Samir Əliyev: "Səbail"də legionerlər də olacaq"

17:23 - 5 İyun 2017

Premyer Liqada debüt etməyə hazırlaşan “Səbail” transfer çalışmalarını davam etdirir. Sportal.az saytına açıqlama verən komandanın baş məşqçisi Samir Əliyev fəaliyyətləri barədə bunları bildirib:

 

“Təbii ki, büdcəyə uyğun hərəkət eləyirik. Tədricən, pillə-pillə yaxşı komanda qurmağa çalışacağıq. Əsasən yerli futbolçulara üstünlük verəcəyik, amma “Səbail”də legionerlər də olacaq. İstədiyimiz bəzi futbolçular var ki, onlara başqa klublardan daha sərfəli təkliflər var. Hətta yaxşı münasibətdə olan futbolçulara da, başqa klublardan olan sərfəli təklifi qoyub, “Səbail”ə gəlməsini təklif etmirik. Çünki futbolçu karyerası qısadı, onlar da gələcəklərini qurmalıdırlar. İstədiyimiz heyəti qura bilməsək də, çalışacağıq elə komanda formalaşdıraq ki, qarşısındakı rəqibdən asılı olmayaraq, çıxıb mübarizə aparsınlar”.

 

Samir Əliyev “Neftçi”də yaxşı nəticə ortaya qoymasa da, onun komandasının sərgilədiyi futbol mütəxəssislər tərəfindən yaxşı qiymətləndirirdi. Əliyev “Səbail”də də yaradıcı oyuna üstünlük verəcəyini dedi:

 

“Hər məşqçinin futbola öz baxışı var. Heyət necə olursa-olsun, burda da eyni futbolu aşılamağa çalışacağam komandaya. Tələblərə cavab verənlər heyətdə qalacaqlar, komandaya uyğunlaşa bilməyənlərlə yollar ayrılacaq. Tez-tez futbolçu dəyişməyi xoşlamıram, amma rəqabət mühitində bu, qaçılmazdır”.   

 

 

Xəbər xətti