"Məşqçi öz qapıçısını gətirdi və məni kənarda qoydu"

14:59 - 19 Aprel 2017

Milli komandamızın qapıçısı Kamran Ağayevin Portuqaliya Premyer Liqasında mübarizə aparan "Boavişta" klubundan ayrılmasından xəbərdarsız.

 

31 yaşlı qolkiper "Boavişta"da 13 oyun keçirib (1200 dəqiqə). O, 4 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb. Qapısında isə 15 qol görüb. Ağayev 4 "quru oyun" keçirib. Yanvar ayında "Benfika" ilə matçdan (3:3) sonra Kamran əsas heyətə həsrət qaldı. Məşqçilər korpusu millimizin üzvünə çəçivəni həvalə etmədilər və qışda heyətə cəlb edilən Vaqner 1 nömrəli əlcək sahibi oldu.

 

Kamran Ağayevin "Boavişta"dan ayrılması ilə bağlı Sportal.az saytına milli komandamızın qapıçılar üzrə məşqçisi Faiq Əzizov və "Qaradağ Lökbatan"da qapıçı məşqçisi kimi çalışan Hüseyn Məhəmmədov fikirlərini bildiriblər.

 

Faiq Əzizov: “Avropadan Azərbaycan gəlmək artıq geri addım sayılır. Legioner həyatı yaşayan oyunçular bizim fəxrimizdi. Həmin oyunçunun karyerası uğurlu alınsa, futbolumuz adına sevindirici haldı. Gərək, onlara baxıb örnək alaraq xaricə gedən futbolçularımız çoxalsın. Görünür Kamran son zamanlar ehtiyatda qalmağı istəməyib və bu addımı atıb".

 

Əzizov Kamranın ona ayrılmasının səbəbini deyib:

 

"Kamran mənə dedi ki, məşqçi öz qapıçısını gətirdi və məni kənarda qoydu. Daha çox Vaqner Silvaya etibar etdi. Ümumiyyətlə bu, hər yerdə belədir. Məşqçi öz futbolçusunu gətirirsə, deməli, onu oynadacaq. Məncə, Kamranın məşqçilərində də günah var. Çünki Emin Mahmudova da şans verilmir. Mahmudov qol vurandan sonra heyətə düşə bilmir. Kamranı başa düşdük, “Benfika” ilə oyundan sonra ehtiyata düşdü, bəs Emin? Məsləhət vermişəm ona, böyük qardaş və məşqçi kimi dedim ki, get xaricə. Təcrübəli qapıçısan, Azərbaycan çempionatı sənin üçün çox aşağıdı, burada özünü məhv etmə”.

 

Hüseyn Məhəmmədov: “Geri dönməyi özü üçün yaxşı deyil. “Boavişta”da qalsaydı, daha yaxşı olardı. Çünki çempionatın səviyyəsi yüksəkdir. “Portu”,  “Sportinq”, “Benfika” kimi klublara qarşı oynayırdı. Karyerası üçün Avropada qalması daha yaxşı olardı.

 

Yəqin ki, qapıçılar üzrə məşqçi Vaqner Silvanın transferindən sonra Kamrandan imtina edib. Ola bilər ki, Kamran da ehtiyatda qalmağı qəbul etməyib. Futbolda belə hallar olur. İstəməzdim ki, Kamran Azərbaycana qayıtsın. Öz mövqeyi üçün sona qədər vuruşmalı idi”.

Xəbər xətti