Klublarımız "Portu"nun yoluyla gedə bilərmi?

12:17 - 4 May 2017

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmaları davam etdiririk.

 

 

II YAZI

 

Avropanın aparıcı klublarının üç əsas gəlir istiqaməti teleyayım, stadion (bilet və s. satışlar) və sponsor müqavilələridir. “Böyük beşlik” ölkələrində bu mexanizm təkmilləşsə də, ikinci dərəcəli futbol ölkələrində bu mənada heç də hər şey ideal deyil. Ona görə də, belə ölkələrin klubları maliyyə əldə eləmək üçün başqa üsullardan da bəhrələnməyə çalışırlar. Misal üçün, Portuqaliya və Hollandiya kimi ölkələrdə gəlir əldə eləmək üçün əsas istiqamət oyunçu satışıdır. Bu gün sizə Portuqaliyanın böyük klublarından olan “Portu”nun iş sistemini təqdim edirik.

 

“Portu” Avropanın üzdə olan klubları sırasına aid edilsə də, “böyük beşlik” ölkə təmsilçiləri kimi rahat gəlir əldə etmək imkanlarına malik deyil. Ona görə də, klub yalnız Portuqaliyada deyil, bütün dünyada istedad axtarışına çıxıb. Klubun seleksiya xidməti mükəmməl təşkil olunub. İlk baxışdan xidmətdə 250 skautun çalışması təəccüb doğurur. Bu qədər skauta ehtiyac varmı? Axı, elə mövsüm olur ki, “Portu” yaxşı transfer gerçəkləşdirə bilmir. 250 skautun saxlanması isə böyük vəsait tələb eləyir. Buna baxmayaraq, “Portu”nun iş sistemi ondan ibarətdir ki, vasitəçilərin köməyi ilə yox, öz əməkdaşlarının hazırladığı hesabata əsaslanaraq hansısa futbolçunu heyətinə qatsınlar.  Hətta elə olur ki, xarici ölkələrdə çıxış eləyən futbolçunu mövsümboyu “Portu”nun bir neçə skautu eyni zamanda izləyir və onların hər birindən ayrı-ayrılıqda hesabat tələb olunur. Həmin skautların təqdim etdiyi rəy əsasında yekun qərar verilir.

 

Futbol agenti Tural Əsgərov analoji skaut sistemini bizim klubların da yarada biləcəyini deyir. Amma indiki halda bu məsələyə real baxmır:

 

“Elə olur ki, gənc, perspektivli futbolçulara baxmaq üçün U-19, U-21 komandalarının klublar və ya yığmalar arasında müxtəlif turnirlərinə dəvət gəlir. Əgər səhv eləmirəmsə, “Neftçi” Ayltonu belə turnirlərin birində “Fluminense”nin gənclərdən ibarət komandasında izləyib transfer eləmişdi. O vaxt “Xəzər Lənkəran”ın menecerləri 10 günlük Maliyə getdilər və Tounkara kimi futbolçu ilə qayıtdılar. İndi təsəvvür eləyin ki, hansısa klubun skautları misal üçün, ilboyu Braziliyada “Fluminense”nin, “Kruzeyro”nun gənclər komandasını izləyir. Təbii ki, daha yaxşı oyunçular tapacaqlar. Amma bu, həm də əlavə xərclər tələb eləyir. İndiki halda isə Azərbaycan futbolunda maliyyə sıxıntısı var. Klubların nəinki büdcəni artırmağa imkanı yoxdur, idarəçilər mövcud büdcəni saxlamaq üçün sponsorları güclə razı sala bilirlər”.  

