"Parma"nın sabiq futbolçusu Premyer Liqamızda

00:04 - 18 May 2017

Albaniya millisinin və Yunanıstanın “Pas Giannina” klubunun futbolçusu Andi Lilanın Azərbaycan klubuna keçəcəyi ilə bağlı yayılan söz-söhbətlər səngimək bilmir.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda hazırkı klubu ilə müqaviləsi başa çatacaq futbolçu azad agent kimi Premyer Liqamızda çıxış edən klubların birinə keçəcək. Yerli mətbuatın iddiasına görə, 31 yaşlı yarımmüdafiəçi artıq Azərbaycan klubu ilə müqavilənin şərtlərini müəyyənləşdirib. Onun 3 illik müqaviləyə razılıq verdiyi iddia edilsə də, hansı klubumuzla müqavilə imzaladığı açıqlanmayıb.

 

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına "Lesa" klubunda başlayıb. 2011-ci ildən "Pas Giannina"nın şərəfini qoruyan futbolçu 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur "Parma" klubunda top qovub. O, Albaniya millisi ilə ötən il Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. Lina həmin turnirdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti