Çində işləyən azərbaycanlı məşqçi: "Basketbola, stolüstü tennisə maraq futboldan daha çoxdur"

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmaları davam etdiririk.

 

IV YAZI

 

Ötən yazımız da Çin futbolu barədə idi. Orada görülən işləri təhlil eləyib, necə və nəyin hesabına inkişafa nail olmağa çalışdıqlarını araşdırmışdıq. Bu yazıda Çində məşqçilik fəaliyyəti ilə məşğul olan həmyerlimizlə müsahibə hazırlamışıq. O, Çin və Azərbaycan futbolları arasında paralellər aparıb, müsbət və mənfi məqamları incələyib.

 

İlkin Hüseynov 1984-ci ildə Bakıda anadan olub. Peşəkar futbolçu olmasa da, uşaq yaşlarından futbolla məşğul olub. Ali təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər fakultəsini bitirib. Böyük futbola gəlişi 2009-cu ilə təsadüf eləyib. Əsgər Abdullayevin baş məşqçisi olduğu “Olimpik”də tərcüməçi işləyib. Bir müddət orada çalışandan sonra İlkin Hüseynov iş yerini dəyişib. O, 2010-cu ildə “Qarabağ”a gəlib.

 

“Qarabağ”a gəlişinizi necə xatırlayırsız?

 

Klubun akademiyasında yeni məşqçilərə ehtiyac var idi. Mən də müraciət elədim. U-13 komandasında İsa Fərzəliyevin köməkçisi kimi işə başladım. Demək olar ki, məşqçi kimi “Qarabağ”ın akademiyasında yetişdim. Həm də “Qarabağ”da məşqçilərin təhsilinə çox önəm verirdilər. Məni də rəhbərlik kateqoriya kurslarına göndərmişdi.  2011-ci ildə C kateqoriyasını, daha sonra B və 2015-ci ildə A kateqoriyasını aldım. Qeyd edim ki, son 3 ildə (2013-16)  “Qarabağ”ın U-15 və U-16 komandalarında baş məşqçi postunda fəaliyyət göstərmişəm. 

 

Çin variantı necə ortaya çıxdı?

 

Hollandiyalı mütəxəssis Con van Leonun böyük rolu oldu. AFFA tərəfindən klublara idman direktorları təyin ediləndə “Qarabağ”a Con van Leonu göndərmişdilər. Mənə elə gəlir ki, bu məsələdə bizim bəxtimiz digər klublardan daha çox gətirdi. Çünki Leon “Qarabağ” üçün çox böyük işlər gördü. Elə akademiyanın 18 məşqçisinin Hollandiyaya aparılmasını təmin elədi. Orada bizi PSV, “Feyenord”, “Ayaks” və digər klubların akademiyalarının işi, infrastrukturu ilə yaxından tanış elədi. Orada gördüklərimiz bizim üçün stimul yaradırdı, hamı yeni səviyyəyə qalxmaq üçün daha çox işləyirdi. Buna görə də, “Qarabağ”ın akademiyası yaxşı mütəxəssislər üzə çıxardı. O vaxtkı məşqçi heyətindən indi Ayxan Abbasov “Zirə”ni çalışdırır, Zaur Həşimov onun köməkçisidir. Azər Məmmədov “Kəpəz”də əvəzedicilərin baş məşqçisidir. Təəssüf ki, layihə başa çatandan sonra Leon Hollandiyaya qayıtmalı oldu. Bir müddət sonra ona Çindən təklif gəldi. Çində futbolun inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür və bunun üçün aparıcı futbol ölkələrindən mütəxəssislər dəvət edilir. Con van Leona dəvət holland mütəxəssislərin Çinə cəlb edilməsi ilə məşğul olan Pekin şirkətindən gəlmişdi. Həmin şirkət həm də İspaniyadan, Portuqaliyadan mütəxəssisləri müxtəlif şəhərlərdə, müxtəlif akademiyalarda işə cəlb eləyir. Mənim olduğum şəhər Hefeydi. Əhalisi 5 milyondan çoxdu, yaxın ətrafı da nəzərə alsaq, 8 milyona yaxın sakini var. Lakin avropalılar üçün daha çox Pekin və Şanxay kimi şəhərlər cəlbedici gəlir və xüsusən hollandlar arasında Hefeyə gəlmək arzusunda olanlar çox deyil. Bu şəhərə məşqçi axtarışları davam eləyəndə, Leon mənim namizədliyimi vermişdi. “Qarabağ”da mənimlə çalışdığı üçün potensialıma bələd idi. CV-mi göndərdim və daha sonra dəvət aldım oradan.

 

 

Hal-hazırda Çin futbolunda görülən işlər kənardan göründüyü kimi böyükdürmü?