 

Dünyada istedad axtarışında olan “Portu” öz futbol akademiyasına da həssas yanaşır. Klubun “Dragon force” futbol məktəbləri sistemi mövcuddur. Bu sistemə 20 futbol məktəbi daxildir. Belə məktəblərdə uşaqlar 4 yaşdan 7 yaşa qədər məşğul olurlar. Bundan sonra həmin məktəblərdən ən yaxşı uşaqları seçib “Portu”nun akademiyasına götürürlər. “Dragon forse” sistemində klubun oyun üslubuna yiyələnən uşaqlar akademiyaya gələndə artıq onlardan nə tələb olunduğunu yaxşı bilirlər. Yeri gəlmişkən, “Portu”nun akademiyasında daha çox uşaqların fərdi keyfiyyətlərinin inkişaf eləməsinə önəm verirlər, nəinki hər hansı sistemə uyğunlaşdırılmasına.

 

Onu da qeyd eləyək ki, “Dragon forse” pullu xidmətdir. Bu məktəblərə müraciət eləyən hər bir uşağı qəbul edirlər. Aylıq ödəniş haqqı məktəbin yerindən, həftəlik məşqlərin sayından asılı olaraq 25 avrodan 75 avroya qədər dəyişir. Bu xidmət klubun istedadları üzə çıxarması ilə yanaşı, həm də biznes layihədir. Ölkəmizdə bir neçə il əvvəl oxşar layihəni “Qarabağ” klubu da gerçəkləşdirib. Həftənin şənbə və bazar günləri uşaqlar üçün pullu xidmət göstərilirdi. Ayda 8 məşqə görə aylıq 25 AZN ödəniş eləyən hər bir uşaq bu məktəbə qəbul olunurdu. İstedadlı uşaqları akademiyaya götürürdülər. Belə məşqlər həm seleksiya xarakteri daşıyırdı, həm də gəlir əldə etmək üçün bir vasitə idi. Lakin əksər klublarımızın heç öz yetirmələrinə məşq üçün meydança ayıra bilməməsini, həm də əhalinin sosial durumunun aşağı olmasını nəzərə alsaq, belə layihələrin bizim klublarda həyata keçirilməsinin elə də asan olmayacağını bilirik. Amma gələcəkdə bu mənada vəziyyət yaxşı tərəfə dəyişsə, “Portu”nun təcrübəsindən yararlanmaq olar.

 

Ümumiyyətlə “Portu”da demək olar ki, hər gedişi bir addım əvvəl düşünürlər. 2004-cü ildə klubun öz yetirməsi olan Rikardu Karvalyonu 30 milyon avroya “Çelsi”yə satanda, artıq onun mövqeyində çıxış etmək üçün Pepe var idi. Onu “Maritimu”dan 2 milyona almışdılar, 3 mövsümdən sonra isə “Real”a 30 milyon avroya satdılar. Həmin vaxtda Pepe ilə rəqabət aparan klubun yetirməsi Brunu Alveş onu əvəzləməyə hazır idi. Alveş “Zenit”ə gedəndə onun yerinə “Veles Sarsfild”dən Nikolas Otamendi gətirildi. Adı çəkilən oyunçuların satışından klub 94 milyon avro əldə etdi.

 

 

“Portu” son 12 ildə oyunçu satışına görə 820 milyon avro alıb. Hər şey Mourinyo ilə Çempionlar Liqasını qazandıqdan sonra başlayıb. Əvvəlcə Deku ilə Rikardu Karvalyo getdi. Sonra Manişe, Koştinyo və daha bir neçə oyunçu “Dinamo” (Moskva) klubuna getdilər. Anderson 30 milyona “Mançester Yunayted”ə,  Kuarejma isə 25 milyona “İnter”ə yollandı.   

 

Halk

 

2008-ci ildə onu “Tokio Verdi” klubundan almışdılar. Transferin qiyməti 20 milyon avro dəyərləndirilsə də, “Portu” yalnız 6 milyon avro ödəmişdi.  O, “Portu”da 4 mövsümdə 169 matçda meydana çıxır, 78 qol vurur və 60 məhsuldar ötürmə verir. Daha sonra 40 milyon avroya “Zenit”ə satılır.

