Məşqçilərin “çempionatı” ARAŞDIRMA

10:31 - 12 İyun 2017

AZƏRBAYCANDA ƏN TİTULLU MƏŞQÇİ KİMDİR?

 

Azərbaycan futbolunun statistikasında rast gəlinən statistik boşluqlardan dəfələrlə bəhs etmişik. Bu boşluqlar statistikanın bütün sahələrində var. Əsasən də 2002-ci ilə kimi keçirilmiş çempionatlarda belə boşluqlara, dəqiq olmayan rəqəmlərə tez-tez rast gəlirik. Təəssüf ki, əksər hallarda bu problemləri həll etmək mümkün olmur. 

 

Statistik boşluqlar məşqçilərlə bağlı hesablamalarda da var. Bu haqda yazının gedişində bəhs edəcəyik. Əvvəlcə isə çempionatlar tarixində ən çox titul qazanmış və oyun keçirmiş məşqçilərdən danışaq. 

 

Ən çox çempion...

 

Müstəqillik dönəmindən hamından çox Ağasəlim Mircavadov çempionluq sevinci yaşayıb. Hazırki çempion “Qarabağ"ın 1993-cü ildəki, I Divizionda var-gəl edən “Şəmkir"in 1999/2000 və 2000/01-ci illər mövsümlərindəki çempionluqlarının əsas memarı 69 yaşlı mütəxəssisdir. Bunlardan başqa o, 2004/05-ci illər mövsümündə “Neftçi", 2006/07-ci illər mövsümündə isə “Xəzər Lənkəran"a qızıl medalları qazandırıb. Maraq üçün qeyd edək ki, Ağasəlim müəllim “Qarabağ"la 1, “Xəzər Lənkəran"la isə 2 dəfə ölkə kubokuna sahib çıxıb. Bu nailiyyətlərə Birlik Kubokunu və 1994-cü ildəki superkuboku  da əlavə etsək, Ağasəlim Mircavadovun Azərbaycanın ən titullu məşqçi olduğunu görərik.

 

Qurban Qurbanov məşqçi kimi qazandığı titulların sayına görə yalnız bir vaxtlar “Neftçi"də rəhbərliyi altında oynadığı Ağasəlim müəllimdən geri qalır. “Qarabağ"ın baş məşqçisinin aktivində 4 çempionluq var. Özü də o, bu pokeri “Qarabağ"la, son 4 çempionatda edib. Kubokda isə 1 say irəlidədir. Qurban müəllim 4 dəfə “Qarabağ"ın ölkə kubokunu götürməsinə səbəbkar olub. Qurban Qurbanovun və “Qarabağ"ın hazırki vəziyyətinin nəzərə alsaq, yaxın gələcəkdə onun ölkənin ən titullu məşqçisi olmaq şansı böyükdür. Yeri gəlmişkən, 45 yaşlı mütəxəssisin futbolçu kimi 4 dəfə ölkə çempionu, 2 dəfə isə Azərbaycan Kubokunun sahibi olduğunu da vurğulayaq.

 

Siyahıda 3-cü yer 1966-cı ildə “Neftçi" ilə SSRİ çempionatının bürünc medallarını qazanmış Kazbek Tuayevə məxsusdur. O, məşçi kimi biri “Turan", üçü isə “Neftçi" olmaqla 4 dəfə ölkə çempionu olub. Həmçinin, “flaqman" 1996 və 2004-cü illərdə məhz onun rəhbərliyi altında kuboka sahib çıxıb. 

 

Əgər Qurban Qurbanov bütün titulları “Qarabağ"ın məşqçisi kimi qazanıbsa, “Kəpəz"in 3 çempionluq və 4 kuboku da Mehman Allahverdiyevin adı ilə bağlıdır. Maraq üçün qeyd edək ki, məşqçi kimi Qurban Qurbanovun hesabında 1 gümüş, 2 bürünc, Mehman Allahverdiyevdə isə 2 gümüş, 1 bürünc medal var.
3 dəfə komandasını Azərbaycan çempionu etmiş mütəxəssilərdən digəri Böyükağa Hacıyevdir. O, 1 dəfə “Bakı"nın, 2 dəfə isə “Neftçi"nin məşqçisi kimi qızıl medallara sahib çıxıb. 

 

6-cı sırada qərarlaşan Kaxabar Sxadadze ən titullu əcnəbi məşqçidir. Kaxaber Cumburoviç 2009-2014-cü illər aralığında “İnter"də işlədiyi zaman “bankirlər"i 1 dəfə çempion edib, komandasına hərəsinə 2 dəfə olmaqla isə gümüş və bürünc medalları qazandırıb. “İnter"in Kaxadan əvvəlki məşqçisi olmuş ukraynalı Valentin Xodukində bu göstərici 1 qızıl və 1 gümüşdür.

 

Daha 3 məşqçi hərəyə 1 dəfə Azərbaycan çempionu olub. Mərhum Əhməd Ələsgərov ilk çempionatımızda, Arif Əsədov isə 2010/11-ci illər mövsümündə “Neftçi"ni çempion ediblər. Makedoniyalı Qyoko Hacıyevski bu uğuru 2008/09-cu illər mövsümündə “Bakı" ilə qazanıb. Qeyd edək ki, bu “üçlük" arasında 1 bürünclə Əhməd Ələsgərov daha ön - 8-ci pillədədir. 

