Dmitri Nazarov: "Bizdən bunu heç kim gözləmirdi"

12:22 - 1 May 2017

"Hazırda inanılmaz formadayıq. Düşünürəm ki, çox yaxşı oyun sərgiləyirik". 

 

Sportal.az xəbər verir ki,bu sözləri millimizin futbolçusu Dimitri Nazarov deyib. Nazarovun formasını geyindiyi "Aue"  Almaniya II Bundesliqasının XXXI turunda öz meydanında "Vuerzburger"lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Bənövşəyilər"in ikinci qoluna matçın 10-cu dəqiqəsində yarımmüdafiəçi özü imza atıb.

 

Matçdan sonra Almaniya mətbuatına açıqlama verən oyunçu komandasının hazırkı durumundan söz açıb:

 

"Xüsusən də öz azarkeşlərimiz qarşısında yaxşı oynayırıq. Onların bizə olan sevgisi və dəstəyi sonsuzdur. Dünənki qarşılaşmada stadionun yarısı dolmuşdu. Amma mən elə bilirdim ki, 40 min azarkeş qarşısında oynayırıq".

 

Millimizin üzvü bildirib ki, mövsümün əvvəli ilə müqayisədə indi daha yaxşı oyun sərgiləyirlər:

 

"Mövsümün əvvəlində və ortalarında ciddi uğursuzluğa düçar olmuşduq. Bizdən heç kim belə geridönüş gözləmirdi. Həqiqətən də ilk dövrədə çətinlik çəkirdik. Lakin sonradan öz oyunumuzu tapmağa və yaxşı oynamağa başladıq".

 

Qeyd edək ki, Nazarov bu mövsüm "Aue"nin heyətində 25 oyun keçirib və 9 qol vurmağı bacarıb.

Xəbər xətti