fərqli olardı, heyət də qismən başqa. Denis oynayacaqdı, amma səhər qızdırması 39 idi. Biz də onu evə göndərdik. Ümumiyyətlə, seçimimiz məhduddu. Bir Rauf Əliyev, bir də Nizami Hacıyevə istirahət vermişdik. Doğrudu, onlar da qarışıq heyətlə çıxmışdılar. Ancaq rəqibin heyətində seçim genişdi.

 

- Yayda transfer də edə bilməyəcəksiniz. Bir neçə oyunçu da komandadan getsə, nə edəcəksiniz? Əvəzedici heyətdə perspektivli oyunçularınız var?

- Bildiyim qədəri ilə, FİFA-ya müraciət etsək, cəzanı götürə bilərlər. Əlbəttə, perspektivli uşaqlar gözümə dəysə, onlar əsas heyətə cəlb olunacaqlar.

 

- Futbolçularla bağlı aydınlıq gətirdiniz. Bəs özünüz?

- İlk növbədə qarşımıza məqsəd qoymuşuq ki, Avropa Liqasına çıxaq. Bundan sonra mənim taleyim müzakirə edilər.

 

- De-fakto bürünc medalı təmin etmisiniz. De-yure də bu, baş verdikdən sonra futbolçularınıza hansı həbləri verəcəksiniz ki, növbəti turlarda stimulları olsun?

- Qarşıda ilk iki pillənin sahibi ilə görüşümüz var. Bu, ən böyük stimul və motivasiyadı. Sabah komandamız olmasa, futbolçular özlərinə yeni komanda tapmalıdı. Bu cür rəqiblərlə oyunda da özlərini göstərmək şansları var. (Sport24.az)

Xəbər xətti