Kamran Quliyev: "Azərbaycanda futbolun olmasından xəbərdar olmayan şəxslər var" MÜSAHİBƏ

Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasdan sonra komitənin sədri, “Sumqayıt”ın prezidenti Kamran Quliyev jurnalistlərin suallarnı cavablandırıb:

 

- Bugünkü iclasda hansı məsələləri müzakirə etdiniz?

- Klublardan bəzi suallar aldıq. Önümüzdəki mövsümün təqvimini öyrənmək üçün bəzi suallar yaranmışdı. Bildiyiniz kimi, bu iclasa PFL-in nümayəndəsini dəvət etdik. Həmçin əməkdaş bizə belə bir məlumat verdi ki, hal-hazırda PFL-lə millimizin baş məşqçisi Robert Prosineçki arasında danışıqlar gedir. Təbii ki, danışıqlar prosesində millinin də maraqları nəzərə alınacaq və yeni mövsümün təqvimi bəlli olacaq. İlkin məlumat ondan ibarətdir ki, çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq. Amma hansı tarixdə başlayacağına PFL qərar verəcək.

 

- İlkin məlumatlara görə, çempionata avqust ayının 15-dən sonra start veriləcək...

- Hələlik müxtəlif variantlar səslənir. Ya ayın 15-dən əvvəl başlayacaq, ya da sonra. Bu, ilkin məlumatdı, amma rəsmi məlumat vermək hələlik tezdi. Çünki danışıqlar gedir.

 

- 3 ay fasilə çox deyilmi?

- Təbii ki, çoxdu. Amma biz bu məsələ ilə bağlı heç nə edə bilmərik. İslam Həmrəylik oyunları var və futbol da o yarışın bir parçasıdı. Ona görə də bu mövsüm aprel ayında başa çatmalı olub. Gələn il isə çempionat may ayında başa çatacaq.

 

- Oyunçuların yaş limiti ilə bağlı məsələ var idi. O haqda nə müzakirə apardınız?

- Bildiyiniz kimi, son 2 mövsüm Premyer Liqanın keçirilməsi qaydalarına uyğun olaraq, meydançada ən azından bir futbolçu 21 yaşlılaran ibarət milli komandamıza dəvət ala biləcək yaşda olmalı idi. Ötən 2 mövsümdə 1994-cü ildə doğulan futbolçu limitə düşürdüsə, bundan sonra 1996-cı ildə doğulmuş futbolçu limitə düşə biləcək, 1998-ci ildə doğulan futbolçu isə ehtiyat oyunçular skamiyasında yer ala biləcək.

 

- Klublar limit məsələsinə narazılıq etmədilər?

- Xeyr, klublar bilmək istəyirdilər ki, əgər bu məlumat dəqiqdirsə, transferlərini buna uyğun etsinlər.

 

- Legioner limiti ilə bağlı müzakirələr aparmadınız?

- Xeyr. Bu barədə müraciət olmadığı üçü hansısa müzakirə aparmadıq.

 

- Gündəlikdəki digər məsələlər hansılar idi?

- Vacib bir məsələ haqda fikir mübadiləsi apardıq. Futbolun mediada daha geniş işıqlandırılmasınıə istəyirik. Bildiyiniz kimi, CBC Sport telekanalı Premyer Liqanı sön mövsümdə yüksək səviyyədə yayımlayır. Biz istəyərdik ki, digər telekanallar da futbolu təbliğ etsinlər. Azərbaycan futbolunun bir neçə problemi var ki, bunlardan biri də azarkeşlərin stadionlara az gəlməsidi. Bütün bunlar klubların üzərinə düşən problemdi. Amma eyni zamanda biz də istəyərdik ki, yayıma, işıqlandırmaya cavabdeh olan tərəflər bu işdə daha aktiv olsunlar. Konkret hansı təklif almışıq, deyə bilmərik, amma növbəti iclasda bizim müzakirələrimiz olacaq. Biz istəyirik ki, yeni mövsümdə yeni təkliflər olsun. İnanın, regionlarda Azərbaycanda futbolun olmasından xəbərdar olmayan şəxslər var.

 

- Demək istəyirsiniz ki, Premyer Liqanın yayım hüququnu digər telekanallar alsın...

- Xeyr, ümumiyyətlə, dünya praktikasında belə bir şey görməmişik. Hazırkı yayım formatı bizi qane edir, amma işıqlandırma formatı yox. Digər telekanallarda verilişlər olsun, icmallar olsun. Əlbəttə, materialın sahibi CBC Sport telekanaldı. Biz istəyirik ki, digər telekanallar bu materialları alsınlar. Bildiyimizə görə, CBC Sport bu təklifi edib. Amma, nədənsə digər telekanllar keyfiyyətli videogörüntü götürmür. Bunu digər telekanallarla müzakirə edəcəyik.  

 

- Amma bir məsələ var ki, regionda cəmi 2 klub mövcuddu...

- Əvvala, “Sumqayıt” da region sayılır. İkincisi də, futbol yalnız Premyer Liqada oynayan komandalar üçün deyil. Birinci divizionda da komandalar var və həmin komandaların təmsil etdiyi rayonların əhalisi də ən azından Premyer Liqada nə baş verdiyini bilməlidirlər. Mən bildiyimə görə, CBC Sport telekanalının bəzi bölgələrdə yayımında problem yaranır. İcmallar, görüntülər azdı. İnsanlar məlumatı qəzetdən oxuyurlar ki, bu da kifayət etmir.    

 

- Bir az da “Sumqayıt”dan danışaq. Klubun növbəti mövsümdəki hədəfi nə olacaq?

 -Biz hər mövsüm nəticəmizi yaxşılaşdırmaq istəyirik. Düşünürəm ki, komanda bu mövsüm daha təcrübəli olacaq. Ötən il bizdə təcrübə çatmadı. Bu da bizim siyasətimiz, gənc futbolçuların yetişdirilməsi ilə bağlıdır. Bəzilər hər il eyni sözləri eşitməklə razılaşmaz. Lakin öyrəşmək lazımdı, “Sumqayıt”ın siyasəti budur. Bizim klubumuzda yetişən bir neçə futbolçu millimizdə çıxış edir. Bu il Samir Abasov və onun məşqçi heyəti də daha çox təcrübəlidirlər. İnanıram ki, növbəti mövsüm daha iddialı olacağıq.

 

- “Sumqayıt” bu mövsüm də legioner futbolçu transfer etməyəcək?

- Bəli, ən azından bu il olmayacaq.

 

- Deyilənə görə, AFFA “Sumqayıt”ın legioner futbolçu transfer etməsinə icazə vermir...

- AFFA-nın bu məsələyə heç bir aidiyyatı yoxdur. Bu, klubun sahiblərinin daha əvvəl qurduğu siyasətdir. Bu siyasət klubun sahiblərini qane edir. Onlar hesab edirlər ki, bu siyasət Azərbaycan futboluna çox xeyir verəcək. Əlbəttə, istəyərdik ki, güclü legionerimiz olsun. Amma güclü legioner çox pul tələb edir.

 

- Klubun büdcəsində hansısa dəyişiklik olmayacaq?

- Demək olar ki, yox. Büdcəmiz eyni qalmalıdı. (Futbol11.az)

Tarix: 19 May [14:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio