Gəncə futbolundan reportaj II HİSSƏ

17:44 - 5 İyun 2017

“Bölgə futbolu: imkanlar, resurslar və reallıqlar” layihəsi çərçivəsində Gəncədən hazırladığımız reportajın ilk hissəsində bu şəhərin futbol tarixi haqqında geniş məlumat verdik. Reportajın II hissəsində isə Gəncədəki futbol qurğularından, şəhərin stadionundan, meydançalarından yazacağıq. Uşaq futbolunda geniş imkanlara malik olan bu futbol bölgəsi hazırda meydançalar baxımından əziyyət çəkir. Şəhərin bir çox uşaq və “Kəpəz”in əsas komandasından başqa digər komandaları ev oyunlarını Yevlaxın mərkəzi stadionunda keçirirlər. Stadionun əsas meydançasından başqa digər meydançalar yaxşı vəziyyətdə deyillər. Hətta məşq keçmək üçün belə komandalar meydança tapmaqda çox çətinlik çəkir. Bu acınacaqlı durum təbii ki, Gəncə futbolunun inkişafına mənfi təsir edir.

 

Şəhərin əsas futbol qurğusu Gəncə şəhər stadionudur. Ərazisi 12 hektara yaxındır. Arena 1962-ci inşa edilib, 1963-cü ildə rəsmi açılışı olub. Stadion “Dinamo” cəmiyyətinin balansında olub və ilk adı da Dinamo Kirovabad Stadionu olaraq tarixə düşüb. Sonrakı illərdə isə adı dəyişdirilərək Gəncə şəhər stadionu qoyulub. Stadion inşa olunarkən azarkeş tutumu 20 min nəfər nəzərdə tutulub. Meydança isə torpaq olub. 1967-ci ildə isə “Dinamo Kiyev”lə “Dinamo Kirovabad” oynayacağı üçün stadionda yenidən təmir işləri aparılıb. Nəticədə tribunanın ikinci mərtəbəsi artırılaraq azarkeş tutumu 25 min nəfərə çatdırılıb və meydançaya qazon döşənib. Həmin vaxt stadionun ot örtüyü Hacıkənddən gətirilib. O dövrdən indiyə kimi stadionda əsaslı təmir işi aparılmayıb. Hazırda arenanın əsaslı təmirə böyük ehtiyacı var. Soyunub-geyinmə otaqları, duş kabinələri, hakimlərin məşvərət otağı və digər otaqlar yaxşı vəziyyətdə deyil. Stadionun bir əsas, iki köməkçi meydançası var. Köməkçi meydançanın biri standarta uyğundu, digərinin isə ölçüləri bir az kiçikdi. Lakin şəraiti yaxşı olsa, uşaq futbolu üçün yararlı hesab olunar. Hər iki köməkçi meydança bərbad durumdadı. Əsas meydançada isə uzun illərdən sonra nəhayət, təmir işləri başlayıb. "Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın qazonu AFFA-nın maliyyə dəstəyi ilə dəyişdiriləcək.

 

Vaxtilə ölkənin ikinci ən böyük stadionu olmuş idman qurğusunun ot örtüyü salındığı dövrdən - 1960-ci illərdən bəri olduğu kimi qalıb. Müəyyən illərdə meydançanın durumu ilə bağlı yalnız yüngül işlər görülüb, heç bir əsaslı təmir aparılmayıb. Odur ki, zaman keçdikcə meydança əvvəlki vəziyyətini qoruya bilməyib, son illərdə görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq qazonun durumu idealdan uzaq olub.

 

Gəncə şəhər stadionunda görülən işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılır. Bir müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən şirkət Bakı Olimpiya Stadionunda, "Bakcell Arena"da, "Dalğa Arena"da, paytaxtdan kənarda isə Qəbələ və Lənkəranda eyni işləri həyata keçirib. Bu sahədə kifayət qədər tanınan və təcrübəli şirkət olan SİS tərəfindən Gəncənin baş arenasında da qazon ən yüksək tələblər səviyyəsində yenilənəcək. Qarşıdakı 4 ay müddətində əraziyə ən müasir standartlara cavab verən yeni ot örtüyü salınacaq. 
SİS şirkətinin apardığı inşaat işlərinin müddəti bir aya nəzərdə tutulub. Bir aydan sonra əkin aparılacaq. Əraziyə Avropadan gətirilən və təlabata uyğun xüsusi toxumlar səpiləcək. Şirkətin yenidənqurma apardığı bütün meydançalarda bu toxumlardan istifadə edilir. Toxumlar da bir ay müddətində yetişir. İşlərə bu sahənin mütəxəssisləri baxacaq. Burada “Kəpəz” futbol klubu üçün Avropanın standartlarına görə meydança salınacaq. 

 

Yarıməsrlik tarixi özündə əks etdirən meydançadan xatirə saxlamaq üçün ot örtüyünün kiçik bir hissəsi kəsilərək götürülüb. Bu qazon gələcəkdə yaradılacaq klub muzeyində qorunacaq.
Qeyd edək ki, stadionun meydançalarında işıqlandırma sistemi mövcud deyil.

