Robert Prosineçki də "yola verməyə" başlayıb, kubokun finalına da getmək istəmir REPLİKA

13:25 - 23 Aprel 2017

Millimizin sabiq baş məqşçisi Berti Foqts Azərbaycana gəldiyi gündən işinə laqeyd yanaşırdı. Qoca həftələrlə, aylarla Almaniyada pivə içirdi və yalnız oyundan-oyuna, toplanışdan-toplanışa gəlirdi buralara. Buna görə xeyli tənqid də olunurdu mətbuat tərəfindən. Amma nə fayda? Qoca sona qədər də belə idarə elədi millimizi.

 

Berti Foqtsla yaşanmış xoşagəlməz vəziyyətdən sonra AFFA rəhbərliyi yeni məşqçiylə “şərti şumda kəsmək” qərarına gəldi. Robert Prosineçki də təqdimat mərasimində açıqladı ki, Azərbaycanda yaşayacaq, ailəsini bura gətirəcək, bir sözlə, bura onun ikinci vətəni olacaq. İlk vaxtlar belə idi. Stadionları qarış-qarış gəzən Prosineçki bütün futbol hadisələrinin mərkəzində idi. Ancaq axır vaxtlar artıq o da “yola verməyə” başlayıb. Çempionat matçlarında çox az-az görünür, hətta mərkəzi oyunlara da gəlməyi lazım bilmir. Vəziyyət o yerə çatıb ki, kubokun finalına getməkdə də tərəddüd eləyir.

 

 

Ölkənin iki ən güclü komandası qarşılaşır, millimizin baş məşqçisi isə bu oyunu izləməkdə o qədər də maraqlı deyil. Onu əsas gətirir ki, həm “Qarabağ”ın, həm “Qəbələ”nin heyətindəki milli üzvlərini yaxından tanıyır. Bu nə absurd məntiqdi? Prosineçkinin sözündən elə çıxır ki, dünyanın heç bir yerində millinin məşqçisi klubların oyununu izləməli deyil. Çünki bir komandanın oyunçularını tanımaq üçün cəmi 6-7 oyun da kifayət eləyə bilər. Əgər xorvat mütəxəssis stadionlara getməyəcəksə, onda Bakıda niyə yaşayır? Elə getsin məmləkətinə, oyunları da televiziya vasitəsi ilə izləsin!    

Xəbər xətti