"Qarabağ" ilk "yüzlük"də, "Qəbələ" "Neftçi"ni keçdi

17:33 - 26 May 2017

Azərbaycan klublarının yeni mövsüm üçün UEFA reytinqindəki mövqeləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 2016/17 mövsümünün sonundakı ilə müqayisədə 2017/18 mövsümünün startında təmsilçilərimiz fərqli yerlərdə qərarlaşacaq.
 
Buna səbəb 2012/13 mövsümünün nəticələrinin silinməsidi. Son 5 ilin nəticələrinin əsas götürüldüyü reytinqin yenilənmiş durumunda 2013/14, 2014/15, 2015/16, 2016/17 və yeni – 2017/18 mövsümünün nəticələri hesablanacaq.
 
Bu isə Azərbaycan klublarından daha çox “Qarabağ”a sərf edir. 2012/13 mövsümündə avrokuboklardan kənarda qalan və bu üzdən yalnız ölkə reytinqindən gələn faizlə kifayətlənən Ağdam klubu cəmi 0,600 xal əldə etmişdi.
 
Həmin – təmsilçimiz üçün cüzi sayılan əmsalın silinməsi isə son 4 ilin çempionu üçün sərfəlidi. Nəticədə 4 mövsümlük əmsalı 17,450-yə bərabər olan “Qarabağ” ilk “100-lük”də yer alacaq. Avropanın 91-cisi olacaq təmsilçimiz “Sassuolo”, “Sürix”, “Astana”, “Uiqan”dan öndə qərarlaşacaq.
 
15 pilləlik sıçrayış edən ağdamlılardan fərqli, digər komandalarımız heç də sevinən tərəf sayılmayacaq. “Neftçi” 163-cü yeri 175-ə dəyişəcək. Buna səbəb 3,600 xalın silinməsidi.
 
İndi 185-ci olan “Qəbələ” yeni mövsümü 161-ci sırada başlayacaq. Əyalət klubu çıxış etmədiyi 2012/13 mövsümündəki 0,600 xalın silinməsinə yalnız sevinə bilər. “Qırmızı-qaralar”ın hesabında 7,200 xal olacaq. Bununla, “Qəbələ” 6,200 xala malik “Neftçi”ni arxada qoyacaq.
 
“İnter”in 1,100 xal itirməsi 229-cu pillədən 211-ə qədər irəliləməsi qədər faydalıdı. Paytaxt təmsilçisinin xalı 4,950-ə çatacaq. Yeni siyahıda “Kəpəz”lə “Xəzər Lənkəran” 265-ci yerə şərik olacaq. Sonuncular 277, qərblilər isə 299-cu mövqeyi daha yaxşıya dəyişəcək. Hər iki komandanın hesabında 3,450 xal olacaq.
 
Son 4 mövsümdə avrokuboklarda çıxış etməyən “Bakı” isə UEFA-nın siyahısından kənarda qalacaq. Əvəzində debütant “Zirə” bura daxil olacaq. Bakılılar 2,950 xalla 289-cu pillədən qitə sərgüzəştlərinə start verəcək. Hərçənd 5 mövsüm üçün bu rəqəm 3,550-yə bərabər idi. (Apasport.az)

Xəbər xətti