 

Ümumiyyətlə, Azərbaycan çempionatları tarixində 34 məşqçi komandasına əyarından asılı olmayaraq azı 1 medal qazandırıb. Onlardan 11-i əcnəbidir. Çempion olmuş məşqçilərdən savayı siyahıda aşağıdakı mütəxəssislərin adları var: Roman Qriqorçuk, Cüneyt Biçər, Rasim Kara, Mirça Rednik, Zaur Svanadze, Anatoli Demyanenko, Roman Pokora, Yuri Syomin.

 

Yerli mütəxəssislərə gəlincə, “23-lük"də komandalarını çempion etmişlərdən savayı Yunis Hüseynov, Sabir Əliyev, Qəhrəman Əliyev, Əsgər Abdullayev, Asəf Namazov, Elbrus Abbasov, Oqtay Abdullayev, Yaşar Abdulov, Nadir Qasımov, Adil Şükürov, Ruslan Abdullayev, Rəşid Özbəyov, Vaqif Sadıqov, Şahin Diniyev, Şamil Heydərov və Ramiz Kazımovun adı keçir. 

 

...və ən çox xal yığan məşqçi Ağasəlim Mircavadovdur

 

Oyun sayına görə birinci yerdə Qəhrəman Əliyev qərarlaşıb. Premyer Liqada “Viləş", “Şəmkir", “Masallı" və MOİK-in məşqçisi kimi bu mütəxəssis komandasını 15 çempionatın 381 oyununda meydana çıxarıb. İkinci yerdə 13 çempionatda baş məşqçi kimi iş başında olmuş Ağasəlim Mircavadov qərarlaşıb - 343 oyun. Ağasəlim müəllim çempionatlar tarixində “Neftçi", “Qarabağ", “Bakı fəhləsi", “Şəmkir" və “Xəzər Lənkəran"ı çalışdırıb. Qeyd edək ki, toplanılan xallara görə birincilik ona məxsusdur. Ağasəlim müəllimin çalışdırdığı komandalar ümumilikdə 702 xal toplayıblar. “Üçlüy"ü 1996/87 və 1997/98-ci illər mövsümündə çempionatda oynamış U-18-in, həmçinin, “Şəfa", “Bakı", “Neftçi", “Olimpik-Şüvəlan" və “Turan"ın baş məşqçisi Əsgər Abdullayev qapayır. Məşqçilik karyerası ərzində 2001/02-ci illər mövsümündə “Şəfa", 2004/05-ci illər mövsümündə isə “Bakı" ilə Azərbaycan Kubokuna sahib çıxan Abdullayevin adı 14 çempionatın 317 oyununda protokola düşüb. 

 

Əcnəbi məşqçilər arasında isə bu göstəriciyiyə görə lider 8 çempionatımızın iştirakçısı olmuş Kaxaber Sxadadzedi - 221 oyun, 391 xal. Roman Pokora və Georgi Çixradzenin adının qarşısında eyni rəqəm durur - 108. Lakin ukraynalı 158 xalla 2-ci yerdə qərarlaşıb. Gürcü mütəxəssis ondan 12 xal az toplayıb.

 

Kimin kuboku daha çoxdur?

 

Mehman Allahverdiyev və Qurban Qurbanovun. Hər iki məşqçinin aktivində 4 kubok var. Maraqlı ola biləcək 2 fakt. Birincisi, Mehman Allahverdiyev bu yöndə bütün uğurları “Kəpəz", Qurban Qurbanov isə “Qarabağ"la qazanıb. İkincisi isə bu məşqçilər 100 faizlik nəticə göstəriblər. Yəni, finala çıxardığı komanda heç bir halda məğlub olmayıb. Bayaq qeyd etdiyimiz kimi, Ağasəlim Mircavadovun hesabında 3 kubok var. Amma təcrübəli mütəxəssis Allahverdiyev və Qurbanovdan fərqli olaraq 2 dəfə finalda üzülüb. Yəni, 5 finala 3 kubok. Kubok yarışlarında ən bəxtsiz məşqçilər Rəşid Özbəyovla Valentin Xodukindi. Hər ikisinin komandası hərəyə 2 dəfə finala çıxsa da, kuboku götürə bilməyib. Ümumiyyətlə, 31 məşqçi finalı, onlardan cəmi 12-i kuboku “dadıb". Yeri gəlmişkən, cəmi 2 əcnəbi məşqçi Azərbaycan Kubokuna sahib çıxa bilib - Cüneyt Biçər və Mirça Rednik. 7 əcnəbi məşqçi isə sözün hər iki mənasında kubokun bir addımlığında dayanıb.