 

 

Falkao

 

2009-cu ildə “River Pleyt”dən 5,5 milyon avroya alınıb. 2 mövsümə 87 oyuna çıxır, 72 qol vurur, 17 məhsuldar ötürmə verir. Daha sonra 40 milyon avroya “Atletiko”ya satılır.

 

 

Xames Rodriges

 

2010-cu ildə “Banfild”dən 7 milyon avroya alınıb. 3 mövsümə 106 oyun keçirir, 31 qol vurur və 36 qol ötürməsi eləyir. Daha sonra 45 milyona “Monako”ya gedir.

 

 

Cekson Martines

 

2012-ci ildə “Haquares”dən 9 milyona alınıb. 3 mövsümün nəticəsi belə olur: 134 oyun, 92 qol, 14 məhsuldar ötürmə. Daha sonra 37 milyona “Atletiko”ya göndərirlər.

 

 

Aleks Sandro, Danilo, Manqalya, Moutinyo, Luço Qonsales... bu siyahını çox uzatmaq olar. Gördüyünüz kimi “Portu” oyunçu satışından böyük gəlir əldə eləyir. Təəssüf ki, bizim klublarda bu da alınmır. Ancaq bunun subyektiv səbəbləri var. İlk növbədə deyək ki, Portuqaliya “oyunçu bazarında” özünü təsdiqləmiş “satıcıdır” və ən sanballı “müştərilər” bu klubun qapısını yaxşı tanıyır. Bizdə isə bu baxımdan da vəziyyət çox məyusedicidir. Özümüz yetişdirə bilmiriksə, bəlkə, heç olmasa legionerləri ucuz alıb, baha satmağa çalışaq. Futbol agenti Tural Əsgərov belə nümunələrin olduğunu deyir:

 

“Nelson Bonilla nümunəsi var. Bir il “Zirə”də oynadı, daha sonra Portuqaliyanın “Nasyonal” klubuna satdılar onu. Sonra Reynaldonun adını çəkə bilərəm. “Qarabağ” onun satışından müəyyən qədər pul əldə elədi. Ancaq unutmayaq ki, Reynaldo “Anderlext”dən gəlmişdi, onu müəyyən mənada tanıyırdılar bura gələnə qədər. “Qarabağ”da Çumbinyo var idi, “Olimpiakos”dan gəlmişdi. Çumbinyo zədələnməsəydi, demirəm ki, Avropanın aparıcı klublarına, amma onu yaxşı qiymətə Asiya klublarına satmaq olardı. İndiki halda bizim klubların oyunçu satışından pul əldə eləmək imkanları bu metoda bağlıdır. Gedib Rumıniyadan, Bolqarıstandan 100-150 minə oyunçu gətirib, bir az da inkişaf eləyəndən sonra baha qiymətə Avropanın bir qədər aparıcı liqalarına sataq. Bunun üzərində işləsək, nəsə əldə eləmək olar. Ancaq onu deyim ki, bizim klubların əksəriyyəti dərhal nəticə istəyir. Yəni, haradansa gənc futbolçunun gəlib 2-3 ilə püxtələşməsini gözə alan azdır. Hamıya hazır futbolçu lazımdır”.  

 

Əslində, Portuqaliya çempionatı bizim üçün də “vitrin” rolunu oynaya bilər(di). Amma nə Kamran Ağayev, nə də Emin Mahmudov “Boavişta”da möhkəmlənə bildi. Orada parlaq çıxış etsəydilər, daha böyük klublara keçmək fürsətləri yaranacaqdı. Bununla digər futbolçularımızın da yolunu xarici klublara aça bilərdilər. İşin tərsliyindən Azərbaycandan gedən Nelson Bonilla da Portuqaliyada möhkəmlənə bilmədi və salvadorlu futbolçunu Türkiyənin I liqa təmsilçisi “Gaziantep” BB klubuna icarəyə verdilər. Buna baxmayaraq, gənc oyunçumuz Budaq Nəsirov hələ “Sportinq”dədir.  Yəni, ümid hələ ölməyib!

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

 

Xəbər xətti