 

Dövlət başçısı futbolun vurğunu olduğu üçün burada həqiqətən də böyük işlər görülür. Amma məsələ burasındadır ki, xalq üçün futbol bir nömrəli idman deyil. Misal üçün, Çində basketbola, stolüstü tennisə maraq futboldan daha çoxdur. Bəzi ərazilərdə hətta badminton da futboldan daha üstün idman növü hesab olunur. Buna baxmayaraq, futbolun inkişaf etdirilməsi, auditoriya qazanması üçün böyük sərmayələr yatırılır. Klublara sponsorluq edən şirkətlərə vergilərdə güzəştlər edilir. Buradakı şirkətlərin dövriyyəsini nəzərə alsaq, hətta 3-5 faizlik güzəştlər də kifayət qədər böyük məbləğ deməkdir. Çin futbolundakı çatışmzalıqlardan biri odur ki, 1,5 milyarda yaxın əhalisi olan ölkədə Superiqada 16 və 1-ci divizionda 16 klub var. Yəni bu boyda ölkəyə cəmi 32 peşəkar klub. Təsəvvür eləyin ki, əhalisi 10 milyon olan şəhərlər var ki, baxırsan, yüzlərlə təbii və süni örtüklü meydançalar var, amma  peşəkar klub yoxdur. Demək olar ki, hər yerdə məktəblər var, kolleclər var, akademiyalar var. Amma uşaq gəlib çatır 18 yaşına və peşəkar kluba düşə bilmədiyi üçün futbolu buraxır. Klubların az olması əhalisi böyük olan ölkə üçün problemdir. Yəqin gələcəkdə bu istiqamətdə də hansısa addımlar atılacaq. Çin futbolunda düzgün struktur yaradılsa, sistem təkmilləşsə, inkişafa nail olacaqlar. Onu da deyim ki, burada yerli məşqçilər bizimkilərlə müqayisədə geri qalırlar. Çində məşqçilər hələ də sovetlər dönəmindən qalan metodika ilə çalışırlar. İndi-indi əcnəbilərdən nəsə öyrənirlər. AFFA-nın fəaliyyətində nəyisə bəyənirlər, nəyisə yox. Ancaq faktdır ki, məşqçilərin maarifləndirilməsi məsələsində bizdə böyük işlər görülüb. Ola bilər ki, Avropa səviyyəsində deyilik, amma Asiya səviyyəsində məşqçilərimiz böyük irəliləyişə nail olub. Aslan Kərimov və Osman Rəhimovun tədris etdiyi kursların bizim inkişafımıza çox böyük xeyri dəyib.

 

 

Müqayisə aparsaq, bizim futbolda hansı işlər görülməlidi?

 

Dediyim kimi, bizdə məşqçilərin maariflənməsi prosesi daha yaxşı aparılıb. Bu gün “Sumqayıt”da Samir Abasovun, “Zirə”də Ayxan Abbasovun ortaya qoyduğu işə baxın. Deməzdim ki, taktiki savad, oyunu təhlil etmə və digər komponentlərdə Avropada bir çoxlarından geri qalırıq. Sadəcə, bir çox çempionatlarda futbolçuların ustalıq səviyyəsi bizdəkindən üstün olduğu üçün bu, məşqçi işində öz fərqini göstərir. Çinlə müqayisədə isə isfrastruktur məsələsində geri qalırıq. Azərbaycanda klublarda uşaq futbol akademiyaları yox səviyyəsindədir. Akademiya o demək deyil ki, bir meydança verlilsin, uşaq məşq eləyib evə getsin. Akademiyada həm uşağın futbolla məşğul olmasına, həm təhsilinə, həm qidasına, həm də istirahətinə şərait yaradılmalıdır. Bundan başqa bizdə də klub sayının az olması futbolun inkişafına əngəl olan amillərdəndir. Çünki elə uşaqlar var ki, U-19 komandasına qədər gəlirlər, amma əvəzedici heyətə düşə bilmirlər və klub tapa bilmədikləri üçün futbolu buraxmaq məcburiyyətində qalırlar. Aparıcı futbol ölkələrinə baxsaz, aşağı liqalarda xeyli sayda klubların olduğunu görərsiz. Peşəkar futbolu bir kənara qoyaq, U-17 çempionatımıza baxın. Mövsüm ərzində 24 oyun keçirirlər, ondan da cəmi 3-4 komanda arasında səviyyəli mübarizə gedir, qalanları çox zəifdi. Bu isə o deməkdir ki, 17 yaşlı oyunçumuz mövsümboyu cəmi bir neçə yaxşı səviyyədə matç keçirə bilir. Avropada isə hər şey fərqlidir. Öz gördüyümdən deyim, PSV-nin uşaqları bir həftə gedib İtaliya klubları ilə oynayırlar, o biri həftə Almaniya, daha sonra öz çempionatlarında oyun keçirirlər. Belədə ilboyu 50-dən çox oyuna çıxır 16-17 yaşlı uşaqlar. Bunun nəticəsidir ki, bizdə eyni yaşlı uşaqlar milliyə gedəndə qabaqlarına avropalı həmyaşıdları çıxanda çətinlik çəkirlər. Çünki il ərzində belə səviyyədə, belə təzyiq altında oynamırlar. 

 

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

Tarix: 18 May [10:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio