"Neftçi"nin legioneri: "Elxan Abdullayevlə işləmək rahatdır" MÜSAHİBƏ

12:28 - 1 May 2017

Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümünün son turunda “Neftçi” 1:2 hesabı ilə “Qarabağ”a uduzub. Oyundan sonra paytaxt klubunun müdafiəçisi Pavel Dreksa jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Yenə məğlub oldunuz...

-    “Qarabağ” çox yaxşı oynadı. Məğlubiyətin səbəbi o idi ki, “Qarabağ” bizdən üstün idi. Bu qədər söyləyə bilərəm.

 

-    Ruslan Abışovun avtoqolu barədə nə söyləyə bilərsiz?

-    Futbolda səhvlər olub və olacaq da. Bu da həmin səhvlərdən biri idi. Amma oyunun taleyini həll edən qol deyildi. Məğlubiyyəti sırf avtoqlla əlaqələndirmirəm.

 

-    90 dəqiqə ərzində darıxmadınız?

-    Biz hamımız peşəkarıq, işimizi görürük. Amma yaxşı oynamadıq. Final fitinin səslənməsini gözləmirdik, nəticənin heç nəyi dəyişməyəcəyi məlum olsa da, konsentrasiyamızı pozmamağa çalışırıq.

 

-    Komandanın azarkeşləri, fan-klubları bu matçı boykot etmişdi...

-    Tribunların boş olduğuna fikir verdim. Azarkeşlərin az olması yaxşı hal deyil. Bu haqda nəsə deyə bilmərəm. Ola bilsin ki, onlar haqlıdırlar. Çünki son oyunlarımızda yaxşı nəticə qazanmırıq.

 

-    Özünüz analiz aparırsız?

-    Qışdan sonra ilk 5 oyunda yaxşı oynadıq. Bizim üçün qırılma anı “Qarabağ”a ölkə kubokunda uduzduqdan sonra oldu. Həmin məğlubiyyətdən sonra işlərimiz qaydasında getmədi.

 

-    “Neftçi”də gələcəyiniz necə olacaq?

-    “Neftçi”də hər şey xoşuma gəlir, hər şey məni qane edir. Sadəcə, bundan çox xal toplaya bilərdik. Mənfi cəhət budur ki, çətinlik çəkdik. 

 

-    Növbəti mövsüm “Neftçi” iddialı olacaq?

-    Fikrimcə, növbəti mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Legioner və yerli futbolçuların çoxu qış fasiləsindən sonra qoşuldu. Bir-birimizi isə tanımırdıq. İlk dəfə idi ki, bir-birimizi görürdük və tanış da olmamışdıq. Futbolçu komandaya cümə günü gəlib, şənbə günü qollar vura bilməz və ya müdafiədə yaxşı oyun sərgiləyə bilməz. Futbolda vaxt lazımdır. Düzdür, daha çox xal toplaya bilərdik. Vaxta ehtiyac var.

 

-    Elxan Abdullayevin rəhbərliyi altında çalışmaq istəyirsiniz?

-    Təbii ki... Sualınızı tam başa düşmədim. Nəyi nəzərdə tutursunuz? Mən klub rəhbəri deyiləm. Qərarı rəhbərlik verir. Kimin rəhbərliyi altında oynayırsansa, ona hörmət etməlisən. Mənə Elxan Abdullayevlə işləmək rahatdır. 

 

-    Növbəti mövsüm Premyer Liqada 10 komandanın iştirakı gözlənilir. Bu, “Neftçi”nin işini asanlaşdıracaq, yoxsa çətinləşdirəcək?

-    10 komandanın olması yaxşı haldır. Çünki 8 klub çox azdır. Yanvardan sonra cəmi 14 oyun keçirdik. Deməzdim ki, işimizi çətinləşdirəcək. Bu, müsbət haldı.

 

- Avrokuboklarda Azərbaycan klublarına azarkeşlik edəcəksiniz?

- Çex klublarına qarşı oynamasalar, dəstəkləyəcəm.

Xəbər xətti