"Sumqayıt"dan qovulan futbolçu "Kəpəz"ə keçdi

15:50 - 9 İyun 2017

"Sumqayıt"ın heyətdən göndərdiyi Sergey Çernışevin yeni klubunun adına aydınlıq gəlib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, U-21 millimizin sabiq üzvü "Kəpəz"də çıxış edəcək. 21 yaşlı yarımmüdafiəçi Gəncə təmsilçisiylə 1 illik müqavilə bağlayıb.

 

"Sumqayıt" Çernışevi 2017-ci ilin qış transfer pəncərəsində heyətinə qatmışdı. Sergeyin komandadan qovulmasına səbəb onun intizamsızlığı olub. Zədəsini gec sağaldan və düşərgəyə qayıtmayan futbolçunu komandanın baş məşqçisi Samir Abasov heyətdə görmək istəməyib.
 
Çernışev "Sumqayıt"ın heyətində 9 oyun keçirib və 1 qol vurub.
 
Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulmuş Çernışev karyerası ərzində, "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba"nın (15 oyun, 2 qol) şərəfini qoruyub. Sergey həmçinin, U-21 millimizdə də çıxış edib.

Xəbər xətti