Zaur Svanadze: "İlk mərhələni keçə bilsək, sonrakı işimiz asan olacaq" MÜSAHİBƏ

19:36 - 27 May 2017

Avropa Liqasının hazırlıqlarına start verən Bakının “İnter” klubu dünəndən məşqlərə start verib.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Zaur Svanadze idmanxeber.com saytına müsahibəsində komandanın Avropa Liqasına hazırlıqdan və komandanın ümumi durumundan danışıb:


- Artıq məşqlərə start verilib. Komandadakı ümumi atmosfer necədir?
- Komandada ümumi durum, ab-hava normaldır. Artıq dünəndən məşqlərə start vermişik. Hər şey qaydasındadır, lakin itkilərimiz var. Bildiyiniz kimi Abbas Hüseynov və Səlahət Ağayev komandadan ayrılır. Ola bilsin ki, Səlahət Ağayev komandada qalsın və Avropa Liqasında bizə kömək etsin. 3-cü itkimiz isə Zurab Xizanaşvili ilə bağlıdır. Biz ondan cavab gözləyirdik. O isə dünən bizə zəng edib bildirdi ki, mən artıq futbolçu karyeramı bitirirəm. Buna görə də həm Avropa Liqası, həm də növbəti mövsüm bizim üçün çətin olacaq. Nə etmək olar, əlimizdən gələni edəcəyik ki, bu çətinliklərin öhtəsindən gələk, yaxşı nəticələr əldə edək.

 

- Komandanın hazırlıq planları necədir?
- Planımız artıq dəqiqləşib. 6 iyunadək Bakıda hazırlaşacağıq. Ayın 6-dan 19-na qədər isə Türkiyənin Bolu şəhərində hazırlaşacağıq. Orada 3-4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Ayın 19-da Azərbaycana qayıdacağıq və təsnifat mərhələsinin ilk oyununadək Bakıda hazırlıq keçəcəyik.

 

- Zaur müəllim, komandada bir neçə futbolçu var idi ki başqa klublarla adı hallanırdı. Məsələn, Nizami Hacıyevin “Neftçi” ilə razılığa gəldiyi deyilirdi. Lakin onlar hansısa yolla  komandada saxlandı. Bu, futbolçularda ruh düşkünlüyü yaratmadı ki? Yəni, fikirləşmədilər ki, başqa klubda daha çox qazanardıq, amma “İnter”də qalıb az qazanırıq...
- Bilmirəm, bu barədə fikirləşməmişəm. Mən artıq iki ildi buradayam. Bura gəldikdən sonra komanda dəfələrlə problemlərlə üzləşib. Bütün bu problemlərə baxmayaraq, bir çox futbolçumuz komandanı çətin durumda qoyub getmədi. Bununla belə, düşünürəm ki, indiki durumda da futbolçulara siz dediyiniz məqamlar təsir etməz.

 

- Komandaya əvəzedici heyətdən bir neçə gənc oyunçu dəvət olunub. Necə düşünürsüz, həmin futbolçular Avropa Liqasına hazırdırmı?
- Biz həmin futbolçuları yenicə əsas komandaya dəvət etmişik. Bu səbəbdən hələ əsas heyətə tam öyrəşə bilməyiblər. Düşünürəm ki, onlar yavaş-yavaş əsas komandanın məşq stilinə, oyun tərzinə öyrəşəcəklər. Toplanışda yoxlama oyunları zamanı da onlara şans verəcəyik.

 

- Dediniz ki, Səlahət Ağayev Avropa Liqasında komandaya kömək edə biləcək. Lakin o, “Neftçi” ilə razılığa gəlib və müqavilə yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir. Bu məsələyə də aydınlıq gətirərdiniz...
- Düzdü, o, “Neftçi” ilə razılığa gəlib. Amma klub rəhbərləri arasında da danışıqlar olub və onun Avropa Liqasında komandaya kömək edəcəyi ilə bağlı razılıq əldə olunub.

 

- Ümumiyyətlə, Avropa Liqasının püşkatmasından nə gözləyirsiniz, hansı ölkə klubları ilə qarşılaşmaq istəyirsiniz?
- Nə gözləmək olar? Hər şey Allahdan aslıdır (gülür). Təbii ki, istəyirik normal rəqib düşsün. Bu, bizdən aslı deyil. Bizə gözləmək qalır.


- Bəs öz hədəfiniz nədir? Neçə mərhələ keçmək istəyirsiniz?
- İlk mərhələni uğurla keçməliyik. Bu, komanda üçün çox vacibdir. Əgər ilk mərhələni keçə bilsək, sonrakı işimiz asan olacaq.


- Premyer Liqa barədə nə fikirləşirsiniz? Çempionatda 10 komandanın  olacağı gözlənilirdi, amma bu say yenə 8 oldu...
- Bu barədə fikir bildirmək mənə düşməz. Amma düşünürəm ki, Azərbaycan çempionatı üçün 10 komanda olması ən ideal variantdır. Nə etmək olar... 8 komandanın olması bizim üçün çox çətinlik yaradacaq. Bizi qarşıdan çox çətin çempionat gözləyir. Ötən çempionatda da 8 komanda idi. Heçkim də deyə bilmirdi ki, kim qalib olacaq.

Xəbər xətti