"Sumqayıt" strategiyanı dəyişir: "Klubun imicini qaldırmaq lazımdır"

14:11 - 4 İyun 2017

“Sumqayıt” klubu yarandığı gündən bəri əcnəbi futbolçu transfer eləməyib, daha çox gənc yerli oyunçuların inkişafına çalışıb. Bunun həm də biznes tərəfi olub. Misal üçün, “Anji”nin əvəzedici heyətindən gətirilən Bədavi Hüseynovun “Qarabağ”a, Orxan Əliyev və Uğur Pamuk kimi futbolçuların “Xəzər Lənkəran”a transferi “Sumqayıt”a o dönəmlərdə yaxşı gəlir gətirmişdi.

 

Lakin son illər daha “Sumqayıt”dan belə nümunələr görmürük. Digər tərəfdən gənclərin ümidinə qalan komanda nəticələrlə də azarkeşlərinin üzünü güldürmür. Düzdü, bu mövsüm əvvəlkilərlə müqayisədə daha ümidverici oldu sumqayıtlı fanatlar üçün. Samir Abasovun komandası son turlara qədər avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirdi. Bəlkə də heyətin kasad və daha çox gənclərdən təşkil olunması son turlarda yersiz xal itkilərinə gətirib çıxardı və “Sumqayıt” tarixi imkanı əldən verdi.

 

Bu mövsüm üçün transfer çalışmalarına başlayan “Sumqayıt” daha çox təcrübəli futbolçuları heyətə qatmaqla diqqətləri üzərinə çəkib. Bu o deməkdir ki, klub strategiyasını dəyişir? Sportal.az saytına açıqlama verən “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov məsələyə aydınlıq gətirdi:

 

“Əvvəllər futbolçu yetişdirib imkanlı klublara satırdıq. Amma indi Premyer Liqada vəziyyət fərqlidir. Cəmi 8 klub var, onlardan çoxu da əvvəlki imkanlarına sahib deyillər. Ona görə də, indiki halda strategiyanı dəyişməyi lazım bildik. Bundan sonra yaxşı nəticələr qazanıb, klubun imicini qaldırmaq lazımdır. Ona görə də təcrübəli futbolçulara üstünlük verdik”.

 

Qeyd edək ki, “Sumqayıt” Cavid İmamverdiyev, Tural Axundov, Rəşad Eyyubov və Vüqar Bəybalayev kimi təcrübəli futbolçuları transfer eləyib.     

 

Xəbər xətti