Vaqif Sadıqov: "Premyer Liqada neçə komandanın iştirak edəcəyi heç kimə bəlli deyil" MÜSAHİBƏ

19:55 - 20 Aprel 2017

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Sportal.az saytına müsahibə verib.

 

- Premyer Liqada neçə komandanın iştirak etməsinin tərəfdarısınız?
- Yaranmış vəziyyət elədir ki, dəqiq bir söz demək olmur. Premyer Liqada neçə komandanın iştirak edəcəyi heç kimə bəlli deyil. Yaranmış vəziyyət imkan vermir dəqiq söz deməyə. “İnter”in vəziyyəti göz qabağındadır. AZAL-ın gələcəyi də qaranlıq görünür. Hər iki komandanı qoruyub saxlamaq lazımdı. Bu klubların yaxşı şəraitləri və ənənələri var.

 

- Hər hansı təklif paketi hazırlanıbmı?
- İki il əvvəl təklif paketi hazırlamışdıq. Hazırda böhran futbola da ciddi təsir edib. Bu səbəbdən həmin proqramlar hələ də qalır.

 

- Böhran hər bir ölkədə yaşanır. Məsələn, qonşu Gürcüstan dövlətdən dəstək aldı. Növbəti iclasda bu haqda müzakirə olacaq?
- Çempionatın səviyyəsini qorumaq lazımdı. İndi ən vacib budur. Rəqabətli çempionatın davam etməsi təklifi ilə çıxış etmək lazımdır. 10-12 komandanın çempionatda iştirakını müzakirə etmək olar. Amma bunun nə dərəcədə mümkün olacağı müzakirələrdən sonra məlum olacaq. Bunu da zaman göstərəcək. Çempionatın bitməsini gözləmək lazımdır.

 

- Hansı komandaların Premyer Liqaya yüksəlməsinin tərəfdarısınız?
- Lisenziya şərtlərinə cavab verən komandaların. İstərdik ki, klublar çox olsun və onlar bölgələri təmsil etsinlər.

 

- Düşünmürsünüz ki, çempionat səviyyəsi düşüb?
- Bu çempionat say baxımından bizi qane etmədi, amma rəqabət var idi. Sona iki tur qalmış çempionun adı məlum oldu. Avropa Liqasına son vəsiqə uğrunda isə mübarizə davam edir. Çempionat heç bir komanda üçün rahat keçmədi. Rəqabətli çempionat izlədik. Amma yenə də səviyyə baxımından uduzurduq. Əvvələr 5-6 klub çempionluq uğrunda mübarizə aparırdı. Bu il isə iki komanda – “Qəbələ” və “Qarabağ” mübarizə apardı. Sayla rəqabət artırmaq olmaz. Aşağı liqadan gələn komanda da rəqabət apara bilsin, hədəfləri olsun. Say xətrinə klub sayı artırmaq olmaz.

Xəbər xətti