Şahin Diniyev: "Bu şəraiti bir onlar, bir də mən bilirəm" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXVI turunun “Kəpəz” - “Qəbələ” oyunundan (2:0) sonra Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.
 
Sportal.az sizi təcrübəli mütəxəssisin fikirləri ilə tanış edir:

 

- Hər birinizi Gəncə torpağında salamlayıram. Ümid edirəm ki, bu oyuna heç kim baxdığı üçün peşman olmadı. Bu gün komanda çempionatda 2 il ərzində ən yaxşı oyununu sərgilədi. Bilirdik ki, şansımız öz əlimizdə deyil. Ancaq qələbə qazanmalı idik. Avropa Liqasına vəsiqə qazanmaq üçün qələbə lazım idi, xal itirə bilməzdik. Komandanın oyunundan həzz aldım, futbolçularla fəxr edirəm. Müdafiədən hücuma çıxmağımız əla alınırdı. Kompakt şəkildə oynadıq. "Qəbələ"ni təzyiq altında saxladıq. Böyük yumruq olaraq çıxış etdik. Qələbəni haqq edirdik. Çempionatın ən yaxşı oyunlarından biri oldu. "Qəbələ" güclü komandadır. Onlara boş zona vermədik. Biz Avropa Liqasına vəsiqə qazanıb-qazanmayacağımızı bilmirik. Bunu Allah bilir. Həmin turnirdə "Qəbələ"yə azarkeşlik edəcəyik. Rəqibimiz əsl centilmen komandadır".

 

- Bu oyun digər oyunlardan nə ilə fərqlənirdi. Çünki "Kəpəz" bir ara "qara zolağ"a düşmüşdü...

- Tamamilə razıyam. Stabil oyun nümayiş etdirmək üçün, stabil futbolçulara sahib olmalısan. Hər bir komanda "qara zolağ"a düşə bilər. Sadəcə, biz həmin durumdan gec çıxdıq. "İnter"lə məğlubiyyətdən sonra vəziyyətdən çıxa bilmirdik. İndi bu oyunu sərgiləməyimiz, komandamızda mədəni və tərbiyəli futbolçuların çoxluğundan irəli gəlir. Hər biri başa düşür ki, mina olan sahədəyik. Hər addım partlayışa səbəb ola bilər. Bu tempi saxlamaq da çətin məsələdi. Azarkeşlər bu məzmunlu oyunu tələb etməkdə davam edəcəklər. Komanda öz formasını gec də olsa, yığa bildi. Özünüz də bilirsiniz ki, hansı şəraitdə hazırlıq keçirik. Bu haqda danışmaq istəmirəm. Hər bir futbolçu mənim üçün qəhrəmandır. Bu şəraiti bir onlar, bir də mən bilirəm.                        

 

- Rəqibin bir sıra real qol şansları oldu. Müdafiə xəttindən razı qaldınız?

- Oyunu analiz etsək, bizim çempionatda ən çox qol vəziyyəti yaratdığımız oyun idi. Müdafiəçiləri günahlandırmaq düzgün deyil. Müdafiə xəttinə Julien Ebah da kömək etməlidi. Yəni, kompakt şəkildə oynamalıyıq. Əks-hücumlarda geri qayıtmaq bəzən problem olurdu. Ebah qayıdırdı, amma Serjinyo, Orxan Əliyev və Dario Federiko bəzən çətinlik çəkirdilər. "Qəbələ" ustalıq sayəsində qol epizodlar yaratdı. Müqayisə aparsaq, biz daha çox şans qazanmışıq. Təbii ki, səhvlər olmamalıdır.

 

- Turnir cədvəlinə baxanda nə düşünürsüz?
- "Kəpəz" belə oyunla 6-cı pillədə olmağa layiq deyil. Neytral kimi deyirəm. Bu komandanın bu pillədə olması mənə zövq vermir. Daha üst mövqeydə olmalıyıq. Çox təəssüf ki, çempionat tez başa çatır.

 

- Çempionat tez başa çatacaq. Uzun fasilə komandaya necə təsir edəcək?
- Bu da bir dərddir. Ritmdən düşəcəyik. Avrokuboklara çıxmasaq, təxmini 2 ay istirahət olacaq. Əgər avrokuboklara vəsiqə qazansaq, 1 ay istirahət müddətimiz olacaq. Bu da futbolçulara təsir edəcək. Bunu  da başa düşməliyik. Bu durumla barışmalıyıq.

Tarix: 16 Aprel [19:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2017
26  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio