Tuyqun Nadirov: "Xəzər Lənkəran"ın geri dönməsi mümkünsüzdür" MÜSAHİBƏ

11:22 - 15 May 2017

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun gələcək taleyi barədə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, “Qafqazinfo”ya danışan klub rəsmisi “ağ-yaşıllar”ın hazırki durumda Premyer Liqaya qayıdışının mümkünsüz olduğunu bildirib. 

 

-    "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu yaxında Türkiyə mediasına geniş müsahibə verib. Lakin açıqlamalarda "Xəzər Lənkəran" barədə bir söz deyilmir. Fəxri prezidentin klubun durumuna və taleyinə münasibəti necədir?
-    Premyer Liqada çıxış etdiyi dövrdə olduğu kimi, "Xəzər Lənkəran" indi də Mübariz bəyin diqqət mərkəzindədir. İşlərin çoxluğuna rəğmən klubun fəxri prezidenti mütəmadi olaraq klubun aşağı yaş qruplarının fəaliyyəti və infrastrukturun durumu barədə maraqlanır, təqdim olunan hesabatlarla tanış olur. O, eyni zamanda ölkədə klub futbolunun mövcud durumu barədə çox ətraflı məlumata malikdi. Böyük ehtimalla, növbəti sualınız klubun əsas komandasının fəaliyyətinin bərpası ilə bağlı olacaq. Ona görə, sizi qabaqlayaraq qeyd edim ki, klub futbolu və çempionat bu durumda olduğu müddətdə əsas komandanın bərpası mümkünsüzdür.

 

-    Söhbət hansı durumdan gedir? Sizə maneə yaradan amillər hansılardı?
-    Əslində, bu barədə futbol ictimaiyyətində, mətbuatda və azarkeşlər arasında çoxlu müzakirələr gedib. Çempionatda cəmi səkkiz komanda mübarizə aparır. Bu klublardan yalnız "Qarabağ" və "Qəbələ" müstəqil və peşəkar klub idarəçiliyinə malikdilər. Bunun nəticəsi olaraq, məhz bu iki klub ölkə futbolunu Avropa kuboklarında layiqincə təmsil edir. Çempionatın özü də faktiki olaraq bu iki komanda arasında mübarizədən ibarətdir. Qalan klublar isə eyni mənbədən maliyyələşir. Özü də dövlət vəsaiti hesabına. Futbol klublarını sahibkarlar, biznes adamları maliyyələşdirməlidir. Dövlət vəsaiti isə təhsilə, səhiyyəyə, sosial layihələrə, bir sözlə əhaliyə ayrılmalıdır. Dövlətin hesabına bu qədər klubun yerli və əcnəbi futbolçularının əməyinin ödənilməsi və nəticədə bu klubların heç bir ciddi nəticə əldə etməməsi onu göstərir ki, bu qədər vəsaiti sadəcə görüntü üçün rəqabət təəssüratı yaratmağa xərclənir. Belə bir şəraitdə Avropada mübarizə aparmaq qabiliyyətində olan komandaları yaşada bildikləri üçün adını çəkdiyim hər iki klubun rəhbərlərinə alqış düşür. Lakin, bizim mövqeyimiz odur ki, belə bir çempionatda, bölgə futbolunun inkişafına əngəl olan bir mühitdə "Xəzər Lənkəran"ın əsas komandasının fəaliyyətinin bərpası qeyri-mümkündür.

 

-    Axı fəaliyyətini bərpa etməklə "Xəzər Lənkəran" dediyiniz bu durumu yaxşılaşdıra bilər.
-    Geridə qalan illər ərzində "Xəzər Lənkəran"ın ölkə futboluna tövhəsi çox böyük olub. Gördüyümüz hər bir işdə ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi futbolun inkişafına, eləcə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının müddəalarını rəhbər tutmuşuq. Bilirsiniz ki, futbolda hər hansı nəticə üçün zaman tələb olunur. Bununla belə, on ildən bir qədər artıq müddət ərzində klubu idarə edən Mübariz Mənsimov və Mais Mənsimovun rəhbərlikləri altında ölkə futboluna kifayət qədər tövhə vermişik. Lənkəranda tamamilə yenidən qurulmuş stadion və inşa edilmiş baza kompleksi təkcə "Xəzər Lənkəran" deyil, bütün ölkə futboluna xidmət etmək məqsədi daşıyır. Unutmayaq ki, əsas milli komandanın rəsmi oyunu da, həmçinin Qadınlar arasında U-17 Dünya Çempionatı kimi mötəbər yarışın da keçirildiyi yeganə bölgə stadionu məhz bizim arenadır. Ölkə daxilində qazanılması mümkün olan bütün titulları əldə etmişik, "Birlik Kuboku"nun nüfuzu olduğu dövrdə o kuboku ölkəmizə gətirmişik. Fəaliyyətimiz futbolun kütləviləşməsi, hal-hazırda ölkə futbolunda defisit olan azarkeş marağının artması ilə nəticələndi. Bilet satışı, fan-şop, abunə kartları – klubumuzun bu sahələrdə əldə etdiklərini yaxın gələcəkdə hər hansı yerli klubun təkrarlayacağı inandırıcı görünmür. Mən akademiya haqqında da bir neçə söz demək istərdim. Bəziləri "Xəzər Lənkəran"ın heç bir futbolçu yetişdirmədiyi iddiası ilə bizi tənqid hədəfinə çevirməyi düşünür. Amma bugün ölkə klublarının və millinin şərəfini qoruyan müxtəlif yaşlı oyunçular məhz bizim akademiyada püxtələşib və bütün yaş qruplarından keçməklə peşəkar karyeraya qədəm qoyub. İbrahim Qədirzadə, Yusif Həsənov, Xəqani Sadıqov kimi nümunələr var ki, bu uşaqların hər biri Azərbaycan futbolunun gələcək ulduzu olmağa namizədlərdir. Görünür, bəziləri bizdən 12 il ərzində FIFA-nın "Qızıl top" mükafatında namizəd yetişdirməyimizi istəyir(gülür). Bütün bunlar sizin sualınıza cavabdır. Biz ölkə futboluna çox tövhələr vermişik. Əfsuslar olsun ki, ölkənin futbol təsərrüfatında nöqsanlar mövcuddur ki, klub futbolunun inkişafına əngəl olur.

 

-    Bu nöqsanların nədən ibarət olduğunu düşünürsünüz?
-    Baş verənlər onu göstərir ki, idarəçiliyə bir qədər fərqli prizmadan yanaşılmalıdır. Futbol sahəsində bir çox taleyüklü qərarların verildiyi, lakin bu qərarların sonradan dəyişdirildiyi və ya onlara əməl olunmadığının şahidi oluruq. Bu isə futbol idarəçiliyinin effektiv olmadığı mənzərəsini yaradır. Belədə isə, əldə olunan uğurlar da buraxılan nöqsanların kölgəsində qalır. Ən yaxın keçmişdən klublara idman direktorlarının təyini qərarını xatırlamaq olar. Bu qərar çoxlu vəsait hesabına başa gəlsə də, heç bir konkret nəticə vermədi. Və yaxud klublarda idarə heyətlərinin yaradılması barədə qərar. Qərardan bir müddət sonra klublarda müşahidə şuraları yaradıldı ki, idarə heyəti və müşahidə şurası tamamilə fərqli hüquqi anlayışlardı. Həmçinin klubların yüksək büdcəyə malik olduğu dövrlərdə legioner limitinin tətbiqi qərarları da özünü doğrultmadı. Zamanında bütün bu addımlara öz reaksiyamızı bildirmişik, razı olmadığımız məqamları istər mətbuatda, istər görüşlər zamanı qabartmışıq. Bütün bunlar və hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarəedilməsi fərqli məsələlərdi.

 

-    Dedikləriniz belə düşünməyə əsas verir ki, ölkə futbolunun idarəedilməsi prinsipləri barədə konkret ideyalarınız var. Ölkə futbolunun idarəçiliyində iştirak etməyi düşünürsünüz?
-    Əlbəttə, futbol sahəsinə yaxın bir insan kimi, şəxsən məni mövcud mənzərə qane edə bilməz. Çatışmazlıqların aradan qaldırılması baxımından ölkə futboluna dəstək vernək hər bir futbol rəsmisi üçün böyük şərəf və məsuliyyətdir. Heç bir variantı istisna etmək olmaz. Əlbəttə ki, hər bir addım atılmazdan əvvəl konkret hərəkət planı olmalıdır. Futbolumuzun ümumi problemlərindən biri də elə plansızlıqdır.

 

-    “Xəzər Lənkəran”ın hazırkı fəaliyyəti barədə nə deyə bilərsiniz? Yeni mövsümdə hər hansı yeniliklər olacaqmı?
-    Geridə qalan mövsümdə üç yaş qrupu ilə ölkə birinciliklərində mübarizə apardıq. U-17 qrupumuz mövsümü turnir cədvəlinin ortasında bitirdi. Perspektivli uşaqların digər klublara keçidinə şərait yaratdığımızı nəzərə alsaq bu qrupun nəticələrini yaxşı hesab etmək olar. U-13 və U-14 qruplarımız isə adəti üzrə final mərhələsinə vəsiqə qazana bildilər. Növbəti mövsüm də ən azından bu tərkibdə yarışlarda iştirak edəcəyik. Qrupların sayı artırıla da bilər. Belə olan halda əvvəlcədən məlumat verəcəyik ki, arzu edən uşaqlar baxışlarda iştirak etsin. Bundan əlavə, stadion və mövcud infrastrukturun qorunması və təyinatı üzrə istifadə edilməsi istiqamətində daim çalışırıq. “Xəzər Lənkəran” bugün də bölgədə uşaq və yeniyetmələrin futbolla, həmçinin bütün əhalinin idmanla məşğul olmasına zəmin yaradır. Bu işləri gördüyümüzdən qürur duyuruq. “Xəzər Lənkəran” muzeyi də fəaliyyətini davam etdirir, müxtəlif rayonlardan olan məktəblilər tez-tez buranı ziyarət edir. Bir sözlə, “Xəzər Lənkəran” fəaliyyətini davam etdirir. “Palmali” kimi şirkətin klubun arxasında olması isə gələcəyə nikbin baxmağa əsas verir.

Xəbər xətti