Premyer Liqada mövsümün kəşfi - Tellur Mütəllimov

İtaliyanın “Tuttosport” nəşrinin 2003-cü ildən təsis etdiyi “Golden boy” mükafatına 2017-ci il üçün namizdələrin adları açıqlanıb. Avropanın futbol çempionatlarının əsas liqalarında çıxış eləyən 21 yaşa qədər oyunçuların siyahısında Kilian Mbappe, Usman Dembele, Canluici Donnarumma, Qabriel Jesus və digər böyük gələcək vəd eləyən futbolçular var. Tanınmışlarla yanaşı, 100 nəfərlik siyahıya geniş auditoriyaya elə də tanınmayan gənc futbolçuların adları da daxil edilib. Təəssüf ki, siyahıda bizim Premyer Liqadan heç bir gənc futbolçunun adı yoxdur...

 

Bəs, bizim Premyer Liqadan bu mövsüm “Golden boy” mükafatına nominantlar arasında kim yer ala bilərdi? Əslində, seçim elə də böyük deyil. 21 yaşa qədər futbolçular arasında ən yaxşı, mövsümün kəşfi Tellur Mütəllimovu hesab etmək olar. “Qəbələ”nin müdafiəçisi çempionatın gedişində ortaya elə oyun qoydu ki, Robert Prosineçkidən də milliyə dəvət aldı.

 

 

“Qəbələ”nin prezidenti Tale Heydərovun klubun akademiyasına etdiyi böyük yatırımlar son illər öz bəhrəsini verməyə başlayıb. Demək olar ki, hər il Premyer Liqaya gənc oyunçu bəxş eləyirlər. Bəziləri “Qəbələ”də möhkəmlənə bilir, bəziləri isə karyerasını başqa klublarda davam etdirirlər. Tellur Mütəllimov da “Qəbələ”nin öz “məhsuludur”.  Maraqlıdır ki, Tellur “Qəbələ”nin akademiyasına bir neçə cəhddən sonra düşə bilib. Hər dəfə seçimlərdən geri qaytarılanda üzərində çalışıb, yenə özünü göstərmək üçün “Qəbələ”nin qapısını döyüb. Nəhayət, 3-cü cəhddə arzusuna çatıb. Beləliklə, 16 yaşında klubun sisteminə düşə bilib.

 

 

“Qəbələ”nin akademiyasındakı məşqçiləri də ilk növbədə Tellurun əzmkar xarakteri cəlb eləyir. U-17 komandasında onu müxtəlif mövqelərdə yoxlayırlar, Tellur hətta stopper kimi də çıxış eləyir. Cəldliyi, soyuqqanlılığı bir çox mövqelərdə oynamasına imkan verirdi. Əvəzedici komandada olanda, “Qəbələ”nin o vaxtki baş məşqçisi Dorinel Muntyaninin də diqqətini çəkə bilir. Hətta bir neçə oyunda 18-likdə yer alır, amma debüt eləmək imkanı qazanmır. Daha sonra onu “Zirə”yə icarəyə verirlər. “Qəbələ” futbol akademiyasının rəhbəri Nail Kərimov həmin dönəmi belə xatırlayır:

 

“Tellur “Zirə”yə yayda getsə də, yanvara qədər heç bir oyunda iştirak etmədi. Onun oynamamağı məni çox narahat eləyirdi. Fikirləşirdim ki, əgər əvəzedicidə oynayacaqdısa, elə “Qəbələ”də qalıb əvəzedicilərdə oynaması daha yaxşı idi. “Zirə”yə keçidinin yanlış olduğunu düşündüyüm bir vaxtda Tellur əsas komandada görünməyə başladı. Sizə bir maraqlı fakt da deyim. Tellur “Zirə”də heyətə düşmədiyi vaxtlarda “Qəbələ”də onun məşqçisi olmuş mütəxəssisə demişdi ki, məşqçilik heç nə yoxdur, hələki zəifəm. Görürsüz, yenə də ön plana onun əzmkarlığı çıxır. Günahı başqasında yox, özündə görür, çalışır və  “Zirə”nin bizə 2:1 hesabı ilə qalib gəliyi oyunda əla təsir bağışlayır. Bununla da “Qəbələ”yə dönüşünü təmin eləyir”.

“Qəbələ”yə qayıtdıqdan sonra Tellur Mütəllimov bir neçə Avroliqa matçında iştirak eləyir. Premyer Liqanın ilk turunda “Qəbələ”nin “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldiyi matçda bir qol vurur və qol ötürməsi verir.

 

 

“Zirə”də sağ cinah müdafiəçisi oynasa da, Roman Qriqorçuk “Qəbələ”də onu yarımmüdafiədə sınayır. Bəlkə onu sıxan bu olur, bəlkə də bir başqa məsələ. Bəzi oyunlarda inamsız görünən Tellur ehtiyat oyunçular skamyasının sakininə çevrilir. Lakin Premyer Liqada 21 yaşa qədər olan oyunçu limitinə uyğun gələn Elvin Camalovun zədələnməsi Tellur Mütəllimov üçün növbəti şansa çevrilir. Limitə görə oynamaq imkanı qazanan Tellur müdafiənin sağında sərgilədiyi inamlı oyunla tək Roman Qriqorçukun deyil, milli komandanın baş məşqçisi Robert Prosineçkinin də rəğbətini qazanır və Qətər yığması ilə yoldaşlıq matçında millidə debüt eləyir.

 

Tellur Mütəllimovla bağlı fikirlərini davam etdirən Nail Kərimov onun hələ üzərində çox çalışmalı olduğunu deyir: “Onun yaxşı keyfiyyətləri çoxdur. Mübarizdi, sürəti var. Amma çoxlarından fərqli mən onun mənfi keyfiyyətlərini də görürəm. Çünki çoxlarından fərqli mən oyun vaxtı daha çox akademiyanın uşaqlarını izləyirəm, bütün diqqətimi onların oyununa yönəldirəm. Belədə Tellurun çatışmayan cəhətlərini də görürəm. Ona görə də, dayanmadan üzərində çalışmalıdır”.

 

 

“Qəbələ”yə gələnə qədər Adil Mahmudovun rəhbərliyi altında çıxış eləyən Tellur Mütəllimov aşağı yaş qrupları üzrə milli komandalara heç vaxt çağırılmayıb, bir neçə dəfə U-21-ə qoşulub. O, aşağı yaş üzrə qruplarda oynamayıb əsas milliyə düşən az sayda futbolçulardan biridir. Heç bir futbolçu enişdən, zədədən sığortalanmayıb. Amma belə davam eləsə, Tellur Mütəllimov həm “Qəbələ”nin, həm də milli komandanın dəyişməz oyunçularından olacaq. Onu son illərdə futbolumuzda yetişən ən istedadlı futbolçulardan biri hesab eləyə bilərik.  

 

Emin Abbasov

 

Qeyd: Bu yazı AFFA-nın dəstəyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə keçirilən "Sürətin Nəbzini Tut" Futbol Jurnalistikası təlimi çərçivəsində hazırlanıb. 

  

 

Tarix: 29 Aprel [13:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2017
18  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio