"Şahin Diniyev istəsə, "Kəpəz"də qalaram" MÜSAHİBƏ

“Kəpəz”in müdafiəçisi Azad Kərimov klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az saytı müsahibəni təqdim edir

 

- Azad, "Kəpəz" son iki turda möhtəşəm qələbələrlə azarkeşlərini sevindirib. Demək olarmı ki, komanda oyun planında pik nöqtəsinə çatıb?  

- Əlbəttə, komandamız indi daha yaxşı oynayır, mübarizə aparır. Üstün keyfiyyətlərimiz çoxdu və bunu oyundan-oyuna daşıyırıq. “Neftçi” ilə matçda “18-lik”də olmasam da, komanda yaxşı oynadı və bunun nəticəsi kimi layiqli qələbə qazandı. Elə “Qəbələ”yə qarşı görüşdə olduğu kimi. Bu oyunda mən də meydana çıxdım. Uğurlu çıxışımızı davam etdirməliyik. Növbəti təqvim matçımız AZAL-a qarşı olacaq. Bütün hazırlığımız bu qarşılaşmaya yönəlib. Avroliqa şansını saxlamaq üçün qələbə qazanmaq istəyirik.

 

- “Qəbələ” ilə oyun heç-heçə başa çatsaydı və ya rəqib qalib gəlsəydi, bu ədalətli nəticə olardı?

- Oyundan əvvəl bilirdim ki, qalib gələcəyik. Bunu hiss etmişdim. Tək mən yox, komanda yoldaşlarımın da düşüncəsi yalnız qələbəyə yönəlmişdi. Hesab məncə, oyuna görə olmadı, rəqib qapısına 4-5 qol vurmalıydıq. Təəssüf ki, epizodlardan istifadə edə bilmədik. Bizə qələbə gətirən qolları gec vurduğumuzdan həyəcan, narahatlıq vardı. Əsəbimiz yerində deyildi. Bununla belə qələbə qazanmışıqsa, deməli, istəyimizə çatmışıq.

 

- Mövsümün sonuna doğru futbolçular adətən fiziki cəhətdən daha yorğun görünürlər. Amma “Qəbələ” ilə görüşdə “Kəpəz” çempionatın əvvəlində olduğu kimi çıxış etdi. Komandaya yeni nəfəs, güc gəlib. Bunu nə ilə əlaqələndirə bilərsən?

- Əvvəlcə onu deyim ki, hər şeyin başında kollektivimiz mehriban olması dayanır. Hamımızın məqsədi eynidir, bacardıqca uğurlu nəticələrə imza atmalıyıq. Hər bir oyuna final matçı kimi çıxırıq. Motivasiyamız yüksəkdir, doğma meydanda azarkeşlər qarşısında oynayırıq. Rəqibdən asılı olmayaraq fikrimiz qələbə qazanmaqdır.

 

- Əvvəlki dövrələrlə müqayisədə indi oynamaq imkanı az əldə edirsən. Bu səni narahat etmir?

- Təbii ki, narahat edir. Bütün futbolçular kimi mən də daim oynamaq, göz qabağında olmaq istəyirəm. Futbolçu oynamadıqca passivləşir, formadan düşür. Məşqlərdə öz üzərimdə işləməklə özümü göstərməyə, bacarığımı artırmağa çalışıram. 

 

- “Qəbələ”nin əvəzediciləri ilə oyunda da meydana çıxmışdın. Əsas komandanın oyununda yorğun deyildin?

- Yox, hər şey qaydasında idi. Ehtiyatda otursam da, ehtiyac olacağı halda komanda yoldaşlarımı əvəzləməyə hazır idim. Gücüm vardı, baş məşqçi meydana daha tez buraxsaydı belə nə qədər lazım idisə oynayacaqdım. 

 

- Mövsümün sonunda “Kəpəz” ilə müqavilən başa çatır. Komandada qalmaq istəyirsən?

- Hələ ki, ortada heç bir danışıq olmayıb. Yəqin ki, çempionat bitəndən sonra bu haqda söhbət olacaq. Əgər Şahin müəllim məni yenə komandasında görmək istəsə, böyük məmnuniyyətlə “Kəpəz”də qalmaq istəyərəm. Amma məqsədim ehtiyatda qalmaq yox, daim əsas heyətdə yer almaqdır.

 

- Bakıda keçiriləcək İslamiadada iştirak edəcək U-23 komandasına namizədlər arasında yer almısan. Millinin yekun siyahısına düşəcəyini gözləyirsən?

- Hamının ürəyindən bu yarışda iştirak etmək keçir. Baş məşqçi Yaşar Vahabzadəyə dəvət üçün minnətdaram. İlkin heyətdə yer almışam, sonrası görək necə olur. Yekun siyahıda adımın olmasını arzu edirəm. Komandaya uğur qazanmasında kömək etmək istəyirəm. 

Tarix: 21 Aprel [14:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio