Aldadılan azərbaycanlı futbolçu: "Pulu almağa anası ilə gəlmişdi"

16:43 - 7 Aprel 2017

Türkiyənin həvəskarlar liqasında çıxış edən "Çəngəlköyspor"un azərbaycanlı futbolçusu İlham Allahverdiyev xoşagəlməz durumla qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, vaxtı ilə futbol üzrə Azərbyacan çempionatının birinci divizionunda bombardir olmuş hücumçunu komanda yoldaşı aldadıb.

 

Belə ki, "Neftçi"nin yetirməsindən pul alan Mustafa Taşkın sonradan yoxa çıxıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, İlhamla birlikdə komanda yoldaşı Burak Balamandan da borc ala futbolçudan xəbər yoxdu.

 

Saytımıza açıqlama verən Allahverdiyev məsələyə belə münasibət bildirib: "Oyunlardan və məşqlərdən sonra futbolçularımız öz evlərinə gedirlər. Biz bazada 4 futbolçu qalırıq ki, onların arasında Mustafa Taşkın da var idi. Taşkın mənimlə çox yaxın idi, hətta yeməyə də bir yerdə gedirdik. Günlərin birində gördüm ki, çox  narahatdır, tez-tez nömrəsini dəyişir. Məndə ondan bunun səbəbini soruşdum və ailəsində ciddi problemlər olduğunu dedi".

 

"Bu hadisədən təxminən 1 həftə sonra mənə yaxınlaşdı və evlərində vəziyyətin çətinləşdiyini, borc sahiblərinin evlərində olan əşyaları mənimsədiklərini bildirdi. Vəziyyətləri pis olduğu üçün məndən borca pul istədi, pulu məndən almaq üçün anası ilə birgə gəlmişdi. Məndən 1250 dollar aldı və pulu 1 həftəyə qaytaracağını bildirdi. Amma xahiş etdi ki, məndən pul istədiyini heç kimə deməyim".

 

"Həmin 1 həftə başa çatdığı günün gecəsi mənə yazdı ki, qardaşım pis vəziyyətdədir, pul lazımdı. Əgər çatdıra bilməsəm onu güllələyəcəklər. Bu hadisəyə görə məndən 2000 dollar aldı və pulu yaxın günlərdə qaytaracağını vurğuladı". 

 

"Söz verdiyi gün oyunumuz var idi. Oyun günü mənə qanunsuz sənəd gətirdi, sənəddə pulun qaytarılacağı tarix yazılmışdı. Sən demə, həmin sənəddən borc aldığı bütün adamlara verirmiş. Sonradan bunun haqqında maraqlanmağa başladım və bəlli oldu ki, bütün gününü bukmeker kontorlarında keçirir, bizdən aldığı pulları orda uduzur".

 

"İndi məsələ ilə bağlı vəkil tutmuşuq, polisə müraciət etmişik. Araşdırmalar da davam edir, əgər 20 gün ərzində pulu qaytarmasa, barəsində axtarışlara başlanılacaq".  

 

"Əlbəttə, zəhmətlə qazandığım puldur, təəssüflənirəm. Amma insanın başına belə hadisələr gələ bilər. Atamla da danışanda dedim ki, hər şey qaydasındadır. Komanda yoldaşlarım da söz veriblər ki, çempion olsaq, pulu komanda daxilində toplayacaqlar və bizim pulumuzu qaytaracaqlar". 

Xəbər xətti