 

Hər il keçirilən kubok yarışlarından fərqli Azərbaycan Superkuboku cəmi 4 dəfə təşkil olunub. 1993-cü ildə “Qarabağ" “qızıl dubl" etdiyi üçün superkuboka oyunsuz yiyə durub. Həmin il komandanın baş məşqçisi Ağasəlim Mircavadov olub. Qalan 3 superkubok oyununda qeydə alınan nəticələr və komandanı oyun çıxaran məşqçilər (çempion ev sahibi, kubokun qalibi isə qonaq qismində göstərilib):

 

21.02.1993. “Neftçi" (Sergey Kramarenko) - “İnşaatçı" (Bakı) (Məmmədəli Məmmədov) 4:1
23.07.1995. “Turan" (Xanoğlan Abbasov) - “Neftçi" (Vaqif Sadıqov) 1:1 (pen. 7:8)
23.10.2013. “Neftçi" (Tərlan Əhmədov) - “Xəzər Lənkəran" (Con Toşak) 1:2.

 

Məşqçilərlə bağlı statistik boşluqlar nələrdən ibarətdir?

 

Bayaq çempionatda ən çox oyun keçirən məşqçilər sırasında 3-cü yerdə Əsgər Abdullayevin olduğunu qeyd etmişdik. Əsgər müəllimlə bağlı oyun sayında şübhəli məqamlar var. Məsələ burasındadır ki, Abdullayev U-18 və 1998-ci ildə bu komandanın bazası əsasında yaradılmış “Şəfa"nın 2002-ci ilə kimi, yəni, dağılana kimi məşqçisi olub. Amma Əsgər müəllimlə yanaşı həmin komandalarda Vaqif Sadıqov da çalışıb. Həmin dövrdə oyunların protokollarında gah bu, gah da digər məşqçinin adı yazılıb. Başqa sözlə, komandanı oyunlara bu iki mütəxəssidən biri çıxarıb. Təəssüf ki, hansının neçə oyunda baş məşqçi kimi iştirak etməsi barədə dəqiq məlumat yoxdur və bunu dəqiqləşdirmək artıq mümkünsüz iş kimi görünür. 

 

Məşqçilərin satistikası ilə bağlı daha bir çatışmazlıq müxtəlif komandalarda mövsümün gedişində baş verən məşqçi dəyişikliyidir. Statistiklərimiz 11 halda belə problemlə üzləşir. Misal çəkək, 1992-ci ildəki ilk çempionatın iştirakçısı olan “Azəri" birinciliyə mərhum Ruslan Abdullayevlə başlayıb. Lakin Ruslan müəllim sonradan “Turan"a keçdiyi üçün onu Füzuli Əliyev əvəzləyib. Adı birinci çəkilən mütəxxəssisin neçənci turdan sonra komandadan getdiyi bilinmir. Daha bir misal gətirək. 1993-cü ildə “Nicat"ın baş məşqçisi olmuş Vaqif Sadıqovun çempionatın ikinci dövrəsində “Neftçi"ni çalışdırdığı məlumdur. Statistiklər Vaqif müəllimin iş yerini dəyişməsini 2-ci dövrənin ilk turundan hesablayırlar. Amma Vaqif Sadıqovla söhbət zamanı o, ikinci dövrədə bir neçə turda da “Nicat"da olduğunu söyləyir. Təbii ki, o vaxtın protokolları bəsit yazıldığından, formaca tez-tez dəyişikliyə uğradığından, hətta bəzi qrafaların olmaması üzündən deyilən çatışmazlığı aradan qaldırmaq faktiki mümkün deyil. Ümid qalır bu insanların yaddaşına. Hər şeyi dəqiqliyi ilə yadda saxlasaydıq... Təəssüf! Vaqif Sadıqovdan söz düşmüşkən, onunla bağlı bir məsələyə də toxunmaq olar. Söhbət onun 1995/96-cı illər mövsümündə “Neftçi" ilə keçirdiyi oyun sayından gedir. Bəzi mənbələrdə bu rəqəm 11, bəzilərində isə 13 və ya 14 göstərilir. Əslində necədir? Növbəti yazıda məhz bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Əlbəttə, ortada dəqiqləşdirilmiş rəqəm yoxdursa, deməli bu, ya statistika deyil, ya da statistik boşluqdur. Bu boşluqları yox etmək üçün çəkilən əziyyət isə heç də həmişə bəhrə vermir. 

 

Vikipediyaya həmişə inanmayın

 

Maraq üçün bir çox məlumatları yazıda adı çəkilən şəxslərin vikipediya səhifələrində yoxlamaq qərarına gəldik. Çoxunun belə səhifəsi ümumiyyətlə yoxdur. Olanların isə əksəriyyətində səhvlər var. Məsələn, Ağasəlim Mircavadovun səhifəsində “Xəzər Lənkəran" ilə 3 dəfə kuboka sahib çıxdığı göstərilir. Əslində isə, 2008-ci ildə kubokun finalına komandanı Mirça Rednik çıxarıb. Superkubokla da bağlı yanlışlıq var. 2005 və 2008-ci illərdə “Xəzər Lənkəran"ın superkuboku muzeyinə apardığı göstərilir. Həmin illər superkubok oyunu keçirilməyibsə, görəsən, səhifəni yaradanlar bu faktları haradan götürüblər? 

 

İlqar TAĞIYEV / “Het-trik news” qəzeti

Xəbər xətti