80 ilin ən qara üzü QEYD

20:13 - 23 Aprel 2017

“Neftçi”nin rəngləri kimi tarixi də ağ-qaradan ibarət olub həmişə. Sovetlər dönəmində də, müstəqillik illərində də zaman-zaman pis durumlara düşüb xalq komandamız. Amma yarandığı gündən 80 il sonra, özü də belə zəif çempionatda “Neftçi”nin yubiley ilində bu qədər bərbad çıxış edəcəyini heç ən pessimist azarkeşlər də proqnozlaşdırmazdılar.

 

Rəsmiləşdi, “Neftçi” yubiley ilini nəinki titulsuz başa vurur, heç avrokuboklara da gedə bilmir. Belə baxanda, heç ötən mövsüm də avrokuboklara vəsiqə qazana bilməmişdilər. Ancaq o vaxt məlum səbəblərdən “İnter” və “Zirə”nin əvəzinə Avropa Liqasına yollananlardan biri də “Neftçi” olmuşdu. Di gəl ki, orada da üz ağarda bilməmişdilər. İndi, daha bir uğursuz mövsümün sonunda ölkənin ən köklü klubunda hamı günahkar axtarışına çıxıb. Hamı rəzil durumun günahını başqasında axtarır. Çingiz, Elxan, Vəli, Elnur, Orxan və ya bir başqası... Bunun artıq heç bir önəmi yoxdur. Tarixdə təfərrüatlar yox, nəticə qalır. Bu “Neftçi” 80 ilin ən qara üzüdü. “Flaqman”ı kimin bu günə qoyduğunu 20-30 ildən sonra çox az adam xatırlayacaq. 80 illiyin qara səhifəsi isə həmişə “Neftçi”nin üstündə biabırçı tarix kimi qalacaq.

 

 

Sonda bir neçə kəlmə də Elxan Abdullayev barədə. Onu günah keçisi çıxarmaq fikrindən uzağıq. Çünki Elnur Məmmədov-Vəli Qasımov tandemi “Neftçi”ni elə hala salmışdı ki, onu yenidən ayağa qaldırmaq çətin idi. Lakin Elxan Abdullayev yubiley ilində “Neftçi”ni heç olmasa Avropa Liqasına çıxara bilərdi. Komanda qış fasiləsindən sonra normal oynamağa da başlamışdı. Səbəb kimi göstərilən kubok oyunlarına gəlincə, “Qarabağ”la (0:2) evdəki ilk matçdan sonra “Neftçi” üçün mübarizə artıq sona çatmışdı. Əgər Elxan bəy hələ də möcüzəyə ümid edirdisə... Məşqçinin əsas bacarığı da odur ki, komandasının imkanlarını düzgün müəyyənləşdirə bilsin! İndi isə öz dediyi kimi “Əli aşından da oldu, Vəli aşından da”. Hərçənd kubok matçlarını Premyer Liqadakı uğursuzluğun əsas səbəbi kimi qəbul etmək olmur. Yəqin ki, bunun dəqiq, dolğun izahı da var. Amma ən bəsit formada desək, “Neftçi” qış toplanışında yığdığı gücü qısa zamanda xərclədi. "Bir neçə atımlıq barıt" təsiri bağışladı Elxan Abdullayevin qışdan sonrakı komandası. Mövzunu bir qədər də uzadıb, daha detallı təhlillər aparmaq olardı. Qısaca isə, 80 ilin ən qara üzü oldu bu “Neftçi”...   

 

Emin ABBASOV

 

Xəbər xətti