"Səbail"in icraçı direktoru: "Lisenziya almaqla bağlı heç bir problemimiz yoxdur" MÜSAHİBƏ

20:59 - 11 Aprel 2017

Çempionat sona yaxınlaşsa da, Premyer Liqanın növbəti mövsüm üçün tərkibi hələ də məlum deyil. Xüsusilə, 1-ci diviziondan hansı klubların yuxarı qalxacağına aydınlıq gəlməyib. Futbol kluarlarında müxtəlif fərziyyələr irəli sürülür. “Turan Tovuz”u da, “Mil-Muğan”ı da, “Zaqatala”nı da Premyer Liqada görənlər var. Amma daha çox “Səbail”in adı hallanır. Həm bu, həm də digər suallarla “Səbail” klubunun icraçı direktoru Yusif Həsənova müraciət elədik.

 

Yusif Həsənovun Sportal.az saytına müsahibəsini təqdim eləyirik:

 

Futbol funksioneri kimi daha böyük auditoriyaya “Səbail”də tanındız. Ancaq buna qədər “Fortuna Səbail” layihəsi ilə başlamışdız. Ümumiyyətlə, futbola gəlişiniz necə alınıb?

-Uşaq yaşlarından futbola böyük marağım olub, oynamışam. Ancaq o vaxtlar, 90-cı illərdə futbola inam böyük deyildi. Ona görə də, həyat qurmaq üçün başqa yolları seçdim. Ancaq bir azarkeş kimi futbola olan sevgi həmişə ürəyimdə idi. Haradasa 3 il əvvəl belə bir fikir yarandı ki, futbolumuzun inkişafına dəstək olmaq üçün uşaq futbol komandası yaradaq. “Fortuna Səbail” belə yarandı. Yeri gəlmişkən, ötən gün U-17 Liqasında “Qəbələ”ni məğlub eləyən həmin “Fortuna Səbail”in komandasıdır.

 

Bəs, niyə “Fortuna Səbail”?

-Açığı, həmin layihəyə bir dostumla başlamışdıq o vaxtı. O, komandanın adını “Səbail” qoymaq istəyirdi, mən isə “Fortuna”. Axırda elə qərara gəldik ki, “Fortuna Səbail” olsun. Yəni, həm mən deyən oldu, həm də o deyən (gülür).

 

Adətən futbol sektoruna gələn iş adamları sonradan bəzi çətinliklərlə üzləşdikdə, bu sahədən uzaqlaşmaq barədə düşünürlər. Sizdə belə hiss olmayıb ki, bu vaxt ərzində?

-Səmimi desəm, bəzən qarşılaşdığının 10-dan 9-u müsbət hal olmur. Amma o 1 müsbət hala görə əziyyətə dəyər. Komanda qol vuranda, qələbə qazananda həmin sevinc hissləri hər şeyə dəyər.

 

Keçək “Səbail”ə. Necə oldu ki, 1-ci diviziona komanda buqaxmaq qərarına gəldiz?

-İcraiyyə Komitəsinin iclasında AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, Bayılda bir komanda yaratmaq lazımdı ki, stadion boş qalmasın, Səbail rayonunda da azarkeşlər üçün futbol olsun. Biz də fikrimizi AFFA rəhbərliyinə çatdırdıq ki, burada “Fortuna Səbail” adlı komandamız var, onsuz da fəaliyyət göstəririk. Dedik, biz sizə kömək olaq, siz də bizə və 1-ci divizionda komanda yaradaq. Sağ olsunlar, dəstək verdilər, “Səbail” klubu yarandı.

 

Artıq ilk ilində “Səbail” çempion da ola bilər. Belə başlanğıc gözləyirdiz?

-Bu komandanı cəmi 20 günə hazırlamışıq çempionata. Bu, asan iş deyil. Rəşad Abdullayevin Müşahidə Şurasına sədr seçilməsindən sonra həm məsuliyyətimiz, həm də hədəflərimiz bir qədər də artdı. Gördüyünüz kimi, bu gün “Səbail” çempionluq üçün oynayır. Premyer Liqaya yüksəlmək üçün lisenziya almaqla bağlı da heç bir problemimiz yoxdur. Tələb olunan 5 meyar üzrə hər şey qaydasındadır.

 

Bildiyiniz kimi, Premyer Liqa ilə 1-ci divizion arasında fərq böyükdür. “Səbail” vəsiqə əldə eləsə, komandanın qarşısına hansı hədəflər qoyulacaq?

-Mövsüm bitəndən sonra Müşahidə Şurasının iclası keçiriləcək və komandanın qabağına qoyulacaq tapşırıq barədə müzakirələr aparılacaq, qərarlar veriləcək. Amma məqsədimiz yüksək yerlər tutmaq, Avroliqaya vəsiqə qazanmaq olmayacaq. İlk növbədə yaxşı strukturu, məşqçiləri, akademiyası olan klub modeli yaratmalıyıq. Təbii ki, Premyer Liqaya çıxsaq, heyətə təcrübəli futbolçular dəvət olunacaq.

 

Avropanın əsas liqalarında həm klubların sayına, həm də formatına görə bir-birindən fərqlənən çempionatlar var. Bizdə 8 klublu çempionatdı. Bu məsələyə baxışlar fərqlidi. Çox komandalı çempionat izləmək istəyənlər də var, amma klublar arasında səviyyə fərqi böyük olacağı halda, elə 8 iştirakçıyla davam etməyin tərəfdarları da. Sizin bu məsələyə baxışınız necədi?  

-Gəlin, İsveçrəyə baxaq. Futbol baxımından zəif ölkələrdən deyil. Milli səviyyəsində yaxşıdılar, çempionatlarında “Bazel” kimi klub çıxış eləyir. Misal üçün, onların çempionatında 10 komanda mübarizə aparır. Bizə gəlincə, 8 komanda azdır. Hərdən mətbuatda belə fikirlərlə rastlaşıram ki, “Səbail” nəyə lazımdı, yaxşısı bölgə klubları gəlsin Premyer Liqaya. Amma nəzərə alın ki, 40-45 ailə bu klubdan dolanır, burada xeyli sayda uşaq futbolla məşğul olur. Yəni, istər qəsəbə klubu, istərsə də rayon, əsas odur ki, klubumuz çox olsun. Formata gəlincə, ya 10 komanda olsun, ya da 14. Niyə 12 yox? Çünki “altılıq” sisteminin tərəfdarı deyiləm. 

Xəbər xətti