"Qarabağ"a qayıtsın, bir başqa kluba getsin, yoxsa "Zirə"də qalsın? QEYD

11:25 - 1 May 2017

Premyer Liqada bu mövsüm adından söz etdirən futbolçulardan biri də “Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadə oldu.

 

Ölkə futbolunun ən problemli mövqelərindən sayılan müdafiənin sol cinahında baxımlı oyun sərgiləyən Təmkin belə davam eləsə, milli komandaya da dəvət alacaq.

 

 

Əlbəttə, 27 oyun və 2 qol onun üçün yaxşı göstəricidir. Premyer Liqanın son turunda AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablayan Təmkin Xəlilzadə digər klubların ona maraq göstərdiyini təsdiqləyib:

 

“Hələ ki, heç bir klubla danışıq aparmamışam. Eşitdiyimə görə, təkliflər var. Amma ilk olaraq “Zirə” ilə danışacam. Yalnız ondan sonra başqa təkliflər barədə düşünəcəm”.  

 

Təmkin Xəlilzadə çox vacib qərar qarşısındadır. Çünki səhv seçim kareyerasında enişə gətirib çıxara bilər. Təkliflər arasında ən cəlbedicisi “Qarabağ”dan gələ bilər. Axı, Təmkin “Qarabağ” futbol akademiyasının yetirməsidir və Qurban Qurbanova yaxından tanış olan biridir. Amma Qurbanov demək olar ki, bütün gənc futbolçuları “Qarabağ”a götürəndə açıq-aydın deyir ki, rəqabətdə təcrübəli futbolçuya uduzan əsas heyətdə çıxış eləməyəcək. Bu isə o deməkdir ki, Təmkin Xəlilzadə “Qarabağ”a gəlməli olsa, Ansi Aqolli ilə rəqabət aparmalı olacaq. Düzdü, alban futbolçunun yaşı artıq 35-i haqlayıb. Ancaq necə deyərlər, Ansi hər nə qədər qoca olsa da, min cavana dəyər.

 

 

“Zirə”nin baş məşçqisi Ayxan Abbasovun dediklərində böyük həqiqət var. Heç kim zəmanət verə bilməz ki, Təmkin indiki durumda bir başqa komandada “Zirə”dəki kimi yaxşı çıxış sərgiləyə bilər. Xəlilzadə “Zirə”də öz oyununu tapıb, məşqçilər ona güvənir, komanda avrokuboklarda çıxış eləyəcək. Təbii ki, son qərarı Təmkin özü verməlidir. Ancaq qərar verməzdən əvvəl gərək hər şeyi min dəfə götür-qoy eləsin. Səhv qərar üzündən karyerasını məhv eləyənləri çox görüb bizim Premyer Liqa. İstiqamət verməli olsaq, onun “Zirə”də qalmasının daha doğru olacağını deyə bilərik. Ən azı daha bir mövsüm bu klubda sabit mövsüm keçirəndən sonra digər təkliflər haqqında düşünməsi doğru olardı.

 

Emin Abbasov

 

 

Xəbər xətti