"Neftçi"dəki təyinat barədə QEYD

15:20 - 4 İyun 2017

Futbol ictimaiyyəti arasında son günlərin ən çox müzakirə olunan mövzularından biri də Rüstəm Əfsərlinin “Neftçi”yə keçididir. Onun bu addımını alqışlayanlar da var, yanlış seçim etdiyini deyənlər də. Əfsərli kimi savadlı, işgüzar kadr “Neftçi” üçün tapıntıdır. Bəs “Neftçi” onun üçün nə olacaq?

 

Rüstəm Əfsərlinin səhv seçim etdiyini iddia edənlərin sözünü qəribçiliyə salmaq doğru deyil. Çünki son illərin “Neftçi”si həqiqətən xarabalıqlara bənzəyir. Bərbad idarəçilik nəticəsində “Neftçi” flaqmandan autsayderə çevrilib. Müşahidə Şurası və idarəçilər buna qəbullanmış ola bilərlər, amma ölkənin ən köklü klubunun azarkeşləri buna qəbullana bilmirlər. Ona görə də, hər tərəfdən tənqid yağır, ittiham dolu baxışlardan yayına bilmirlər klub rəsmiləri.

 

Ən acınacaqlısı isə odur ki, belə durumlarda rəhbərlikdən özünü “güllə qabağına” vermək istəyən olmur, hamı “dağlara” çəkilir və kütlənin qarşısında qalır bir baş məşqçi, bir də mətbuat katibi. Baş məşqçi Elxan Abdullayevlə bağlı vəziyyət isə ümumiyyətlə ayrı mövzudur. Adətən mətbuat konfranslarında “qaş düzəldən yerdə vurub göz çıxaran” mütəxəssisin yanında əyləşmək mətbuat katibinin özü üçün də ağır bir imtahandı media nümayəndələri qarşısında.

 

Yəni, belə bir yerə gəlib Rüstəm Əfsərli. Düzdü, Əfsərli klub işini yaxşı bilən adamdı. “Simurq” və AZAL-da məktəb görüb bu sahədə. Amma “Neftçi” nə “Simurq”du, nə də AZAL. Bu klub üzərində həmişə təzyiq var. Təbii ki, Əfsərli öz intellektual bacarıqları hesabına nələrisə dəyişəcək klubda. Onun potensialına bələd olanlar buna zərrə qədər şübhə etmirlər. Amma Əfsərli nə meydana çıxıb Daniel Seqovianın yerinə qol vurandı, nə də Elxan Abdullayevin yerinə komandanı oyuna çıxaran. Nəticə olmasa isə Əfsərlinin gördüyü işlərin effektivliyi aşağı düşəcək.

 

Rüstəm Əfsərli CBC Sport-da şərhçilər qrupunun rəhbəri idi. Telekanalda kifayət qədər nüfuza malik idi, işindən çox razı idilər. Eyni zamanda ölkənin ən sevilən şərhçilərindən biridir. Televiziyada keçirdiyi hər gün ona reytinq qazandırırdı. “Neftçi” isə reytinq gətirmək əvəzinə, yığdığı reytinqi xərclətdirə bilər ona...

 

Bütün bu reallıqların fonunda verilən qərar yəqin ki, bir günün, bir anın qərarı deyil. Əgər kənardan bütün bunlar barədə danışırlarsa, Əfsərli özü bütün bunları ciddi-ciddi təhlil eləyib və belə bir taleyüklü qərara gəlib. Yəqin ki, “Neftçi” rəhbərliyi də bunun məsuliyyətini dərk eləyir. Rüstəm Əfsərli kimi savadlı, işini bilən kadrlar o qədər çox deyil ki, bərbad idarəçilərə görə belələri bada getsin!

 

Sportal.az 

Xəbər xətti