Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" MÜSAHİBƏ

00:04 - 24 Aprel 2017

Azərbaycan Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Sumqayıt” (2:1) oyunundan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o, ilk olaraq çempionluq sevincini bölüşüb:

 

- Bu gün sevincliyik. Çox şeydən danışmaq istəmirəm. “Qarabağ” ailəsinin bu uğurlara layiq olduğunu düşünürəm. “Qarabağ” sevərləri təbrik edirəm. Məsuliyyətli bir iş gördük, çempion olduq.Öncəki illərdəki kimi bu il də çempionluğu qoruyub saxlamaq ağır, çətin olacaq. Daha da çox şey tələb olunacaq bizdən. İldən-ilə məsuliyyətimiz də artıb. 

 

- “Qarabağ”ın bu il çempionluq uğrunda tək rəqibi “Qəbələ” idi. Bəs növbəti il nə düşünürsən, rəqibləriniz artacaq?

- Tam səmimi deyirəm ki, istərdim daha çox mübarizə, daha çox komanda olsun çempionatda. Amma bu söhbətlər məni aşır, əlimdən bir şey gəlmir. Nə qədər çox rəqabət olsa, bir o qədər yaxşıdır.

 

- Əgər çempionatda bütün klublar güclü deyilsə, mübarizə yoxdursa, Avrokuboklarda da komandalarımızın çıxışları zəif olur. Bu fikirlə razısan?

- Əlbəttə, elədir. Avrokuboklarda mübarizə apardıqdan sonra Premyer Liqada oynamaq çətin olur. Düşünürəm ki, gələn il bu problemlər həllin tapar. 

 

- Transferinlə bağlı yenilik varmı?

- Hələ ki, yeni bir şey yoxdur.

 

- “Neftçi”yə keçidinlə bağlı xəbərlər yazılıb. Nə dərəcədə doğrudur?

- Mən müsahibələrimdə də demişəm ki, əgər “Qarabağ”dan “Neftçi”yə keçsəm, bu transferdə klubumun razılığı olmalıdır. Mənim burda qalıb, qalmamağımı məşqçilərimiz təyin edəcək. Demişəm ki, Allah nəsib etsə, karyeramı “Qarabağ”da başa vurmaq istəyirəm. Amma qismət.. Çox istəyirəm, istəməklə də hər şey olmur.

 

- Mayın 5-də Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsən?

- Açığı, qarşımızda bizə hirsli bir komanda var. “Qəbələ” çempionatın bütün yorğunluqların, uğursuzluqların heyfini bizdən çıxmaq istəyəcək. Bu oyunu revanş oyunu kimi düşünəcəklər.

Xəbər xətti