 

Meydançada aparılan yenidənqurma işləri və stadionun hazırkı durumu ilə bağlı Gəncə Şəhər Stadionunun direktoru Cabir İbrahimovdan açıqlama aldıq. O, inşa işlərinin hələlik əsas meydançada aparıldığını bildirdi: “Əsas meydançamızın ölçüləri standarta tam uyğundu - 105 -68m. Köməkçi meydançanın birinin də ölçüsü standarta uyğundu, digəri isə yox. Bir müddət əvvəl bu meydançalarda traktorla bir az işlər görüldü. İndi də sulayırıq ki, ot örtüyü bir az normallaşsın, məşqlər üçün yararlı vəziyyətdə olsun. Digər köməkçi meydançanı isə əsaslı təmir zamanı standarta uyğunlaşdırmaq istəyirik. Əlavə yerimiz var, genişləndirə bilərik.
Hazırda əsas meydançanın ot örtüyü dəyişdirilir. Buna görə də yeni örtük üçün su hövzələri hamısı yenilənir. Meydança əsaslı təmir edilir. Bu da müəyyən vaxt tələb edir. Planda stadionun digər ərazilərində də müəyyən təmir işləri nəzərdə tutulub. Əsaslı təmir olunacağı təqdirdə işıqlandırma sistemi quraşdırılmalı, soyunub-geyinmə otaqları, dopinq otağı və başqa otaqlar təmir olunmalıdı. Ümumiyyətlə, stadion Sovetlər dönəmindən qaldığı üçün təmir olunmayıb, arena müasir standartlara uyğun vəziyyətə gətirilməlidi. Amma bunun nə zaman olunacağını, dəqiq tarixi bilmirəm. Əsas məqsədimiz uşaq futbolunun və məşqlərin bizim stadionda keçirilməsinə nail olmaqdı”.

 

Gəncə şəhər stadionundan başqa şəhərdə kiçik stadion da fəaliyyət göstərir. Həmin stadion “Təhsil” İdman Mərkəzinin nəzdindədi. Vaxtilə yararsız halda olan stadionun meydançaları yenilənib.

 

(əvvəlki vəziyyəti)

Üç meydançadan ibarət olan stadionda azarkeşlər üçün tribuna quraşdırılıb. Tribunanın azarkeş tutumu təxminən 500 nəfərə yaxındı.

 

Meydançalardan biri əsas, digərləri məşqlər üçün nəzərdə tutulub. Bu meydançaların təmiri zamanı 28 maşın Hacıkənddən torpaq gətirilib.

 

Əsas meydançanın ölçüsü 108-65m, digər köməkçi meydançanın ölçüsü 90-65m (Təmir zamanı bu meydançanın ölçüsü standarta uyğun ediləcək), üçüncü meydança isə kiçikdi, ölçüsü 80-45m. Üçüncü meydança kiçik yaşlı uşaqlar üçün istifadə edilə bilər. Meydançalar təbii ot örtüklüdü. Soyunub-geyinmə otaqları və duş kabinələri yoxdu. “Təhsil” İdman Mərkəzinin binası yaxında yerləşdiyi üçün oranın soyunub-geyinmə otaqlarından istifadə olunur. Bu meydançalarda kiçik yaş qruplarının oyunları keçirilir (15 yaşa qədər). Meydançalarda işıqlandırma sistemi mövcud deyil.

 

Gəncədə futbol üçün meydançalar probleminin aradan qaldırılması və resurlar baxımından imkanların genişləndirilməsi üçün hansı tədbirlərin görüləcəyi ilə əlaqədar Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Müşviq Cəfərovla əlaqə saxladıq. O, bu problemin aradan qaldırılması üçün müəyən işlərin görüləcəyini söylədi: “Meydança cəhətdən Gəncə şəhəri bir az əziyyət çəkir. Amma şəhərin mərkəzi stadionunda təmir işləri gedir və “Dalğa Arena”dan süni örtük gətirilib. Nəzərdə tutulub ki, yardımcı bir stadion salınsın və həmin süni örtük də yeni meydançaya döşənsin. Bacardığımız qədər işlər görürük ki, hələlik uşaq futbolu üçün şərait yaradılsın, oynamağa meydançaları olsun. Hazırda çətinlikdi, bu problemi aradan qaldırmağa çalışırıq. “Təhsil” idman Mərkəzinin nəzdində olan meydançalarda da bu yaxında təmir işləri aparıldı və uşaq futbolu üçün yararlı vəziyyətə gətirildi. Həmin meydançalar təbii ot örtüklüdü. Kiçik yaşlı uşaqlar oyunlarını bu meydançada keçirirlər. Planda yaxın zamanlarda süni örtüklü mini meydançaların da sayının artırılması nəzərdə tutulub”.

 

Şəhərin Abbas Səhhət küçəsində yerləşən mini meydança isə sökülüb, yerində mağaza tikilib. Həmin meydança vaxtilə AFFA tərəfində inşa edilib, lakin meydançanın yerləşdiyi ərazi Gəncə şəhər İcra Hakimiyyətinin nəzdində olub. Uzun müddət fəaliyyət göstərən mini meydança (ölçüləri 40-20m) sonradan sökülüb. Mağazanı digər ərazilərdə də inşa etmək mümkün idi, hazır istifadədə olan meydançanı sökmək görəsən kimin işinə yarayırdı? Göründüyü qədərilə Gəncə şəhəri meydança baxımından əziyyət çəkir, bu acınacaqlı durumunun qarşısı dərhal alınmalıdı. Əks təqdirdə tarixi ənənələrə malik olan Gəncə futbolunun inkişafına bu mənfi amilin təsiri qaçılmazdı.

 

Ardı var...

 

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//GƏNCƏ

Xəbər xətti