Robert Prosineçki: "Rəqib üçün heç də asan olmayacaq"

20:05 - 9 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Azərbaycan – Şimali İrlandiya matçından öncə millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı baş tutub.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə oyun haqda fikir bildirib:

 

Milli komanda təxminən bir aya yaxındır ki, bir yerdədir. Bakıda və Avstriyada təlim məşq toplanışında olduq. Çox şadam ki, sabahkı oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, azarkeşlərimiz çətin oyunda bizə dəstək olacaqlar. Şimali İrlandiya ilə səfərdəki oyunu unutmamışıq. Ümid edirik ki, yaxşı nəticə qazanacağıq.

 

- Hazırlıq prosesində yoxlama oyunları keçirmədiniz. Bu, sizə problem yaratmayacaq?

- Sözsüz ki, yoxlama oyunu olsaydı, yaxşı olardı. Buna baxmayaraq, yaxşı toplanış keçmişik. Futbolçuların motivasiyası yaxşı vəziyyətdədir. Bütün futbolçular oynamağa hazırdırlar. Komandama inanıram və onlardan möhtəşəm oyun gözləyirəm.

 

- Rəqibin baş məşqçisi Bakıdakı oyunun ağır keçəcəyini vurğuladı və sizdən sürpriz gözləyir. Siz ola bilərmi ki, bir yox, bir neçə sürpriz hazırlamısınız?

- Rəqibin baş məşqçisinin çətin oyun keçirəcəklərini deməsi şad haldı. Yəqin ki, onları çətin oyun gözləyir. Onları lazımi qədər təhlil etmişik. Sürprizim var, amma burda açıqlamayacam. Sabah hamı görəcək. Mənə görə əsas olan komandanın məşqlərdə keçdiklərini oyunda göstərməsidi.

 

- Bir çox aparıcı futbolçuların oyunu millidə uğurlu alınmır. Siz necə düşünürsünüz, Riçard Almeyda “Qarabağ”dakı uğurlu oyununu millidə davam etdirə biləcək?

- Mən bu barədə nəsə deyə bilmərəm. O, peşəkar futbolçudu, məşqlərdə yaxşı iştirak edir. Uzun müddətdir ki, Azərbaycandadı və futbolçuların əksəriyyətini tanıyır. Ümid edirəm ki, o, öz gücünü ortaya qoya biləcək.

 

- Bərabərlik yığmamızı qane etməyəcək. Son dəqiqələrə qədər hesabda bərabərlik olsa, iki hücumçu ilə oynamağı düşünmürsünüz?

- Buna oyunun gedişində qərar verəcəyəm. Onu bilirəm ki, əsas heyətdə meydana çıxan futbolçular yaxşı oyun göstərəcəklər. Həmçinin ehtiyat oyunçular skamiyasında oturanlar da oynamağa hazırdırlar.

 

- Renat Dadaşov milliyə dəvət alsa da, debüt edə bilməyib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?

- Renat çox istedadlı futbolçudur. Gələcəkdə bizə çox lazım olacaq. Ancaq sabahkı oyunda oynamaq onun üçün çox tezdir. Yenə deyirəm, o, gələcəkdə bizə çox lazım olacaq.

 

- Şimali İrlandiya Renat Dadaşov və Riçard Almeydadan qorxmalıdımı?

- Onlardan biri sabah əsas heyətdə yer alacaq. Almeyda ilk dəqiqələrdən çıxış edəcək. Ondan qorxmaq önəmli deyil. Onu deyə bilərəm ki, rəqib üçün heç də asan olmayacaq. Ümid edirik ki, azarkeşlərimiz Belfastda Şimali İrlandiya fanatlarının performansını təkrarlayacaq. Rəqibin azarkeşlərinin dünyanın ən yaxşılarından biri olduğunu bilirik.

Xəbər xətti