Arda Turan milli komandadan qovuldu

16:44 - 6 İyun 2017

“Barselona”nın futbolçusu Arda Turan Türkiyə millisinin heyətindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu intizamsız hərəkətlərinə görə millidən qovulub. Belə ki, Makedoniya ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra təyyarədə komanda ilə birlikdə olan jurnalist Bilal Meşeyə hücum çəkən 30 yaşlı futbolçu onu döyməyə cəhd edib. Jurnalistlərin və futbolçuların müdaxiləsindən sonra Meşeni çətinliklə də olsa, kapitanın əlindən almaq mümkün olub.

 

Buna baxmayaraq, hirsi soyumayan futbolçu qəzet işçisini təhqiramiz ifadələrə “qonaq edib”. Ardanın jurnalist barədə dediyi sözlər mətbuata sızıb. Məlum olub ki, futbolçu Bilal Meşenin AÇ-2016-dan əvvəl mükafat istəmələri ilə bağlı yazdığı xəbərə etirazını bildirib. O, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və baş məşqçi Fatih Terimə də söz atmaqdan çəkinməyib.

 

O, məhz ötən gün baş verən hadisələrdən sonra TFF-nin rəhbərliyinin və baş məşqçinin qərarı ilə millinin düşərgəsindən kənarlaşdırılıb.

Xəbər xətti