İqbekoyi arxivini açdı: “Heç vaxt peşman olmamışam” MÜSAHİBƏ

16:33 - 27 Aprel 2017

Viktor İqbekoyi. Xarizmatik, özünəməxsus oyun tərziylə seçilən bu futbolçu, illərdi ölkəmizdə çıxış edir. Kimlərin rəhbərliyi altında oynamayıb ki?.. Bu da başadüşüləndi. Axı, 10 il bir ölkədə yaşadıqda, formasını geyindiyin klubların sayı da az olmayacaq. Son iki mövsümü “Zirə”nin uğurları üçün tər tökən İqbekoi ölkəmizdəki yaşam tərzindən, rəqslərimizdən, ailəsindən ayrı qalmasından və Avropa Liqası şanslarından danışdı.

 

- Artıq 10 ildir ki, Azərbaycandasan. Bu müddət ərzində nələr qazanmısan?
- Azərbaycanda çox şey qazanmışam. Bu yöndə çox xoşbəxtəm. Qazandıqlarımı saymağa ehtiyac yoxdur. Onsuz da hər şey göz önündədir. Allaha çox təşəkkür edirəm ki, mənə belə bir imkan verib. Şəxsi həyatımdan başqa futbolçu karyeramda da hər şeyə Bakıda nail olmuşam. 2010/2011-ci illərdə Avropa Liqasında oynamışam. Son ildə Azərbaycan Premyer Liqasının gümüş medallarını "Zirə" ilə qazandım. Bu mövsüm klubumla Avropa Liqasına getmək şansımız da çoxdur. Bunlar hamısı mənim arxivimə yazılan uğurlardır. 

 

- Azərbaycanı seçdiyin üçün həmişə sevinmisən? 
- Azərbaycan mənim üçün önəmli ölkədir. Hara baxsan, burada hər hansı problemlə üzləşdiyimi deyə bilmərəm. Heç bir klubda çətinliklə qarşılaşmamışam. 

 

- İlk dəfə ölkəmizə gələrkən “Turan”da hücumçu kimi çıxış etmisən...
- Bəli, forvard kimi oynayırdım. Həm də sağ cinah yarımmüdafiəçisi – vinger kimi çıxış edirdim. Sonradan indiki mövqeyimə gəldim. 

 

- “Turan” ilk dəfə Azərbaycana gəldiyin, AZAL isə uzun müddət oynadığın klubdur. Onların hazırki durumuna baxanda nə düşünürsən?
- Hər ikisi ölkə futboluna lazımlı klublardır. Düzdür, hazırda onların maliyyə problemləri var, amma bu, yavaş-yavaş həll olunacaq. “Turan” birinci divizionda çempion oldu. Bu, Tovuz futbolu üçün möhtəşəm hadisədir. Bilirəm ki, onlar indi həddən çox sevinirlər.

 

- “Turan”dan “Qarabağ”a keçidin necə baş tutmuşdu?
- “Turan”da oynayarkən Rasim Kara mənimlə əlaqə saxladı. Bildirdi ki, məni komandasında görmək istəyir. Onunla danışdıq və “Qarabağ”a gəldim. Kara çox güclü və təcrübəli baş məşqçi idi. Biz birlikdə işləyəndə həmişə ondan razı olmuşam. 

 

- O, “Qarabağı” tərk edib “Xəzər Lənkəran”a gedəndə haqqında çox danışdılar. Komandanı aldadıb qaçmaqda ittiham etdilər. Bu barədə sən nə bilirsən?
- Bunlar haqqında heç eşitməmişəm. 

 

- Rasim Karanın gedişindən az müddət sonra sən də “Qarabağ”dan ayrıldın...
- AZAL məni istəyirdi. Orada daha çox meydana çıxmaq üçün şansım var idi. Bu səbəbdən “təyyarəçilər”in təklifini qəbul etdim. Həm də “Qarabağ”da müqaviləm başa çatmışdı.

 

- Həmin vaxt “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idi. Onunla danışığınız oldu?
- Biz çox qısa müddət birlikdə işlədik. “Qarabağ”dan ayrılmaq mənim qərarım idi. Söhbət etdik və düşündüm ki, AZAL-la müqavilə imzalayacam. 

 

- İndi peşman deyilsən? Bəlkə o zaman “Qarabağ”da qalsaydın, hələ də oynayırdın...
- Yox, heç zaman peşman olmamışam. “Qarabağ” həmişə mənim eks-klubum olaraq qalacaq. Klubu hər zaman xatırlayacam. 

 

- Azərbaycan sənin üçün önəmli ölkə olsa da, ailən Amerikada yaşayır...
- Mənim üçün çətindir. Ailədən, uşaqlarımdan ayrı qalmaq asan deyil. Onları bura gətirməyi çox istəyərdim. Amma övladlarımın məktəbinə görə ailəmi Bakıya gətirə bilmirəm. Həm də evim də oradadır. 

 

- AZAL-da çıxış edərkən evlənmisən?
- Bəli. 

 

- Amma ailəndən ayrı qalırsan...
- Bu, bizim qərarımızdır. 

 

- Uzun illərdir burada yaşayırsan. Övladların üçün burada məktəb kifayət qədər var...
- Əlbəttə. Amma ailəm Amerikada qalmağı seçdi. Bu, onların qərarıdır və hörmət edirəm. Bilirəm ki, Bakıda çox gözəl məktəblər var. 

 

- Bəs, tək yaşamaq sənin üçün darıxdırıcı deyil? 
- Əlbəttə ki, çətindir. Onlar üçün darıxıram. Amma burada işləməyim lazımdır. Bütün bu çətinliklər ailəm üçündür. Azərbaycanda onlardan ayrı qalmağım uşaqlarımın gələcəyini düşündüyümə görədir. 

 

- Son 2 ildə baş verən böhrana görə ölkəmizdən getməyi düşündünmü? Bir müddət də klubsuz qalıb çətinlik yaşadın...
- Burada qalmaq öz qərarım idi. Çempionatın zəifləməsi və böhran o qədər önəmli deyil. 

 

- Azərbaycan yeməkləri sənə çətinlik yaratmır?
- Yox, Azərbaycan mətbəxini həmişə sevmişəm. Arada Afrika mətbəxindən olan yeməklər də yeyirəm. 

 

- Burada Afrika yeməkləri olan restoranlar var?
- Yoxdur. Mən özüm yeməkləri evdə hazırlayıram. 

 

- Azərbaycan musiqilərini dinləyirsən? 
- Əlbəttə. Çox xoşuma gəlir. Musiqilərdənsə rəqsləri çox sevirəm. Burada əla parklar və kinoteatrlar var. Oralara da gedirəm.

 

Sport24.az

Xəbər xətti